Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet16/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

201

S A N D I Q

vermədilər. Amma ki, cəzamı daxilimdə bu gün də çəkirəm. 

Bakının dar küçələrindən keçdikdə hər hansı bir dalandan, 

qapıdan yola uşaq çıxacağından ehtiyatlanıram. Pişik gəlib 

durur gözümün önündə.

SÜRÜCÜ


Sürücülük sənət deyil. Amma çox məsuliyyətli bir işdir. Bu 

əhvalatı oxumusunuz. Amma təkrar etsəm yerinə düşər.

“Atam təzə “QAZ 24-10” maşını almışdı. Qarajdan çıxarıb 

silirdim. Bu dəm Bəxtiyar əmi (Bəxtiyar Vahabzadə) blokdan 

çıxdı.

- Salam, Bəxtiyar əmi.



- Salam, ay bala. Əlini (sürücüsü) görməmisən?

- Yox.


- Mən də tələsirəm. Harda qaldı bu?

- Bəxtiyar əmi, mən apara bilərəm.

-  Yox,  ay  bala,  yolda  bir  qəza-zad  törədərsən...  Sonra  gəl 

Qabilə cavab ver.

Güldüm. Evli, bir uşaq atası olan mənə bu sözü deməyin-

dən özü də... Nə isə, balkonda dayanan Dilarə xalaya “Əliyə 

deyərsən gələr universitetə. Mən tələsirəm, Mahirlə getdim” 

deyib  əyləşdi  maşına.  Çoxdan  ürəyimdə  qalan  sualı  ona 

 verdim.

-  Bəxtiyar  əmi,  həmişə  sizin  də,  atamın  da  maşını  olub. 

Amma  atam  maşını  özü  sürür,  Siz  isə  sürücü  saxlayırsınız. 

Niyə?


- Ay bala, sürücü olmaq çox məsuliyyətli işdir. Birinci özünə 

cavabdehsən, ikinci maşına, üçüncü də maşında oturanlara. 

Mən bu boyda məsuliyyəti boynuma götürə bilmərəm”.

Bəxtiyar  əmi  bunu  elə-belə  demirdi.  Özü  maşın  sürəndə 

nəsə olmuşdu ki, bu qənaətə gəlmişdi. Ona görə sürücülərin 

başqa adı da var: Potensial cani.



202

MAHİR QABİLOĞLU

BƏSTƏKAR, QONŞU SÜLEYMAN ƏLƏSGƏROV

Altı nəfərdən ibarət İmamverdiyevlər ailəsi tətilə gedirdik. 

Mən  4-cü  mərtəbədən  şey-şüyü  daşıyır,  baqaja  yerləşdirir-

dim. Atamsa  həyətdə  var-gəl  edirdi.  Nəhayət  dəmir  qapını 

da bağlayıb anam, həyat yoldaşım, iki qızım həyətə düşdük. 

Gördüm ki, atam qonşumuz, bəstəkar Süleyman Ələsgərovla 

söhbət edir. Yəqin ona demişdi ki, rayona tətilə gedirik. Sağol-

laşanda birdən Süleyman əmi atama:

- Qabil, bütün ailəni bir maşına otuzdurursan?

- Hə. Mahir təkdir, başqa uşaq yox, nəvələr balaca. Çox ol-

saydılar iki maşın tutardım.

-  Yox  e...  belə  təhlükəlidir.  Mən  həmişə  rayona  gedəndə 

ailəni  ayrı-ayrı  maşınlara  otuzdururam. Allah  eləməmiş  bir 

şey olsa kimsə sağ qalsın.

YEDDİ SANİYƏ

Atamın xalası oğlu vardı – Əsəd xalaoğlu. Yeyib-içən kişi 

idi. Köhnənin də professional şoferi idi. Amma içəndən son-

ra sükan arxasına oturanda sanki ayılırdı. Bir dəfə mənə də 

öyüd-nəsihət kimi bir söz dedi:

- Mahir, yadında saxla, heç vaxt içib maşın sürmə.

- Niyə? Atam da içir, siz də. Sonra oturursunuz rula.

-Sən  bizə  baxma.  Biz  çətin  düzələy.  Amma  bir  şeyi  başa 

düş ki, içki hər hansı situasiyada reaksiyanı 5-7 saniyə azaldır. 

Alə, bilirsən ki, 5 -7 saniyə nədir? Maşın sürəndə iki saniyə 

də bəs edər ki, kimisi görməyib basıb keçəsən. Bir də ki, qəza 

zamanı  taqsır  lap  səndə  olmasın.  İçkilisənsə  taqsırkar  səni 

 çıxardacaqlar.

Düzdür, buna riayət etmirdim. Atam öləndən sonra başla-

dım əməl eləməyə. Çünki bir qələt eləsəydim dalımca polisə 

gələn olmayacaqdı. İndi-indi başa düşmüşəm ki, istər arxan 

olsun,  istər  olmasın  adam  içkili  vəziyyətdə  sükan  arxasına 



203

S A N D I Q

oturmaz. 48 yaşım var – deyəsən gec başa düşmüşəm, amma 

axır ki, başa düşmüşəm. Cavan uşaqlar da mənim yaşıma ça-

tanda başa düşəcəklər.

QAN BAHASI

Hərə bu sözü bir cürə başa düşür. Çoxu bunu kimsə kimsə-

ni bilməyərəkdən öldürən vaxt, xüsusilə də yol-qəza hadisələ-

rində , taqsırkar tərəfin dəfn xərclərini, dəymiş ziyanı ödəmə-

sini, hətta ortaya nəğd pul qoyub bağışlanmasını diləməsini 

qan bahası kimi başa düşür. Bəzən bir nəfərin ölməsi bütün 

ailənin dirçəlməsinə, xoşbəxtliyinə, hətta qohum olmağına sə-

bəb olur. Burda zərər çəkənlə zərər vuranın ailələrinin intel-

lektual səviyyəsini qeyd etmək yerinə düşərdi. Amma atam 

danışdığı bir əhvalatla qan bahasının tamam başqa bir şey ol-

duğunu mənə anlatdı:

“Qədim  Bakıda,  qoçularının  pistoletlə  gəzdiyi,  bir  sözə 

görə insanların hamının gözü qabağında bir-birini öldürdü-

yü vaxtda yaşlı ər-arvad küçəylə gedirmişlər. Birdən avaranın 

biri bunlara yanaşır. Arvada söz atır. Kişinin əli silaha gedir. 

Amma  birdən  dayanır. Avara  da  gülə-gülə  qadına  sataşma-

ğında davam edir. Kişi səbr edərək, əlini cibinə salır. Bir beşlik 

qızıl  çıxararaq  avaraya  verir.  O  da  qızılı  alır,  ağzını  yumur, 

sevinə-sevinə onlardan aralanır. Arvadı soruşur:

-Ay kişi sən nə edirsən? Öldürmədin öldürmədin. Heç ol-

masa bir şapalaq çəkəydin, uzanaydı yerə. Sən isə çıxarıb pul 

verirsən. Özü də qızıl.

-Arvad, bir səbrin olsun.

Beləcə ər-arvad yollarına davam edirlər. Səfil də pulu əlin-

də  oynada-oynada  qabaqdan  bir  başqa  kişiylə  gələn  arvad- 

uşağa yaxınlaşıb onlara da sataşır. Kişi də hirslənib, qəməsini 

çıxararaq soxur bu avaranın qarnına. O da sərələnib yerə ölür.

- Arvad, gördün? Mən ona pul verəndə o bədbəxt elə başa 

düşdü  ki,  mən  sataşmağını  qiymətləndirdim.  Həvəslənib 


204

MAHİR QABİLOĞLU

 gedib qabaqdakılara da sataşdı ki, bəlkə o da pul verə. Nə-

ticədə qanına qəltan elədilər. Əslində isə o bir qızıl onun qan 

bahası idi. Qanı məndən uzaq oldu”.

Düzdür, bu əhvalat inandırıcı görsənməsə də, öz ailəsinin 

qanını pulla qiymətləndirməyi – qan bahası deyib pul götür-

məyi şəxsən mən düzgün hesab etmirəm. Və bu cür insanlara 

pis  baxıram.  Bağışlayırsansa  bağışla.  Heç  bir  qan  bahası  ol-

madan. Buna deyərəm böyüklük, kişilik, müdriklik. Sonrası 

başqa  söhbətdir.  Qan  bahası  deyil.  Mərdliyə  layiqli  qarşılıq 

verməkdir.

ŞAMAXI


Sovet vaxtı QAZ-24-ü olanları barmaqla göstərirdilər. Toy-

larda da “Volqa”yla maşın gətirmək prestij sayılırdı. Şamaxı-

da  bir  ailə  vardı.  Müəllim  ailəsiydi.  Oğlu  Tibb  institutunun 

üçüncü kursunda oxuyurdu. Atasının QAZ-24-ü vardı. Tətilə 

gələndən-gələnə maşını o da sürürdü. Bu cür tətillərin birin-

də dostunun toyu olur. O da bir dost kimi maşınıyla birlikdə 

olur dostunun əmrinə müntəzir. “Volqa”nı bəzəyirlər, kapo-

tuna gəlincik bərkidirlər. Şamaxıda dəbdir. Balaca uşaqlar gə-

lin maşınının qabağını kəsərlər. Kəndə yaxınlaşanda uşaqlar 

nəinki yolu kəsirlər, hətta üzüm plantasiyalarından artıq qa-

lan dəmir tellərlə yolu bağlayıb dururlar. Maşın onlara yaxın-

laşır. Xələt alandan sonra uşaqlar teli yoldan çıxarıb boşaldır-

lar. Sürücü də yerindən tərpənir. Beş metr aralanmamış birdən 

qəribə xırçıltı, qışqırıq səsləri gəlir. Maşından düşüb görür ki, 

balaca bir uşaq təkərin altında can verir. Sonradan aydın oldu 

ki, demə teli yığışdırarkən bir ucu maşına ilişib, o biri ucu isə 

onu yığışdıran uşaqlardan birinin şalvarının balağına. Maşın 

hərəkətə başlayanda dartıb salıb təkərin altına.

Düzdür  bu,  hadisədir.  Heç  kim  istəməzdi  ki,  belə  olsun. 

Uşağın valideynləri, qohumları da, hüquq-mühafizə orqanları 

da buna anlaşıqlı yanaşmışdılar. Amma bu mənzərəni görən 


205

S A N D I Q

sürücü heç cürə özünü bağışlaya bilmədi. Məhkəməni məc-

bur elədi ki, onu həbs etsinlər, türməyə salsınlar. Baxmayaraq 

ki, ali məktəbdən də qovulacaqdı. Həbsə getdi, dörd il yatdı, 

çıxdı və bununla da yüngüllük tapdı. Yenidən instituta girdi, 

evləndi. Həyat davam elədi.

SON

Maşınsız həyatımızı təsəvvür etmək çətindir. Amma bu cür 



hadisələr başına gəlməyə.     

  

  



 

   


 

   


206

MAHİR QABİLOĞLU

 

   



 

   


 

QMİ-NİN TOXLAR ÜÇÜN EHSAN ZALI

Qafqaz Müsəlmanları İdarəsinin Təzə Pir məscid komplek-

sində mərasim zalları açılanda bəlkə də məndən çox sevinən 

olmadı.  “Axır ki...” dedim. Sevindim ki, nəhayətdə dinimizə 

böyük hörmət gətirəcək bir addımdır. Nə qədər acın, kasıbın 

qarnı tox olacaq. Özü də hər gün. Amma...

Bir necə dəfə bu mərasim zallarında keçirilən yas mərasim-

lərində iştirak etmişəm. Qabağıma çay qoyublar – içmişəm. 

Plov çəkiblər - yemişəm. Ac olmasam da... Deyiblər ki, ehsan-

dır, zəhmət çəkiblər, yeməlisən.  Ye, sonra da  “Allah qəbul 

eləsin”, “Allah rəhmət eləsin!” de. Zəhmət çəkib bu təamları 

hazırlayanların  ölənlərinin ruhuna bir salavat da çək.  Mən də 

məclis yiyəsinin bu sözlərinə əməl eləmişəm.  Süfrədə nə ol-

masından, zənginliyindən asılı olmayaraq sevinmişəm. Təzə 

Pir  məscidində  bu  cür  geniş  mərasim  zallarının  açılmasına 

sevinmişəm. Amma bir anlıq fikrə getmişəm. Əgər bura Təzə 

Pir  məscidirdisə,  onun  tərkibində  fəaliyyət  göstərən  məra-

sim zalı – ehsan paylanan yerdirsə, onda Mahir, sənin nə işin 

var burda? Yaxud qabağımda oturan nazirin, nazir müavini-

nin,  imkanlı  şəxslərin? Axı  onlar  bura  başsağlığına  gəliblər, 

yeməyə yox! Axı ehsan kasıb-füqəra, bir tikə çörəyə, yaxud ət 

yeməyinə həsəd olanlar üçündür. Biz isə sadəcə başsağlığına 

gələnlərik. Ehsan bizlərçün deyil.

Bu  gün  QMİ-ni  taqsırlandırırlar.  Hardasa  həqiqət  də  var 

bu iradlarda. Adi bir detalı götürək. QMİ rəsmi idarədir. O 

əmr  verməlidir. Amma  ki,  tövsiyyə  verir.  Əgər  Şeyxülislam 

da belə şeylərin əleyhinədirsə, onda onun tabeliyində olan bu 


207

S A N D I Q

mərasim zallarında niyə yemək bişirilməsi üçün mətbəx açı-

lıb? Professional aşbazlar cəlb olunub?  Bilirsiniz nəyə görə? 

Çünki desələr ki, burda ancaq çay, halva, limon , qənd verilir 

– bir nəfər də Təzə Pirdə öz yas mərasimini keçirməz. Təzə 

Pirdəki mərasim zalları şan-şöhrət üçündür, bir sözlə 5 ulduz-

dur, VİP-dir.  Əgər belə deyilsə, əks reaksiya yaxın günlərdə 

özünü göstərəcək, əməli addımlar atılacaq – peçatlı-möhürlü, 

rəsmi sözçüsü  olan idarə kimi.

Amma zalların adına bir fikir verin. Mərasim zalı. Yəni ki, 

başsağlığına  gələnlər  üçün  zal.  Burda  çay,  qənd,  limon,  su, 

halva olsa yetər. Ehsan zalı isə ayrıca olmalıdır. Hər gün ol-

malıdır. Mərasim keçirməyə gələnlər hamısı bu zala pul kö-

çürməli, nəticədə kasıb-kusub heç olmasa gündə bir dəfə də 

olsa isti yeməklə təmin olunmalıdır. Buna nə bir jurnalistin, 

nə də mənim etiraz etməyə gücü çatar. Əksinə, informasiya 

dəstəyi verərlər. Məsələn: “QMİ-nin mətbuat xidmətindən ka-

sıb-füqəranın nəzərinə. Hər gün saat 14-də Təzə Pir məscidi-

nin ehsan zalında ehsan süfrələri təşkil olunur”. Menyu vacib 

deyil. Nə qədər zəngin olsa alqışlayarıq onu.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət 

dairəsi  çox  genişdir.  Çox  insan  onlara  müraciət  edir.  Hamı-

sı ağlayır, sızlayır, pis həyatlarından gileylənirlər. Bu cür eh-

san  zallarının  yaradılması  dövlətin  sosial  siyasətinə  yardım 

etməzmi?  Bir  də  ki,  Təzə  Pirdəki  mərasim  zalları  dövlətin 

vəsaiti  hesabına  tikilməyibmi?  Yəqin  ki,  nazir  Səlim  Müs-

lümov  bunu  bizim  hamımızdan  yaxşı  bilir,  dəyərləndirir. 

Nəinki o, Qırmızı Aypara Cəmiyyəti də, digər əlaqədar sosial  

institutlar da.

Təzə Pir məscidində isə mərasim zalları fəaliyyətini davam 

etdirir. Məhərrəmlik, Orucluq, Səfər ayı toy biznesinə ildə üç 

ay zərbə vursa da, yas biznesi ilin 365 günü durmadan inki-

şaf edir, çiçəklənir. QMİ isə sadəcə tövsiyyə verir. Tövsiyyənin 

arxasınca da konkret  ehsan menyusu.

Hər gün Təzə Pirdəki mərasim zallarına başsağlığına yüz-

lərlə adam gəlir. Çay içir, plov yeyir, sonra da bığının yağını 



208

MAHİR QABİLOĞLU

silir, salavat çəkib “Allah qəbul eləsin”, “Allah rəhmət eləsin” 

deyir. Bunu yas yiyəsi şan-şöhrət kimi qəbul edir. Mollalar da 

razılıq edir. Bəs görəsən toxların  yediyi bu ehsanı Allah  qəbul 

edirmi?.. 

   


  

  

  



209

S A N D I Q

İSMAYIL ŞIXLININ  

“ANTİSOVET” ÇAĞIRIŞI

   


 

   


 Birinə telefonla zəng edirsən. Həmin adam da hansısa aşa-

ğı səviyyəli dövlət işində çalışır. Çaşıb nəsə bir zarafat edirsən. 

O  saat  sağollaşmaq  istəyir.  “Telefonuma  qulaq  asa  bilərlər. 

Başqa vaxt oturub yaxşıca söhbətləşərik. Üz-üzə. Yoxa çıxma. 

Zəng elə” deyir. Bununla da özünün guya çox böyük adam 

olmasını  gözə soxmaq istəyir. Amma əslində heç kimdir. Bu 

cür astarı bir qəpiyə dəyməyən cılız insanları görəndə uzaq 

80-90-cı illər yadıma düşür.

1987-ci ilin yayında  əsgəri xidməti başa vurub qayıtmış-

dım. Dekabrın 4-ü isə ad günüm idi. O vaxt yapon istehsalı 

olan  maqnitafon,  televizor,  videokamera,  videomaqnitafon 

almaq bir xülya idi. Bir kamera bir VOLQA qiymətinəydi. Da-

yım Vaqif də mənə böyük bir hədiyyə - ikikassetli “SHARP” 

maqnitafonu hədiyyə etdi. Onu da gətirib qoyduq  16 kavad-

rat  metrlik  qonaq  otağındakı  pianinonun  üstünə.  Bu  balaca  

otaqda stol, altı stul, divan, iki kreslo, kitab şkafı, televizoru 

bir  təhər  yerləşdirmişdik.  Mənzilimiz  o  qədər  balaca  idi  ki, 

maqnitafonun mikrofonuyla mətbəxdə danışan adamın səsini 

belə, aydın yazmaq mümkün idi.

Evə  atamın  dostları  gələndə,    stolun  arxasında  oturanda 

otağın o başına keçməyə heç cığır da qalmırdı. Hökmən kim-

sə ayağa durub yol verməliydi.  80-ci illərin axırından 90-cı 

illərin əvvəllərinə qədər atamın dostlarının bizə gəlməsi, top-

laşması tez-tez olurdu.  İsmayıl Şıxlını, Bayram Bayramovu, 

Xəlil Rzanı, Ramiz Duyğunu, İsrail Mustafayevi tanısam da, 


210

MAHİR QABİLOĞLU

Sadıq  Murtuzayev, Adil  Hacıyev  mənim  üçün  köhnə  adlar, 

yeni insanlar idi.

Başqa  qruplar  da  vardı.    Bəxtiyar  Vahabzadə,  Nurəddin 

Rzayev, Xudu Məmmədovu da tez-tez bir yerdə görürdüm.  

Bir dəfə həyətə düşüb maşını çıxaranda gördüm ki, Oljas Sü-

leymenov qarajın qabağında dayanıb. Sadə adam idi. Görəndə 

ki,  qarajın qapısı bağlanır hələ tutub saxladı da. Yoxsa maşına 

çırpılacaqdı.  Bəxtiyar müəllimi gözləyirdi həyətdə. Xalqımıza 

kömək lazım olanda Bəxtiyar Vahabzadənin çağırışına uçub 

gələrdi.  

Mən artıq ali məktəbi bitirmişdim. Evliydim. Ona görə də 

söhbətlərə diqqətlə qulaq asır, sadəcə siyasi savadımı artırır-

dım. Hər söhbətin sonunda da bu sözü eşidirdim.

-  Mahir,  nə  sakit  oturub  qulaq  asırsan.  Maqnitafonu  işə 

sal,  səsimizi  yaz.  Vaxt  gələcək  bu  səs  yazılarının  qiyməti 

 olmayacaq.

Yazardım. Amma yazıçı adam idilər. Bilmirdilər ki, kasset 

çox bahalıdır. Mənim isə pulum yox. Utanırdım deməyə. 

İsmayıl Şıxlıyla Bayram Bayramov hər ikisi eyni, açıq fikirli 

adamlar idi. Təmkində, siyasi addımlarında tamamlayırdılar 

bir-birilərini. Amma nədənsə atam Bayram Bayramovun de-

diklərinə  əks  reaksiya  verir,  İsmayıl  Şıxlının  dediklərini  isə 

razılıqla qarşılayardı. Söhbətlər təkcə siyasi məna daşımırdı. 

Ədəbiyyatımızın  yazılmayan  səhifələri  də  aid  idi  bura.  Nə-

dənsə onlardan biri yadıma düşdü. Əliağa Vahidlə bağlı bir 

hadisə. İsmayıl Şıxlının dediklərindən:

- Qabil, Yazıçılar İttifaqının katibi idim. Xəbər  verdilər ki, 

Əliağa Vahid  rəhmətə gedib. Çox təsirləndim. Özün bilirsən 

də, böyük şair-qəzəlxan olsa da, yuxarılarda çox da qəbul et-

mirdilər. Amma Bakı kəndləri çox sevirdi onu. Elə bir məclis 

yox idi ki, xanəndələr Vahidin qəzəllərini oxumasın.

Bir də gördüm otağın qapısı açıldı. Xarici görünüşlərindən, 

geyimlərindən  Bakı  kəndlərinin  əhlinə  oxşayan  dörd  nəfər 

içəri girdi. Ədəb-ərkanla salam verib əyləşdilər:


211

S A N D I Q

- İsmayıl müəllim, xəbəriniz var da yəqin – Vahid rəhmətə 

gedib.

- Bilirəm. Allah rəhmət eləsin. Ədəbiyyatımız üçün böyük 



itkidir.

- Bu gün də dəfn edəcəyik.

- Harda?

- Biz də buna görə gəlmişik ki, sizinlə məsləhət edək. Biz 

istəyirik ki, Vahid Fəxri Xiyabanda dəfn olunsun. Bizə də de-

dilər ki, bu sizdən asılıdır. Yazıçıların böyüyü sizsiniz axı?

Cavab verə bilmədim. Nə cavab verəydim ki? Telefonu gö-

türüb Mərkəzi Komitəyə zəng etsəydim yüz faiz imtina edə-

cəkdilər. Sözüm yerə düşəcəkdi. Məni isə nəticə maraqlandı-

rırdı. Nəticə də o idi ki, Vahid layiq olduğu məkanda – Fəx-

ri  Xiyabanda  basdırılmalıydı.  Təmkinimi,  hisslərimi  biruzə 

 vermədən:

-  Bəs  sizə  nə  mane  olur  ki,  Vahidi  Fəxri  Xiyabanda  dəfn 

 etməyinizə.

- Necə yəni? İcazə alınmalıdır. Özbaşına olmaz.

- Vahid kimi böyük şairlərə icazə alınmır. Aparın basdırın. 

Şairi sevən o boyda insan selinin qabağında kim sizə etiraz 

edə bilər ki?

Bu sözlər dilimdən necə çıxdı özüm də bilmirəm. Yanıma 

gələnlər  sevincək  durub  getdilər.  Mən  deyən  kimi  də  elə-

mişdilər.  Böyük  izdihamın  müşaiyətiylə  Əliağa  Vahidin  cə-

nazəsini  aparmışdılar  Fəxri  Xiyabana  və  qəzəlxan-şair  orda 

torpağa  tapşırılmışdı.  Etiraz  edən  olmamışdı.    Demə  yuxa-

rılarda  da  Vahidi  sevənlər  az  deyilmiş.  Üzdə  bunu  biruzə  

verməsələr də...  

Mənim bu çağırışımı da  yəqin ki,  heç kimə deməmişdilər. 

Desəydilər...     

  

 



   

212

MAHİR QABİLOĞLU

 

   



 

   


 

   


BİZİM HƏSƏN MÜƏLLİM

Müəllim. Orta və ali məktəbi bitirdikdən sonra elə bilirdim 

ki,  bu söz mənimçün tarixə döndü. Bundan sonra kimə müəl-

lim desəm də bu yalnız hörmət əlaməti  və ya  müraciət  for-

ması ola  bilərdi. Amma bilmirdim ki, həyat məktəbi Təhsil 

Nazirliyinin tərkibində olan bütün məktəblərdən alidir, həm 

də ki, əbədi.  İmtahandan üzüağ çıxmaq isə çətin. Çünki bu 

məktəbin nə kitabı var, nə də dəftəri.  Amma inandırım sizi ki, 

müəllimlərin yaxşı olsa çətin heç nə yoxdur. Mənim də həyat 

məktəbimdə  az da olsa belə müəllimlərim olub. Onlardan biri 

də Həsən müəllimdir.  Hazırda “Xalq qəzeti”nin baş redaktoru 

işləyən, keçmiş müdirim, sadiq dost-yoldaş, heç vaxt köməyi-

ni , məsləhətini əsirgəmiyən, bir sözümü iki etməyən  Həsən  

Zal oğlu Həsənov.

İLK TANIŞLIQ

AzTV-nin  “Xəbərlər”ində  işləmək  çoxdankı  arzum  idi. 

Ona görə də atamı dəng eləmişdim ki, Nizami Xudiyevə xa-

hiş eləsin, o da  məni bu redaksiyaya keçirsin.  Heydər Əliyev 

kimi  bir  prezidentin  hakimiyyətdə  olduğu  və  ictimai-siyasi 

hadisələrin çevik cərəyan etdiyi  bir dövrdə “Xəbərlər” apa-

rıcı mövqeyə malik idi. Nə isə, atam Nizami müəllimə  xahiş 

edir ki, Mahiri keçirt “Xəbərlər”ə. O da “baş üstə” deyir. Növ-

bəti növbətçiliyin sonunda, gecə saat 12-də dəhlizdə Nizami 

müəllimlə üz-üzə gəldik:



213

S A N D I Q

-A bala, nə  istəyirsən? Dədanı niyə qızışdırıb salmısan üs-

tümə? Get qəbul otağına gəlirəm. Görüm nə istəyirsən...

Yanında dörd nəfər vardı. Amma qayıdanda onu  Baş proq-

ram direktoru Məmmədəli Zülfüqarov, bir də orta boylu, qara 

saçlı, səliqəylə geyinmiş bir nəfər müşaiyət edirdi.

-Bala, nə istəyirsən? Bax istəyirsən bu Həsəni çıxarım, səni 

qoyum  onun  yerinə.  İstəyirsən?  İstəyirsənsə  Məmmədəlini 

çıxarım, ol  baş proqram direktoru. Bacaracaqsan?

-Nizami müəllim, Mahir “Xəbərlər”ə redaktor keçmək istə-

yir. -  deyə Məmmədəli müəllim Nizami müəllimin şirin Nax-

çıvan ləhcəsində mənimlə məzələnməsinə  son qoymağa cəhd 

etdi.

-Yaxşı. Bala, mikrafon tuta bilirsən?



-Yox.

Mən pərt olmuşdum. “Xəbərlər” həvəsim də ölmüşdü. Ona 

görə də “yox”, “yox”  deyib bir dəfəlik AzTV-dən uzaqlaşmaq 

istəyirdim.

- Yazı yaza bilirsən?

- Yox.


- Uşaq bağçası-zaddır səninçün “Xəbərlər”? Ora hazırlıqlı 

adam lazımdır.

Nizami müəllim nə soruşurdusa “yox” deməyə başladım.  

Çox  arif  adam  idi  sədrimiz.  Gördü  ki,  pərt  olmuşam.  Ona 

görə belə deyirəm.  Burdan çıxandan sonra üz tutacağım, gi-

leylənəcəyim ünvanı da yaxşı bilirdi. Amma atamı çox istədi-

yindən məcbur olub.

- Yaxşı, gəl içəri. Məmmədəli, Həsən, siz də gəlin.

Kabinetə girdik.

- Həsən, bu uşağı verərsən o qızın yerinə. Nə idi adı onun?

- Gözəl Nəcəfova.

- Hə, Gözəlin yerinə. Məmmədəli, buraxılış redaktoru ye-

rini də boş saxla. Qoy adı orda getsin.  Bir ay vaxt verirəm. 

Bacarsa,  Həsən,  raportunu  yazıb  gətirərsən.  Keçirərik  ştata. 

Bacarmasa...


214

MAHİR QABİLOĞLU

Çox  sevinirdim.  İstədiyimə  nail  olmuşdum.  Ən  əsası  isə 

həvəsim  böyük  idi.  Nizami  müəllimin  kabinetindən  Həsən 

müəllimlə  çıxdıq.  “Sabah  səhər  gələrsən  ikinci  mərtəbəyə. 

Otağını göstərərəm” dedi. Həsən Zal oğlu Həsənovla ilk ta-

nışlığım  belə  oldu.  Jurnalistika  sahəsində  ilk  müəllimim  də 

elə Həsən müəllim oldu.

SINAQ MÜDDƏTİ

Bu bir ayda nə tapşırıq verdilərsə elədim. Yazı metodları-

nı, iş qaydasını öyrəndim. Demə “Xəbərlər”də ən zəhlətökən 

iş  axşam  çəkilişləriymiş.  Heç  kim  həvəs  göstərmirdi  bu  cür 

tədbirlərə. Mən isə canla-başla gedirdim. Öyrənirdim.  Özüm 

də bilmədən demə məni digərlərindən fərqləndirən bir cəhət 

varmış.  Mənim  leksikonumda  digər  həmkarlarımdan  fərq-

li olaraq  “Niyə axı mən? Ora niyə mən getməliyəm? Dünən 

mən getdim də, bu gün qoy başqası getsin” sözləri yox imiş. 

Həsən müəllim də işçidə çalışqanlığı, tapşırığı vaxtında yerinə 

yetirməyi yüksək qiymətləndirirmiş. Xeyrini də gördüm. Bir 

aydan sonra Həsən müəllimin yazdığı raport Nizami müəlli-

min qabağındaydı. O gündən indiyəcən Həsən müəllimi daha 

da yaxından tanımağa başladım.

“TORPAQ YETİŞDİRİR DƏ…”

Sovet vaxtı rektorlar qəbul imtahanı keçirilən auditoriyala-

rı gəzirmişlər.  1972-ci ildə S.M.Kirov adına Azərbaycan Döv-

lət Universitetinin rektoru Faiq Bağırzadə gələcək tarixçilərin 

imtahanına girir. “Kim bileti çəkib, həmən cavab verə bilər?” 

sualını verəndə, arxa partada əyləşən bir oğlan əlini qaldırır. 

İnamla bileti çəkir və cavab verməyə başlayır. Əlavə sualları 

da cavablandırır. “Əla!”, “5” – deyə Faiq Bağırzadə əlini  yük-

sək bilik nümayiş etdirən oğlanın çiyninə vurur.

- Bala, adın nədir?

- Həsən.

1   ...   12   13   14   15   16   17   18   19   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling