Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet13/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

163

S A N D I Q

HÜSEYN BAĞIROVUN MEŞƏSİ

Dostum, iş yoldaşım, jurnalist Akif Məcidoğlu da Hüseyn 

müəllimi  gözəl  tanıyırdı.  Qarşılıqlı  hörmətləri  vardı.  Biz  də 

çəkilişlərə birgə gedərdik. Günlərin bir günü gəldi ki, bəs xə-

bərin  var  da...  yeni  nazirlik  yaradılıb.  Hüseyn  müəllimi  də 

qoyublar ekologiya və təbii sərvətlər naziri. Strukturu forma-

laşdırır. Zəng eləmişdi ki, bir tədbiri var  Cəngidə, ora getmək 

lazımdır. Hazırlaş.

Dalımızca nazirliyin işçisi Asif adlı bir nəfər gəldi. Köhnə 

“Niva”  maşınında.  Noyabr  ayında,  çiskinli  havada  maşına 

oturub yola düşdük. Şamaxıya tez-tez gedən biri kimi Cəngi-

nin harada yerləşdiyini bilirdim. Çöllü-biyaban idi. Üç-dörd 

dənə ev vardı. Bir də ki, məşhur Cəngi aşırımı. Vəssalam. Fi-

kirləşdim ki, görəsən orda nə çəkəcəyik? Xülasə çatdıq Cən-

giyə. Maşından düşdük. Uzaqda bir quyuqazan maşın işləyir-

di. Palçığı tapdalaya-tapdalaya yoldan 150 metr həmin qurğu-

ya doğru getdik. Bizi görcək iki nəfər sevinə-sevinə qarşımıza 

qaçdı:

- Asif müəllim, dediyimiz kimi də oldu. Su çıxdı. Özü də 



şirin su.

Məəttəl qaldım. Axı burda qəribə nə var ki? Neft çıxmayıb 

ki, su çıxıb da... Ətraf palçıqdır, su da axıb eləyəcək gölməçə. 

Sonra?  Nə  olsun  ki?  Lap  tutaq  ki,  su  çıxıb.  Bunu AzTV-nin 

“Xəbərlər”  kimi  hörmətli  proqramına  nə  dəxli?  Bu  zaman 

Asif müəllimin səsi gəldi:

- Çəkin də... hava qaralır.

- Nəyi çəkək? – deyə Akif dilləndi.

- Maşını, suyu, çöllü-biyabanı.

- Tutaq ki, çəkdik, sonra? Burdan nə yazacağıq ki?

- Onları cənab nazir özü deyəcək.

Çəkiliş apardıq. Əgər buna çəkiliş demək mümkündürsə. 

Maşın, su, çöllü-biyaban görüntüləri. Geri qayıtdıq. Nazirin 

kabinetinə girdik. Sevincək idi.



164

MAHİR QABİLOĞLU

- Sizə məlumat verim ki, o ərazidə əvvəllər məşhur Cəngi 

meşələri olub. Biz də ilk olaraq bu meşənin bərpasını qarşımı-

za məqsəd qoyduq. Amma problemimiz su idi. O əraziyə su 

çəkdirmək mümkünsüz idi. Quyu qazdırdıq, su çıxdı. Özü də 

şirin su. Problem həll oldu. Ürəklə meşə salınmasına başlaya 

bilərik.

O vaxt bu müsahibə, nazirin sevincli baxışları mənə çatmır-

dı. Amma indinin özündə Şamaxıya gedəndə, uçsuz-bucaqsız 

gənc  meşəliyi  görəndə  sevinirəm.  “Hüseyn  müəllimə,  halal 

olsun” deyirəm. Elə özümə də, Akifə də, bütün Azərbaycan 

jurnalistlərinə də. Özümüzə niyə?

HÜSEYN MÜƏLLİM, GƏLİN ÇIXIN DA....

Elə həmin ildən ağacların əkilməsinə başlandı. Mal-qara-

nın  o  ərazidən  keçməsinə  qadağa  qoyuldu.  Meşəbəyi  təyin 

edildi. Hüseyn Bağırov bir az da irəli getdi. “Perevalda” da 

ağac əkməyə başladı. Suvarılma isə belə aparılırdı. Su aşağı-

dakı quyudan sisterna maşınlara doldurulurdu, sonra maşın-

lar aşırımla yuxarı qalxır, tinglərə su verirdi. Böyük zəhmət və 

əzab-əziyyət. Bu meşənin əsası qoyulandan Ekologiya və Tə-

bii Sərvətlər Nazirliyinin aparatı öz yerində, biz jurnalistlərin 

də  “qara  günləri”  başlandı.  Taqsır  özümüzdəydi.  Dilimizin 

bəlasına düşmüşdük.

Günlərin  bir  günü  Akif  Məcidoğlu  dedi  ki,  sabah  səhər 

saat  8-də  olmalıyıq  nazirliyin  qabağında.  Gedirik  Cəngiyə. 

İməcilikdir. Tezdən gəldik. Ayrıca bir avtobus ayrılmışdı. İçi 

də  dolu  jurnalist  həmkarlarımız.  Bütün  yolu  gülə-gülə,  da-

nışa-danışa gəldik Cəngiyə. Yamaclarda ağac əkilirdi. Nazir 

müavini  Firdovsi  müəllimdən  sıravi  işçiyəcən  hamısı  bur-

daydı. Çalalar qazır, peyin tökür, ağac əkir, sonra da vedrəy-

lə su daşıyıb dibinə tökürdülər. Çəkiliş aparan zaman yaman 

gülərüz olurdular, həvəslə işləyirdilər. Amma çəkiliş qurtaran 

kimi  dodaqlarının  altında  nəsə  mızıldanırdılar.  Baballarını 

yuya bilmərəm, deyəsən “bazar günü bu nə bəladır, ay Allah, 



165

S A N D I Q

düşmüşük. Camaat kefdə, yemək-içməkdə, biz isə ağac əki-

rik” deyirdilər.

Biz də lazımi kadrlar götürüb, başladıq naziri gözləməyə. 

Bir də gördük ki, “Nissan-Maxima” maşını dayandı. İçindən 

bir nəfər düşdü. Düzü tanımadıq. Ayağında rezin sapoq, əy-

nində  göy,  qalın  gödəkcə,  əlində  bel  –  başladı  yamacı  bizə 

tərəf  qalxmağa.  Demə  Hüseyn  müəllim  imiş.  Bu  imicdə  bi-

rinci dəfə idi ki, nazir görürdüm. Jurnalistlərdən kimsə dilini 

dinc  qoymadı:

- Hüseyn müəllim, harda qalmısız e... Donduq, axı? Bircə 

sizdən müsahibə almağımız qalıb. Onu da götürək, gedək.

Cavab ani və gözlənilməz oldu.

- İndi hərəyə 10 dənə ağac əkərsiniz, yaxşıca da qızışarsı-

nız. Ağac əkməsəniz müsahibə də verməyəcəyəm.

Bu dəfə mən dilimi dinc qoymadım. Səhərdən ac-susuz ol-

mağımıza işarə olaraq, çırtmanı boğazıma vurub:

- Hüseyn müəllim, qızışmağın başqa yolları da var.

- Mahir, o asan yoldur. Biz çətin yolla gedəcəyik.

Nazir göstəriş verən kimi nazirliyin işçiləri o saat hərəmizi 

əlcək, bel və on dənə ağacla təmin etdilər. Başladıq ağac ək-

məyə. Özü də Hüseyn müəllimin ciddi nəzarəti altında. Peyi-

ni yolun qırağına tökmüşdülər, ordan vedrələrə doldurub ya-

maca qaldırırdıq, suyu da həmçinin. Nəhayət hərəyə on ağacı 

əkib qurtardıq. Hüseyn müəllim ondan sonra müsahibə verdi. 

Sonuncu sualı yenə mən verməli oldum.

-  Hüseyn  müəllim,  bu  rəsmi  hissə  idi,  “bədii  hissə”  də 

 olacaqmı?

Nazir arif adam idi. O saat bildi ki, yeyib-içməkdən dəm 

vururam. Sözümü yerə salmadı. O saat göstəriş verdi. Həm-

karlarımın  alqışını  qazandım.  Beləliklə  soyuq  havada  həm 

belə, həm də elə qızışdıq. Və indi o yolu gedəndə uşaqlarıma 

fəxrlə deyirəm:

- Bax, o ağacları görürsüz? Onları atanız əkib.

Əlbəttə ki, Hüseyn müəllim məcbur edəndən sonra.


166

MAHİR QABİLOĞLU

QURD, KOSTYUM, CƏZA

İsmayıllıda qurd peyda olmuşdu. Adı da səhv etmirəmsə 

Amerikan kəpənəyi idi. Nazirliyin bütün qüvvələri buna qar-

şı səfərbər olunmuşdu. Əraziyə gedib çıxanacan bu məsələyə 

ironik yanaşırdım – meşədə qurd olar da... Amma hər şeyi gö-

zümlə görəndən sonra bildim ki, məsələ çox ciddidir. İsmayıllı 

meşələri məhv olmaq təhlükəsiylə üzləşib. Elə bil ki, multfil-

mə baxırdın. Qurd yarpağı beş saniyə ərzində yeyib qurtarır-

dı. İşçilər də kəpənək və tırtılları əllə toplayıb, doldururdular 

torbalara, sonra da bir yerə yığıb, nöyüt töküb yandırırdılar. 

Başqa əlacı yox idi. Sonradan prezidentin sərəncamıyla əlavə 

vəsait də ayrıldı, sanaviasiya işə qoşuldu.

Bu prosesi işıqlandırmaq üçün getmişdik İsmayıllıya. Na-

zir bir az gecikirdi. Bir də gördük ki, gəldi. Maşından düşdü. 

Həmişəki  kimi  iş  formasındaydı.  Ayağında  sapoq,  əynində 

fəhlə paltarı. 

Maşından düşən kimi kostyum geyinmiş, qalstuk taxmış, 

ayaqqabları par-par parıldayan biri ona yaxınlaşıb salamlaş-

maq  istədi.  Düzü  mən  Hüseyn  müəllimi  birinci  dəfəydi  ki, 

belə əsəbləşən gördüm.

- Bu nədir? Burda səndən başqa gör bu cür geyinən var? Sən 

buraların böyüyüsən. Biz də gəlmişik sənə köməyə ki, meşələ-

ri xilas edək. Hamımız da “raboçi formada”. Sən isə kostyum 

geyinib durmusan qabağımda. Get, gözüm görməsin səni.

Həmin  adam  demə  İsmayıllı  meşə  idarəsinin  rəisiymiş. 

Allah  bilir  nazirinə  xoş  gəlmək  üçün  güzgünün  qabağında 

neçə saat bəzənib-düzənmişdi. Amma Hüseyn müəllim o na-

zirlərdən  deyildi.  Nazirliyin  yanımda  duran  bir  işçisindən 

 soruşdum:

- Yazıq. Yəqin indi töhmət verəcək ona, hə?

- Yox.Ondan da pis.

- İşdən çıxaracaq?

- Yox.


167

S A N D I Q

- Bəs nə edəcək?

- İsmayıllının səfalı meşəsindən keçirəcək Cəngi meşəsinə 

müdir.  Başına  gün  döyüb  ağlı  gəlsin  yerinə.  Hüseyn  müəl-

limin  öz  cəza  metodları  var.  İşdən  çıxmaqla  canını  qurtara 

 bilmərsən.

MAHİR, SUALIN YOXDU Kİ?

Əvvəldə  qeyd  etdiyim  kimi,  Hüseyn  Bağırov  jurnalistlə-

rin sevimlisiydi. Deyəsən elə indi də elədir. Yoxsa digər həm-

karları kimi mətbuatda onun da adına tez-tez rast gələrdik. 

Əlbəttə  ki,  adını  oxuyuram,  amma  müsbət  prizmadan.  Bu 

da məni sevindirir. Cəngidə nazirdən yemək-içmək xahişim 

jurnalistlərimizə yaman ləzzət eləmişdi. Ona görə də hər mü-

sahibədən sonunda gözlərini mənə zilləyirdilər ki, “bəs, dil-

lən!”. Axı, AzTV flaqman sayılırdı.

Günlərin bir günü qərara aldım ki, sevimli sualı verməyə-

cəyəm.  Düzü  hörmətsiz  olmağımdan  qorxurdum.  Nazir 

adamdır, bir də gördün ki, qanıqara oldu, qayıtdı pis söz dedi. 

Nəsə dillənmədim. Müsahibə qurtardı. Sonda soruşdu ki, bəs 

“başqa  sualınız  yoxdur  ki?”  Heç  kim  dinmədi.  Müsahibəni 

Akif Məcidoğlu aldığından mikrofonu da o tutmuşdu. Mən 

isə qıraqda dayanmışdım. Birdən Hüseyn müəllim mənə tərəf 

çönərək:

- Mahir, sualın yoxdur ki?

Həmkarlarım gülüşdü. Əlavə etdi ki, filan yerdə süfrə açıb-

lar. İndi burdan gedirsiniz ora. Nahar edib, sonra yollanırsınız 

işə. Bilmirəm indi də belədir ya yox? İnanıram ki, nazirimiz 

bu köhnə ənənəyə bu gün də hörmətlə yanaşır.  

 

   


SÖHBƏT PEYİNDƏ DEYİLMİŞ

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tədbir-

lərdə tez-tez bir sözü təkrar edirdi. Ekologiyamıza ziyanlı bir 

amil  kimi. Amma  mənə  nədənsə  çatmırdı. Axı,  bu  necə  ola 



168

MAHİR QABİLOĞLU

bilər ki, mal-qaranı örüşə buraxmayasan. Çünki inəklər torpa-

ğı elə tapdalayır ki, ordan uzun müddət bir dənə də ot çıxmır.

Günlərin  bir  günü  İsmayıllıya  çəkilişə  gedirdik.  Nazirlik 

hansısa təşkilatla birlikdə Azərbaycanın bir neçə bölgəsində 

təmmənnasız olaraq beş ədəd bioqaz qurğusu quraşdırmışdı. 

Məlumat üçün qısa olaraq bildirim ki, həmin bu qurğular təzə 

mal peyiniylə doldurulur, nəticədə isə məişətdə işlənilən qaz 

alınırdı. Çəkilişi elədik. Qazı da yandırdıq. Fikirləşdim ki, bəs 

bunun Ekologiya nazirliyinə nə dəxli?

Sonradan başa düşdüm ki, bu qurğu ən azı 7-8 baş qarama-

lı olan evlərdə quraşdırıla bilər. Bunun üçün heyvanlar yalnız 

tövlə şəraitində saxlanmalıdır ki, peyinin toplamaq mümkün 

olsun.  Əvəzində  isə  kəndli  havayı  qaz  və  təbii  gübrəylə  tə-

min olunur. Hətta azot gübrəsini plastik qablara toplayıb sa-

tıb mənfəət də götürə bilər. Ən başlıcası isə ekologiyamıza zi-

yan  dəymir.  Yaşıl  düzlər  səhralaşmaqdan  qurtulur,  kimyəvi 

gübrələr  qrunt  sularına  çöküb  zəhərləmir,  bir  də  atmosferə 

buraxılan zərərli qazların sayı azalır. Buna el içində bir gül-

ləylə beş dovşan vurmaq deyərlər.

SÖHBƏT MAŞINLARDA DEYİL

“Bu  qədər  maşın  olar?  Hamısının  turbasından  o  qədər 

qaz çıxır ki, hava da çirklənir, Nəfəs almaq da mümkün de-

yil”. Yəqin bu ara söhbətləri sizə də tanışdır. Yəni ki, Bakının 

ekologiyasını çirkləndirən əsasən avtomobillərdir, loru dildə 

desək  vıxlop  qazlar.  Amma  Hüseyn  müəllim  hər  tədbirdə 

Bakının ekologiyasına avtomobillərdən çıxan qazların deyil, 

Balaxanı zibilliyinin, zibillərin yandırılmasının ziyan vurdu-

ğunu deyirdi. Düzü mənə çatmırdı bu izah. Amma...

Günlərin bir günü Gömrük Komitəsi müsadirə etdiyi mal-

ları Balaxanı zibilliyində yandırmağa aparmışdı. Prosesi jur-

nalistlər də izləyirdi. Dostum Akif Məcidoğlu da kamerasıyla 

ordaydı. Bir saat yarımlıq çəkilişdən sonra yorğun-arğın geri 

qayıtdı. Təsəvvür edin də iy, üfunət, milçəklər. Kadrlarda hər 



169

S A N D I Q

şey aydın görünürdü. Amma burda qeyri-adi bir şey yox idi. 

Zibillikdə, özü də mərkəzi poliqonunda iy olar da, milçək də 

ki, öz yerində.

Nəsə materialı hazırladı verdi. Səhəri gün işə gələndə gör-

düm ki, Akifin qanı qaradır. Bir az da pərtdir.

- Akif, nə olub?

- Nə olacaq, srağagün firmenni mağazadan ayaqqabı almı-

şam. Bu gün baxıram ki, altı cırıqdır. Getdim qırğın saldım ki, 

brak ayaqqqabını mənə sırımısınız.

- Bəs niyə pərtsən? Qanın da qaradır. Dərslərini vermisən, 

ürəyini də boşaltmısan.

- Yazıqlar heç nə demədilər. Amma ordan çıxandan sonra 

yadıma düşüb ki, dünən Balaxanı zibilliyində çəkilişdəydim, 

axı. Zibillik sönülü görsənsə də, demə altdan sönməyibmiş, 

gizli-gizli yanırmış. Bir saat yarıma da ayaqqabımın altını əri-

dib deşib. Bu gömrükdən kim xeyir görüb ki, mən də görəm? 

30 “şirvanım” batdı ara yerdə.

Onda  barmağımı  dişlədim.  Demə  Hüseyn  müəllim  bunu 

deyirmiş. Üst-üstə qalaqlanmış yüz hektarlarla zibilliklərdə, 

yarımadanın düz ortasında gözlə görünməsə də gecə-gündüz 

yanma prosesi gedirmiş. Hava zərərli maddələrlə zəhərlənir-

miş. Onu da qeyd edim ki, prezidentimizin sərəncamlarıyla 

bu sahədə əsaslı dəyişikliklər aparıldı. Yeni struktur yaradıldı, 

Balaxanıda məişət tullantılarını emal edən zavodlar tikildi.

KÖMÜR


Biz  AzTV  olduğumuzdan  çox  da  köntöy  suallar  vermir-

dik. Baxmayaraq ki, ekologiyayla bağlı kifayət qədər tənqidi 

süjetlərimiz də gedirdi. Və Hüseyn müəllim bu süjetlərə çox 

diqqətlə yanaşırdı. İncimirdi, əksinə özü də istəyirdi ki, gö-

zündən qaçan problemlər üzə çıxsın, həllini tapsın.

Jurnalistlərin verdiyi əzəli suallardan biri də kömürlə bağlı 

idi. Bəli, kabab bişirəndə işlətdiyimiz kömür. Ekologiya Na-

zirliyinin  bununla  bağlı  xüsusi  reydlər  keçirdiyini  bilirdim. 



170

MAHİR QABİLOĞLU

Problem bu gün də öz aktuallığını saxlayır. Amma bu suallara 

cavab verəndə Hüseyn müəllim güclü bir arqument də gəti-

rirdi. Təkcə kömürlə bağlı yox.

- Siz də bilirsiniz ki, meşəliyi qırıb, ağacları kəsib odun kimi 

yandırmaq olmaz. Siz sual verən jurnalistlər kabab yeyirsiniz, 

lap bişirirsiniz də. Etiraz edin buna. Almayın kömürü, yemə-

yin kömürlə bişirilən kababı. Evinizi qızdırmaq istəyirsinizsə 

meşədəki ağacı niyə kəsirsiniz ki? Həyətinizdəki ağacı kəsin 

yandırın da. Yaxud nöyütdən istifadə edin. Ət, toyuq yemək 

istəyəndə meşəyə qaçırsınız? Yox. Həyətinizdə saxlayırsınız. 

Bəs onda odun lazım olanda niyə meşəyə qaçırsınız? Həyəti-

nizdə əkdiyiniz, böyütdüyünüz ağaca heyfiniz gəlir, meşədə-

ki ağaca yox? Biz də siz qeyd etdiyiniz neqativ hallara qarşı 

mübarizə aparırıq. Amma siz də bizə sualla yox, əməli işiniz-

lə, vətəndaşlıq mövqeyinizlə kömək etsəniz yaxşı olar.

Ay jurnalist həmkarlarım, gəlin etiraf edək. İsmayıllının çu-

buq kömürünün kababı ləzzətli olur da... elə deyilmi? Kömür 

samovarının çayının dəmi bilirsiniz də nədir. Bir çayniki də 5 

manat. Yaxud da odun peçinin böyründə uzanıb bir saat mür-

güləyirsən a... Yaxud da peçin üstünə çörək qoyub qızdırıb, 

arasında da motal pendiri... bunun başqa ləzzəti var. Sonra da 

deyirik ki, taqsır ekoloqlardadır.

TELEJURNALİSTLİYİMİN SON AYLARI

2006- cı ildə AzTV-də sədr dəyişikliyi oldu. Yeni sədr köh-

nələrdən  olsa  da,  yeni,  gənc  adamlarla  işləməyə  üstünlük 

verirdi.  Ona  görə  də  baş  redaktorlara  müxtəlif  “sivil,  təbii” 

üsullarla köhnələri aradan çıxartmaq əmri vermişdi. Təzələr 

isə bir az təcrübəsiz idilər. Həm də tanınmırdılar. Bunun üçün 

zaman  lazım  idi.  Çünki  mən  özüm  də  televiziyaya  gələndə 

belə idim. Onlara bacardığım köməyi edirdim də...

Çəkilişlərə elə də getmirdik. Amma günlərin bir günü baş 

redaktor  mənə  yaxınlaşdı  ki,  bəs  get  Ekologiya  Nazirliyinə. 

Prezidentin  təzə  sərəncamıyla  bağlı  nazirdən  müsahibə  al. 



171

S A N D I Q

Düzü məəttəl qaldım. Nə əcəb mənə bu tapşırığı verir? Özü 

də  bilə-bilə  ki,  ora  həmişə  Akiflə  mən  getmişəm.  Arifdən 

qorxmur? Soruşdum:

- Niyə?

- Kimə tapşırmışam, yarıtmayıblar. Zəng edirlər. Onları qə-



bul etmirlər.

Düzü yeddi-səkkiz ay idi ki, biz də ora getməmişdik. Çə-

kinə-çəkinə  mətbuat  katibi  İradə  İbrahimovaya  zəng  etdim. 

Tapşırıq aldığımı bildirdim. O da xahişimi nazirə çatdırdı. Bir 

saatdan sonra artıq nazir Hüseyn Bağırovun kabinetində mü-

sahibə alırdım.

TƏMİZLİK AYLIĞI

Nazirlik  rayon  İicra  Hakimiyyətləriylə  birlikdə  təmizlik 

aylığı  keçirirdi.  Müxtəlif  rayonlara  nazirliyin  məsul  əmək-

daşlarıyla səfər edirdik. Bir gün də yolumuz Qubaya düşdü. 

Birbaşa  getdik  icraya,  komissiyanın  həmsədrlərindən  olan 

icra başçısının müavinini aramağa. Demə biz bu qapıdan gir-

mişik, o da xəbər tutub arxa qapıdan qaçıb. Əlbəttə ki, bu is-

tiqamətdə hansı işlər görülüb, tədbirlər planı barədə məlumat 

ala bilmədik. Ona görə də qərara aldım ki, rayon mərkəzini 

tək gəzim. Niyə tək? Çünki mənimlə gedən ekoloqlar mənim-

lə  birgə  gəzməkdən,  müsahibə  verməkdən  çəkindilər.  Daha 

doğrusu qorxdular. “Mahir, bilirik, sən nəsə pis bir şey çıxar-

dıb verəcəksən efirə. Arada biz qalacağıq. Nazirimiz əslən bu 

tərəflərdəndir. Sənə heç nə deməyəcək, amma bizi...”.

Düzünü desəm, heç qaşıyıb qan çıxartmağa da ehtiyac yox 

idi.  Sizin  də  şahidiniz  olduğunuz  çay  hövzələrinə  zibil  atıl-

ması, qeyri-qanuni zibil poliqonları və sairə burada da vardı. 

Və  bundan  zinhara  gələn  Quba  camaatının  özəl  ləhcəsində 

şikayət  müsahibələri.  Birini  soruşurduq,  yüzünün  də  yerini 

özləri göstərirdilər. Əzəl mübtədaları da İcra Hakimiyyətinin 

rəhbərliyi idi.


172

MAHİR QABİLOĞLU

Nə isə, ertəsi gün efirə Qubadakı ekoloji vəziyyətlə bağlı 

bomba süjet getdi. Düzdür İcra Hakimiyyətində hamısı ayıl-

mışdı,  icra  başçısı  hamısını  fərağat  qoymuşdu. Amma  artıq 

gec idi.

Düzü  bu  süjetdən  Hüseyn  müəllimin  də  inciyəcəyini 

zənn  edirdim. Amma  tədbirlərin  birində  mənimlə  həmişəki 

mehribanlıqla  görüşdü.  Nigarançılığıma  son  qoymaq  üçün 

 soruşdum:

- Mən də qorxurdum ki, məndən incimisiniz?

- Niyə?

- Qubadan verdiyim tənqidi süjetə görə.



- Niyə inciməliyəm ki?

- Əslən ordan olduğunuza görə belə düşünmüşdüm. İşçilə-

riniz də yaman qorxurdu.

-  Boş-boş  danışırlar.  Əgər  mən  o  bölgədənəmsə,  oralar 

ikiqat təmiz və abad olmalıdır. Düz eləmisən vermisən. Nəticə 

çıxarmasalar get bir də çək. Heç kimdən də çəkinmə. Preziden-

timiz qarşımıza ekologiyayla bağlı konkret tapşırıqlar qoyub. 

Bunları da sizli-bizli əl-ələ verib birgə həyata  keçirməliyik.

“PRİYATNI” ADAMDIR

Şair Ramiq Muxtarın oğlunun toyu idi. Ailəvi getmişdik. 

Onu da xatırladım ki, Ramiq Muxtar həm də Ekologiya və Tə-

bii Sərvətlər Nazirliyinin tabeliyindəki institutlardan birinin 

direktorudur. Toya təşrif buyuranlar arasında nazir Hüseyn 

Bağırov və aparatın rəhbəri İsa müəllim də vardı. Qeyri-iradi 

“papa, nazir Hüseyn Bağırov da toya gəlib” dedim. Bir azdan 

sağlıq üçün atama söz verdilər. Yerdə olan kamera kabellərinə 

ilişib  yıxılmağından  qorxaraq,  onu  müşaiyət  etməli  oldum. 

Sağlığı dedi, rəqs elədi. Yerimizə qayıdanda nazir oturan qon-

şu stola yaxınlaşdıq. Görüşdü. Minnətdarlığını bildirdi. Sonra 

qayıtdıq yerimizə.

- Papa, nə məsələydi ki? Niyə minnətdarlıq etdin ki?- deyə 

soruşdum.



173

S A N D I Q

- Yazıçılardan birinin problemi çıxmışdı. Məndən xahiş etdi 

ki, Hüseyn müəllimə ağız açım. Mən də 4 nömrə hökumət te-

lefonuyla zəng etdim. Sözümü dedim. Düzü səsi quru gəldi. 

Problem də ciddi problem idi. Belə fikirləşirdim ki, xahişimi 

yerinə yetirməz. Amma həmin gün sevinə-sevinə yazıçı yanı-

ma gəlib dedi ki, bəs sağ ol, nazir sənin bir sözünlə işimi həll 

etdi. Düzdür “sağ ol”u mənə dedilər. Amma əsl sağ ol ona dü-

şür. Bir neçə dəfə zəng etdim, dedilər ki xaricdədir. Telefonda 

səsi quru gəlirdi, amma “priyatnı” adam imiş.

MƏN ŞƏXSƏN ÇOX ŞEY ÖYRƏNDİM

Ekologiya  deyəndə  əsasən  təbiəti,  hava  və  suyu  əsas  gö-

türürük. Hüseyn müəllimin tədbirlərinə qatılmaqla mən eko-

logiya barədə çox şey öyrəndim. “Quş qripi”, nərə balıqları-

nın  yetişdirilməsi,  ağacların,  heyvanların  qorunması  üçün 

yeni qoruq və yasaqlıqların yaradılması. Bu tədbirlərdə pre-

zidentlər Heydər Əliyev və İlham Əliyevin həmin sahəyə bö-

yük diqqətinin də şahidi oldum. Amma iki şeydə AzTV-dən 

çıxmağıma  peşmanam.  Bunlardan  biri  Hüseyn  müəllim  də 

söz verdiyi kimi, suitilərin Xəzər sahillərindəki məskəninə sə-

yahət idi ki, ora gedə bilmədik. Bir də Antarktidaya səyahət 

əlimdən çıxdı. Axı Hüseyn Bağırov həm də Hava və Ektremal 

İdman Növləri Federasiyanın prezidentidir.

SON


Ekologiya  və  Təbii  Sərvətlər  nazirliyinin  belə  bir  ənənəsi 

vardı. İməclik. Bu təkcə ağacəkmək deyildi. Bakının ətrafında 

hər hansı boş, baxımsız, zibillik ərazi seçilir və orda şənbə, ba-

zar günləri iməcliklər keçirilirdi. Biz də işıqlandırırdıq. Əlbət-

tə ki, nazir yenə öz sözünə sadiq qalırdı. Jurnalistlər beş-altı 

torba zibil yığmasaydılar müsahibə vermirdi. Qayıdaq yazı-

mın əvvəlinə.


174

MAHİR QABİLOĞLU

Xırdalan  dairəsindən  200-300  metr  Sumqayıt  yoluyla  irə-

liləyirəm.  Böyük  ərazidə  yaraşıqlı  tikililər  salınıb.  Təqribən 

8-9 il bundan qabaq Hüseyn müəllimin başçılığı ilə bu nəzər-

dən  kənar,  zibil  basmış  ərazidə  iməclik  keçirmişdik.  Nazir 

hamıdan fəal idi. Nümunə göstərirdi. Yaxınlıqda qaçqınların 

məskunlaşdığı bir yataqxana var. Yataqxananın da ətrafında 

sınıq-salxaq  dükanlar.  Birdən  bu  mağazanın  sahiblərindən 

biri sadə iş formasında işləyən Hüseyn müəllimə yaxınlaşıb 

nə desə yaxşıdır:

-  Qardaş,  dükanın  ətrafında  da  zibil  var.  Sonra  oranı  da 

 yığışdırarsan.

Hüseyn  müəllim  heç  nə  demədi.  Sadəcə  başını  bulayıb, 

 gülümsədi.

Bakı-Ələt  yoluyla  Yardımlıya  gedirəm.  Yol  boyu  on  sıra 

ağac əkirlər. Özü də ki, çox, lap çox. Görəsən bitirə biləcək-

lərmi.  İnanmıram  ki,  bu  çöllü-biyabanda  yaşıllıq  zolağı  sal-

maq  mümkün  olsun.  Amma  Cəngi  yadıma  düşür.  Hüseyn 

Bağırovun Ekologiya və təbii sərvətlər naziri kimi ilk layihəsi. 

İndiki dildə desək, uğurlu layihəsi. Ələt yolu boyu da meşə-

lik olacağına inanmağa başlayıram. Çünki Hüseyn müəllimə 

 inanıram.

 

   


 

   

1   ...   9   10   11   12   13   14   15   16   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling