Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet17/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

215

S A N D I Q

- Məktəbi harda bitirmisən?

- Göycə mahalında.

- Lap yaxşı. – üzünü komissiya üzvlərinə çevirərək.- Görür-

sünüz? Torpaq yetişdirir də...

Çox sakit və bilikli  adamdır Həsən müəllim. Ensiklopedik 

biliyə  malik  insanlar  indi  cəmiyyətimizdə  çox  azdır.  Uzun 

müddət Azərbaycan Sovet Ensiklopediyasında çalışıb. Sonra 

“Vətən səsi”, “Amal” qəzetlərində əməkdaş, “Yeni Azərbay-

can” və “Respublika”qəzetlərində baş redaktorun 1-ci müa-

vini,  AzTV-də  “Xəbərlər”in  baş  redaktoru,  AzTV  sədrinin 

televiziya üzrə müavini və ən nəhayət bu gün “Xalq Qəzeti”-

nin baş redaktorudur.  Qısa tərcümeyi-halı bundan ibarətdir 

Həsən müəllimin. Amma mən onun həyat yoluna  sizə məlum 

olmayan spektrlərdən nəzər salmağa çalışacağam.

SİZƏ YARIM SAAT VAXT VERİRƏM

Yuxarıda qeyd etdiyim kimi, çox mülayim və sakit adam-

dır Həsən müəllim. “Xəbərlər”də işləyəndə bircə dəfə səsini 

ucaltdığını gördüm:

Hardasa prezident çəkilişi olur. Materialı da təcili efirə çat-

dırmaq lazım imiş. Tədbirin əvvəlindən çəkilmiş kasseti tez 

verirlər sürücü Əbdülə. O da tez çatsın deyə tıxacdan sıyrılıb 

maşını Prezident Aparatının qabağından kəsə sürür və DYP 

onu saxlayır. Nə and-aman edirsə ki, “bəs efir “yanır”, kasseti 

çatdırmalıyam“ - polislər qulaq ardına vururlar. Onda Əbdül 

sənədləri də  onlarda  qoyub,  sürür  gəlir  işə.  Həsən  müəllim 

gecikdiyinə görə onu tənbeh edəndə, başına gələn hal-qaziy-

yəni  danışır.  Mən  də  növbətçiydim.    Həsən  müəllim  bunu 

eşitmədi? Dəstəyi götürdü, harasa zəng elədi. “Danışan “Xə-

bərlər”in  baş  redaktoru  Həsən  Həsənovdur.  Sizə  15  dəqiqə 

vaxt verirəm. Xidməti maşınımın sənədləri stolumun üstündə 

olmasa  ...........” deyib dəstəyi yerinə qoydu. On beş dəqiqə 

keçməmiş DYP serjantı tər-qan içində redaksiyaya girdi. Əlin-

də də  sənədlər.



216

MAHİR QABİLOĞLU

İlk və axırıncı dəfə Həsən müəllimi onda əsəbiləşib səsini 

qaldıran gördüm.

…MƏN DƏ QORXDUM

20.00 “Xəbərlər”inə az qalmış Prezident Aparatından səd-

rin  qəbul  otağındakı  faksa    sərəncam,  fərmanlar  gəlməyə 

başlayırdı. Hamısını da efir variantına uyğunlaşdırıb diktora 

ötürürdük.  Necə deyərlər dəhlizdə qaçhaqaç düşürdü. Belə 

növbətçiliklərin birində:

Həsən müəllim studiyanın qapısında dayanmışdı. Mən də 

sərəncamın olduğu faks əlimdə dəhlizin giriş qapısını açdım.

- Mahir, cəld ol! – deyə Həsən müəllim dilləndi.

Bir addım irəli atmaq istəmişdim ki,  səs gəldi. Yoluma da-

vam etmək istədim. Amma sanki nəsə məni tutub saxlayırdı. 

Həsən müəllim də demə bunu görürmüş. Tez qabağıma gəlib 

kağızı əlimdən alıb studiyaya getdi. Demə qapıdan keçəndə 

pencəyin aşağı iç cibi dəstəyə ilişib. Addımımı atanda da dar-

tılıb astarı cırılıb. Həsən müəllim studiyadan çıxıb gördü ki, 

kostyumun  astarının  cırılmasından  dilxoram.  Fikrimi  dağıt-

maq üçün gülə-gülə:

- Kostyumun cırılıbmış? Mən də qorxdum. Elə bildim ki, 

faks cırıldı.

REDAKTƏ XÜSUSİ İSTEDADDIR

Baş  redaktorumuz  Həsən  Həsənov  və  müavini  Mülatif 

Adurovun  gözəl  redaktə  qabiliyyətləri  var.  Balaca  bir  səhv 

gözlərindən  qaçmazdı.    Həsən  müəllim    düzəlişləri  qırmızı 

rəngli qələmlə edirdi. İlk vaxtlarda yazılarım “qanına qəltan 

olurdu”. Amma səhvlərimi izah da edirdi, öyrədirdi. Bu gün 

də yazı-pozumda hər hansı bir yanlışlıq hiss edəndə, amma 

səhvimi  tuta  bilməyəndə  Həsən  müəllimin  üstünə  qaçıram. 

“Qabilin  o  dünyadan  məktubu”  adlı  ilk  publisistik  yazıma 

vəsiqə  verən,  “qələmin  var,  amma  tənbəlsən”  deyib  tənbeh 



217

S A N D I Q

eləyən  də    məhz  Həsən  müəllimdir.  Onun  mənə  “Müasir 

Azərbaycan ədəbiyyatının canlı ensiklopediyası”san deyərək 

həvəsləndirməsi    sonda  bu  mövzuda  nə  qədər  yazının,  xa-

tirənin meydana gəlməsinə səbəb oldu. Məhz belə yazılardan 

ibarət ilk toplunun “Atam Qabilin qəribə əhvalatları” kitabı-

mın da redaktorluğunu Həsən müəllim öz üzərinə götürdü. 

Əlbəttə ki, dostumuz, mərhum  İbrahim Ömərovun gözəl tər-

tibatını da yaddan çıxarmaq olmaz.    

Qış  vaxtı  idi. Axşam  saat  altıda  ilk  qar  yağmağa  başladı. 

Mən, Gülsəfa Əhmədova, Bahadır Şəfi və Əli Nəcəfxanlı növ-

bətçiydik. Təbiətin bu gözəlliyini vəsf etmək, həm də şair olan 

Əli müəllimə tapşırıldı. O da yazdı. İlk cümlə beləydi – “Bakı-

ya noğul-noğul qar yağır”. Birdən Həsən müəllim otağından 

səsləndi:.

- Əli, yazı hazırdır?

- Bəli, Həsən müəllim.

- Tez gətir bura.

Mən otaqdaydım. Həsən müəllim də daxili telefonla sədrlə 

danışırdı.  Əliylə Bahadır içəri girib kağızı Həsən müəllimə 

verdilər:

- Yazı hazırdır, Nizami müəllim. Operator da kadrları çəkib 

gəlir. Oxuyum?

Həsən müəllim kağızı əlinə alıb oxumağa, elə birinci cüm-

lədən bədahətən redaktə başladı. “Bakıya...” Həsən müəllim 

ani fasilə verdi, “noğul-noğul” sözünü çıxartdı. “İlk” sözünü 

artırıb  davam elədi. “Bakıya ilk qar yağır”. Beləcə bir səhifə-

lik  yazını gözəyarı redaktə eləyərək oxudu. Əli:

- Bax, Mahir, buna deyərlər  “naxodu” redaktə. 

QABİL VƏ HƏSƏN MÜƏLLİM

Atamla  Həsən  müəllim  arasında  qarşılıqlı  hörmət  var-

dı. Avtoqraf  şəklində  olsa  da  Həsən  müəllimə  şeir  də  ithaf 

 eləmişdi.


218

MAHİR QABİLOĞLU

Canım-gözüm Həsən! 

Mahirə bir şey olsa,

Bəs sən orda nəsən?

Amma  bu  tanışlıq  azadlıq  hərəkatının  ilk  illərinə  gedib 

çıxırdı.  O  dövrdə  ictimai  hadisələrlə  bağlı  beynəlxalq  təşki-

latlara müəyyən müraciətlər olunurdu. Bəxtiyar, Qabil, Xəlil 

Rza, Ziya Bünyadov, İsmayıl Şıxlı  kimi ziyalılar bu müraciət-

ləri  imzalayanlar  içərisində  ilk  olurdular.    Təşkilatlanma  iş-

lərində  o  dövrün  qabaqcıl,  əsas  hərəkətverici  qüvvələr  olan 

gənc ziyalılarının da rolu danılmaz idi.

Onlardan  biri  olan  Həsən  Həsənov  hazırladığı  müraciə-

ti  götürüb  gəlir  Yazıçılar  binasının  həyətinə.  İmzalatdırmaq 

üçün.    Yuxarı  –  Qabilin  mənzilinə  qalxmağa  heç  ehtiyac  da 

qalmır. Əsəbi halda harasa gedən atamla elə həyətdə rastlaşır. 

Gəlişinin məqsədini deyəndə atam heç müraciəti oxumadan, 

məğzini bilmədən “yox, qol çəkmirəm” deyir. Daha doğrusu 

bu sözlə hirsini tökür Həsən müəllimin üstünə. O da “Qabil 

müəllim, imza atmasanız da, siz Ayaz Mütəllibova ünvanla-

dığınız 24 sualla hər şeyi demisiniz”. Bu atamın xoşuna gəlir, 

geri qayıdır.

- Xoşum gəldi səndən. Ver bura kağızı,- deyir. İmzasını qo-

yur, yoluna davam edir.

VƏTƏN HƏSRƏTİ

Yuxarıda  yazdığım  kimi  Həsən  müəllim  Qərbi  Azərbay-

canda,  Göyçə  mahalında  doğulub.  Mən  oralarda  olmasam 

da Həsən müəllimin, İbrahimin söhbətlərində  o yerləri gəzib 

gəlmişəm. Göyçə gölündə farel balığı tutmuşuq, ocaq qalamı-

şıq. Qazana elə gölün dupduru suyundan töküb balığı soyut-

ma bişirmişik. Özümüzlə gətirdiyimiz araqdan yüz-yüz vur-

muşuq da... “Google” axtarış sistemində Həsən müəllimgilin 

kəndlərini görmüşəm də. Məni kəndin küçələriylə gəzdirib, 


219

S A N D I Q

oxuduğu məktəblə tanış edib, evlərinin yerini göstərib. Yəqin 

ki, nəvaxtsa kəndlərinə qonaq da aparar məni. Qiyabilik ger-

çəkliyə çevrilər.

ÇETIREJDI DEDUŞKA

Həsən  müəllim  üç  qız  atasıdır.  Mən  isə  iki.  Bir  qız  atası 

kimi  vəzifəsini yerinə yetirib, hamısını köçürüb. Mən də elə 

onun kimi. İndi də nəvələri dilindən düşmür. Qəribə bir ya-

rışa çıxmışıq. Həyatımızın əlamətdar çağlarında  bir-birimizə 

zəng edəndə özəl salamlaşmağımız  da var.  Zəng edib baba 

olması  münasibətilə  təbrik  etmək  istədim.  Dəstəyi  götürdü. 

Təbrikimi gözləmədən:

- Deduşka Qasan Qasanov sluşaet.

İki il keçdi. O mənə təbrikə zəng elədi. Bu dəfə mən:

- Deduşka İmamverdiyev sluşaet.

Üstündən  bir  az  keçdi. Artıq  Həsən  müəllim  “dvajdı  de-

duşka  Qasanov  sluşaet”  deyirdi.  Cavabım  çox  gözlətmədi. 

Mən də “dvajdı deduşka” oldum. Sonra hər ikimiz “trijdı”. 

Nəhayət  Həsən  müəllim  məni  “yerimdə  otuzdurdu”  -  ”çe-

tırejdı  deduşka”  deməklə.  Hələ  onu  da  əlavə  etdi  ki,  “hələ 

uşaqsan. Mənə çata bilmərsən”.  Həyatsa davam edir. İnanı-

ram  ki,  bu  cür  hərbiçisayağı  “doklad”larla  bir-birimizi  hələ 

çox  salamlayacağıq.

ƏLİYEVÇİ


Həsənovlarla    İmamverdiyevləri  birləşdirən  bir  mühüm 

cəhət  də  var.  O  da  mənən  Əliyevçi  olmaqlarıdır.  Bu  yolda 

Həsən müəllim gəncliyindən Qabillər, Vahabzadələr kimi ön 

cəbhədə  olub.  Bu  şəxsin  xilaskarlıq  missiyasını  hələ  o  vaxt 

görən, əməli addımlar atan, Heydər Əliyevin siyasətini ürəklə 

həyata keçirənlərdən biri olub.  İndi də belədir.  

Prezidentimiz İlham Əliyevin 40 yaşı tamam olanda o vaxt 

AzTV-də  bir  neçə  hissədən  ibarət  film  hazırlanmışdı.  Daha 



220

MAHİR QABİLOĞLU

doğrusu  bu  film  Həsən  müəllimin  yaradıcılığının  məhsulu 

idi. Sonluq isə özəl idi. Tamaşaçı üçün yeni, maraqlı idi Həsən 

müəllimin bu tapıntısı.   Demə İlham təkcə ad yox, həm də 

Əliyevlərin ailə kodu imiş. “İlham” sözündəki hərflər ayrı-ay-

rılıqda bu ailənin üzvləriymiş: “İ” – İlham, “L”- Leyla, “H”- 

Heydər, “A” – Arzu, “M”- Mehriban.

SON


Artıq iki ildir ki, “Xalq Qəzeti”ndə işləmirəm. Amma elə 

həftə olmur ki, redaksiyaya getməyim. Bəziləri indi də elə bi-

lirlər ki, mən bu qəzetin  əməkdaşıyam. Jurnalistikadan uzaq-

laşsam da yazılarımda bu stil hələ də duyulmaqdadır. Çünki 

bu sahədə on altı illik bir MƏKTƏB keçmişəm. Və bu həyatı-

mın on altı ilində Həsən Həsənov  həmişə mənim müəllimim, 

baş redaktorum olub. Mən də onun ərköyün tələbəsi, işçisi. 

“Xalq qəzeti”ndə işləyərkən işə mütəmadi gecikdiyimə, çox 

vaxt isə ümumiyyətlə işə gəlmədiyimə görə  25 dənə töhmət 

verib mənə. (müsəlmanın 25 dənəsi) Amma sonda düz yola 

gətirib. Utandığımdan ərizəmi yazıb işdən çıxmışam. Amma 

insanlığımız, dostluğumuz əvvəlki səviyyəsində qalıb.

Hə. Az qala yadımdan çıxmışdı. Həsən müəllim, 60 yaşın 

mübarək! TƏBRİKLƏR!   

  

  


221

S A N D I Q

 

   



 

SONA TAĞIYEVANIN MƏKTƏBİ

Sovet  Azərbaycanında  mülkiyyətçi,  mülkədar  ən  xatalı 

sözlərdən biri idi. İnsanlar hətta bu sözü dillərlinə gətirməyə 

qorxurdular. Çünki çox mülk sahibinin son aqibətini, acı tale-

yini görmüşdülər. Özü də ki, bu söz o dövrün leksikonuna da 

yad bir kəlmə idi. Çünki hər şey sovetin mülkiyyəti sayılırdı. 

Ona görə də hamı “bizim” deyirdi. “Bizim məktəb”, “bizim 

kolxoz”,  “bizim  idarə”,  “bizim  zavod”,  “bizim  Leonid  İliç 

Brejnev”. Misalları nə qədər istəyirsinizsə artıra bilərəm.

Buna necə uyğunlaşmışıqsa, müstəqillik dövründə də hələ 

ki, “mənim” sözü dəbə minmir ki, minmir. Biri pul tökür, zəh-

mət çəkir klinika açır, adını əndərəbadi yevropeyski bir isimlə 

adlandırır.  Yazmır  ki,  məsəlçün  “Mahirin  klinikası”.  Yaxud 

da özəl məktəbə bütün qütblərin, dənizlərin, dağların adını 

verirlər,  amma  öz  adlarını  verməkdən  çəkinirlər.  Məsəlçün 

yazmırlar  “Mahirin  orta  məktəbi”,  “Mahirin  ali  məktəbi”. 

O cümlədən dükanlar, ictimai iaşə obyektləri, idman zalları, 

bərbərxanalar, apteklər, daha haralar, daha nələr. Bircə Leyla 

Şıxlinskaya bu sahədə ilk və son qaranquş oldu. Yaratdığı özəl 

tibb müəssisəsinə “Leyla Şıxlinskayanın klinikası” adını ver-

di, öz adını verdi. Amma bütün bunlara baxmayaraq hər bir 

məkanın, obyektin Azərbaycanda öz sahibi var və onlar rəsmi 

olaraq sahibkardırlar.

Sovet dövrü isə sahib olmaya-olmaya sahibkara çevrilmək 

böyük fəxarət sayılırdı. Bu məktəblər, xəstəxanalar nömrəy-

lə  yox,  adla  çağrılırdı.  Cavadzadənin  klinikası,  Ramizə  İs-

mayılovanın  məktəbi,  Aliyə  Təhmasibin  məktəbi,  İbrahim 


222

MAHİR QABİLOĞLU

 İbrahimovun  institutu,  Nikitinin  kolxozu,  Şamama  Həsəno-

vanın kolxozu... Heç kim də qısqanclıq eləmirdi. Əksinə on-

larla fəxr edirdilər, ən yüksək dövlət təltifləri də öz yerində. 

Onlardan  biri,  bəlkə  də  birincisi  190  nömrəli  orta  məktəbin 

direktoru Sona Tağıyeva idi. Mənim Sona müəlliməm və onun 

məktəbi.

BİRİNCİ SİNİF

Bizim yazıçılar binasının gənc sakinlərinin əksəriyyəti 190 

və  132  nömrəli  məktəbdə  oxuyurdular.  Rusca  təhsil  almaq 

istəyənlər isə 189 nömrəli məktəbə gedirdilər.

Atam, anam məni də 190 nömrəli məktəbin birinci sinfinə 

qoydular. Özü də qorxuzdular. “Bax, özünü yaxşı apar. Bu-

ranın  direktoru  Sona  xanımdır  a...  Çalış  gözünə  də  görün-

məyəsən. Özünü pis aparsan? ...”

Bəxtimiz gətirmişdi. İkinci növbə oxuyurduq. Yuxarı sinif-

lər səhər növbəsi olduğundan Sona müəllimə əsas diqqətini 

onlara yönəldirdi. O vaxt xuliqanlığı ilə ad çıxarmış Sovets-

ki məhləsinin sakinlərinin çoxu 190 nömrəli məktəbi seçirdi. 

Daha  doğrusu  öz  uşaqlarıyla  bacara  bilməyən  valideynlər 

belə, Sona xanıma üz tuturdular. Bilirdilər ki, Sona müəllimə 

onları tərbiyə etməyi bacaracaq. İndi yadıma düşəndə dəhşətə 

gəlirəm. Özünü pis aparan, dərsini oxumayan bir şagird bir 

sinifdə neçə il qalar axı? Bir il, iki il, üç il. Ta o vaxtacan ki, 

Sona  müəllimə  ondan  adam  düzəldirdi.  İndiki  kimi  deyildi 

e... Oxudun-oxumadın kamal attestatı alasan – “tupoy” olsan 

da. Özü də o vaxtlar elə bir dövr idi ki, göstərici, plan deyilən 

anlayışlar  vardı.  Hər  hansı  bir  minus  məktəbin  ayağına  ya-

zılırdı. Amma  190  nömrəli  məktəbin  göstəriciləri,  olimpiya-

dalarda  ön  yerə  çıxması,  qızıl  medalların  sayı  bu  minusları 

kölgədə  qoyurdu.  Bir  də  ki,  190  nömrəli  məktəb  Qafqazda 

yeganə ordenli məktəb idi. Qırmızı Əmək Bayrağı ordeniylə 

təltif edilməsi də Sona xanımın və onun kollektivinin nailiy-

yəti idi.



223

S A N D I Q

Elə bilməyin ki, Sona xanım tək idi. Əsla. Əgər bu gün hər 

hansı  məktəbdə  bu  cür  müəllim  kontingenti  olsa  direktor 

kreslosu uğrunda qan su yerinə axar. Sosialist Əməyi Qəhrə-

manı, əməkdar müəllim, atam Qabilə də dərs demiş Zərbəli 

Səmədov,  uzun  müddət  Bakı  təhsil  idarəsinə  başçılıq  etmiş 

Sadıq  Məmmədzadə,  132  nömrəli  məktəbin  direktoru,  SSRİ 

Ali Sovetinin deputatı olmuş Ramizə İsmayılova, o vaxt Azər-

baycanın  və  SSRİ-nin  rəhbərlərindən  olan  Heydər  Əliyevin 

bacısı Şəfiqə Əliyeva. Fənlər üzrə lap adi müəllimlər belə, adla 

çağrılırdı.

İLK QORXU

190 nömrəli məktəb beş mərtəbəli idi. Sağ və sol tərəfdən 

paralel olaraq pilləkənlərlə yuxarı qalxırdılar. Sona müəllimə 

də tənəffüsdə yox, əsasən dərs vaxtı mərtəbələri gəzirdi. Ona 

görə də birinci sinifdə oxuyan mən direktorla rastlaşmamış-

dım. Heç üzdən də tanımırdım. İkinci növbədə biz əsasən dərs 

hissə müdiri Əfruz xanımı tanıyırdıq. Birinci növbədəki kimi 

şagirdləri sıraya düzüb himn oxutdurmur, idman elətdirmir-

dilər. Eləcə gəlib girirdik sinfə. Direktoru isə heç görmürdük.

Sona müəllimə ikinci növbədə mərtəbələri nadir hallarda 

gəzirdi.  Özü  də  Sona  xanım  yuxarı  mərtəbələrə  qalxanda  o 

biri  tərəf  pilləkənlərlə  də  tərbiyə  işləri  üzrə  müavin  Səkinə 

xanım qalxırdı. Dərsdən yayınan şagirdlər Sona müəllimədən 

qorxub o biri başdakı pilləkanla aradan çıxmağa calışanda Sə-

kinə müəllimə qabağına çıxardı. Tutmağa gücü çatmayanda 

da heç olmasa üzdən tanıyıb, sonradan valideynini məktəbə 

çağırardılar.  Valideyn  də  gəlib  iki  saat  direktorun  otağında 

qızarar, utanar, sonda da “Sona xanım, bacarmıram bu uşaq-

la. Bütün günü zavodda oluruq, fəhlə adamıq. Uşağım sənə 

əmanət,  tərbiyə  elə”  deyib  gedərdi.  Böyük  Sabir  demişkən 

“Əti sənin, sümüyü mənim”.

İkinci  sinifdə  oxuyurdum.  Su  içmək  bəhanəsiylə  müəl-

limdən  icazə  alıb  sinif  otağından  çıxdım.  Su  içdim.  Amma 



224

MAHİR QABİLOĞLU

 nədənsə  geri  qayıtmağa  tələsmədim.  Dəhlizdə  heç  kim  yox 

idi.  28  kvadrat  metrlik  dar  mənzildə  yaşayan  mənim  üçün 

sanki meydan idi. Başladım tək-tənha bu başdan o başa qaç-

mağa, sürüşməyə. Bir də baxdım ki, o başdan kimsə gəlir. Ta-

nımadım kimdir. Yaxınlaşıb qulağımdan tutdu. Yaşlı, saçları 

ağ,  beli  bir  az  bükülmüş  qadın  idi.  Tənbeh  elədi.  Qulağım-

dan tutsa da dartmadı, burmadı, heç incitmədi də. Amma bu 

qulaqburması  mənim  sonrakı  həyatımda  –  nizam-intizam 

məsələlərində böyük rol oynadı. Demə bu yaşlı qadın Lenin, 

Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenli direktorum - 

Sona xanım imiş.

SONA XANIMIN CƏZASI

Yeddinci sinifdə oxuyurduq. Nə üstündəydi yadımda de-

yil,  onuncu  sinifdə  oxuyanlarla  davamız  düşmüşdü.  Mənə 

xətər dəyməsə də, direktorun otağına tutub məni də apardı-

lar.  Əlbəttə  ki,  taqsır  onuncu  sinif  şagirdlərindəydi.  Biz  beş 

nəfər bir qıraqda dayanmışdıq, onuncu sinfin hündür boy şa-

girdləri isə ayaqüstə düzülüb başlarını aşağı salmışdılar. Sona 

xanım  yerindən  durdu.  Onlara  yaxınlaşdı.  Boyu  balaca  idi 

Sona  müəllimənin.  Nə  desə  yaxşıdır  “xuliqan”lara?  “Başını 

aşağı elə”. Şagird də başını aşağı əydi. Sona müəllimə sağ əlini 

qaldırıb pis aparanların qulaqlarını növbəylə çəkdi. Sonra üzr 

istətdi. Bu qulaq çəkmək yox, qulaqburması idi. Bu özünü pis 

aparanları  sanki  qıdıqlasa  da,  amma  mənən  yumruq  zərbə-

sindən də qüvvətliydi. Bunun qarşılığında cavab qaytarmaq 

nədir, heç cınqırlarını da çıxarmırdılar, valideynlərinə gedib 

şikayət də etmirdilər. Bilirdilər ki, evdə desələr ki, Sona xanım 

onların qulağını çəkib, şillə yeyəcəkdilər. Üstəlik də ata-anala-

rı tezdən durub gəlib Sona xanımın otağında üzr diləyəcəkdi. 

Çünki onlar özləri də 190-ın, Sona müəllimənin yetirmələriy-

di. Bu qulaqburmaların xeyrini onlar da görmüşdülər. Sona 

xanımın nəsli davam edirdi.


225

S A N D I Q

Sona xanım milis çağırmırdı. Amma cəzası bütün cəzalar-

dan ağır idi. Ziyalı, vəzifəli ailələrdən olanları xüsusi diqqət 

mərkəzində saxlayırdı. “Onlar özlərini pis aparsa, dərslərini 

pis oxusalar, day başqalarından nə tələb eləyək?” deyərək.

Bu qorxunun qabağında dəcəlliyimizdən qalmırdıq. Onun-

cu sinifdə dərsdən qaçıb Sabirin heykəliylə üzbəüz, monolitin 

altındakı kafeyə isti kakao ilə isti bulka yeməyə gedirdik. Bir 

də görürdük ki, ya sinif rəhbərimiz, ya da zavuç qapıda daya-

nıb. Hara qaçmağımızı da ehtimal edirdilər. Bəzilərinin harda, 

hansı küncdə siqaret çəkməklərini, siqareti gizlətdikləri “tay-

nik”ləri  də  gözəl  bilirdi.  Məhlələrində  ad  çıxaran,  mənəm-

mənəm deyən, hətta cibində bıçaq gəzdirən ən pis şagird də 

Sona xanımın qarşısında başını əyir, vurduğu xəfif, yumşaq 

şillədən  əriyir,  hətta  ağlayırdı  da...  Fiziki  cəhətdən  cansız, 

bəstəboy olsa da, böyük zəhmi vardı Sona xanımın. Ailə üzv-

lərini  erkən  itirə-itirə  getsə  də,  190  nömrəli  məktəbi  özünə 

doğma ailə saymışdı. Bu məktəbi özünkü sayırdı. 1945-ci il-

dən – 29 yaşında ikən bu böyük ailənin başçısına çevrilmişdi.

HƏM DƏ SONA MÜƏLLİMƏ

Onu hamı Sona xanım çağırırdı. Elə biz şagirdlər də. Amma 

yeddinci sinifdən qara günlərimiz başladı. Sona xanım bizim 

kimya müəllimimiz oldu. Düzünü desəm dəqiq fənləri yaxşı 

bilmirdim. Kimyadan isə sıfır idim. Buna baxmayaraq Sona 

müəllimə rüblüyə mənə “3” – kafi yazırdı. Beləcə heç nə bil-

məyə-bilməyə, danışmaya-danışmaya 7-ci sinfi üçlə başa vur-

dum.  Səkkizinci  sinifdə  də  heç  bir  irəliləyiş  olmadı. Amma 

yenə  üçümü  aldım.  Məndə  elə  bir  təsəvvür  yaranmışdı  ki, 

Sona müəllimə atama görə hörmət edir mənə. İstəmir ki, iki 

alıb sinifdə qalım. Bu məni razı salsa da, amma Sona müəl-

liməyə,  onun  müəllimliyənə  qarşı  daxilən  bir  hörmətsizlik 

hissi yaradırdı. “Nə oldu? Deyirdilər ki, belə asır, belə kəsir. 

Heç tənbeh də eləmir ki, oxu. Heç söymür də. Eləcə üçümü 

yazır.” deyərək.



226

MAHİR QABİLOĞLU

Doqquzuncu sinifdə vəziyyət dəyişdi. Mənim yolum aydın 

idi. Filoloq olacaqdım. Filoloq olmaq üçünsə yalnız humanitar 

fənləri bilsəydin kifayət idi. Amma attestat balı deyilən bir şey 

də var idi ki, o da yüksək olmalıydı. Ali məktəbə qəbulda aldı-

ğın qiymətlərin üstünə əlavə olunub son nəticə çıxarılırdı. Əgər 

attestatda dörd dənə “4”, qalanı “əla” idisə deməli balın “5” sa-

yılırdı. Beş dənə dördün olardısa artıq bal dörd yarıma enirdi. 

Mən bunu bilmirdim. Amma kimsə atamı başa salmışdı.

Doqquzuncu sinifdə oxuyurdum. Günlərin bir günü atam 

əlimdən tutub apardı məni Sona xanımın yanına. O günəcən 

atamı bir dəfə də məktəbə çağırmamışdılar. İçəri girdik. Atam 

“Sona xanım, Mahir filoloq olacaq. Amma kimyadan üç alsa 

ali məktəbə daxil olması mümkünsüzdür. Çünki attestat balı-

na təsir edəcək. Ona görə də bu məsələyə həssas yanaşmağı-

nızı xahiş edirəm. Bütün fənlərdən beşdir, bircə texniki fənlər-

dən mənə oxşayıb” dedi.

Sona müəllimə heç nə demədi. Sadəcə başıyla razı olduğu-

nu ifadə etdi. Otaqdan çıxdıq. Attestata fənn üzrə vahid qiy-

mət səkkiz rüblük qiymətin əsasında gedirdi. Məsələn kim-

yadan Atestata “4” almaq üçün Sona müəllimə mənə doqquz, 

onuncu siniflərdə bütün rübləri dörd yazmalıydı. Yaxud da 

doqquzuncu sinifdə “üç”, onuncu sinifdə isə “dörd”. Üstəlik 

yekun imtahanda da “4” almalıydım.

Beləcə doqquzuncu sinifdə bütün rüblərdə kimyadan “3” 

aldım. Belə də gözləyirdim. Sona xanım kimi müəllimələr bun-

dan artıq saxtakarlığa gedə bilməzdilər. “Üç”ü yazırdısa, hələ 

allahıma  şükür  etməliydim.  Sinifdə  28  nəfər  idik.  Onlardan 

üçü ikinci, üçüncü il bir sinifdə sayanlar idi. Çoxdan əsgərliyə 

getməliydilər. Amma oxuyurdular. Doqquzuncu sinfin birinci 

rübünün sonunda möcüzə baş verdi. 28 nəfərdən iyirmi beşi, 

o cümlədən mən də kimyadan rüblüyə “5” aldıq. Hələ iki, üç 

il sinifdə qalanları demirəm. Onlar “4” aldılar. İkinci rübü də 

bu göstəriciylə başa vurduq. Qış tətilindən sonra isə qara gün-

lərimiz başladı. Sona müəllimə nə desə yaxşıdır? “Siz elə bilir-

siniz ki, sizə beşi elə-belə yazmışam? Mən Sona müəlliməyəm. 


1   ...   13   14   15   16   17   18   19   20   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling