MÖvzu №1. MƏSafəDƏn zondlama fəNNİ, onun vəZİFƏSİ VƏ strukturu


Download 82.5 Kb.
Sana14.10.2020
Hajmi82.5 Kb.
#133776
Bog'liq
Mövzu №1. Məsafədən zondlamanın fiziki əsasları


MÖVZU №1. MƏSAFƏDƏN ZONDLAMA FƏNNİ, ONUN VƏZİFƏSİ VƏ STRUKTURU.
PLAN:

1. Məsafədən zondlamanın əsas mövzusu və onun digər elmlərlə əlaqəsi.

2. Ətraf mühitin məsafədən öyrənilməsinin fiziki aspektləri.

3. Məsafədən zondlamanın struktur sxemi.

4. Məsafədən zondlama verilənlərinin toplanması sistemi.
İnsan fəaliyyəti nəticəsində iqlimin dəyişməsi ilə yanaşı planetdə digər dəyişikliklər baş verir: stratosfer ozonunun miqdarı azalır, meşə sahələri kiçilir, hidrosfer və torpaq çirklənir, səhraların sahəsi artır, bitki və heyvanların bir çox növləri yox olur. Antropogen təsir nəticəsində Aral dənizi, bütövlükdə Rusiya, Braziliya, Meksika, ABŞ, Afrika və Çində bəzi ekosistemlər müxtəlif dərəcələrdə tənəzzülə uğrayırlar. Milyonlarla illər ərzində Yerin qatında olan faydalı qazıntıların son yüzillikdə daha böyük və artan sürətlə çıxarılması, istifadəsi, karbohidrogenlərin intensiv yandırılması ekosistemin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir.

Son vaxtlar bəşəriyyət dərk etməyə başlayır ki, Yerin təbii ehtiyatlarından düşünülməmiş və son dərəcə güclü istifadə olunması insanın yaşayış məkanının şəraitinin pisləşməsinə gətirib çıxarır və bu da nəticə etibarən bütün bəşəriyyətin mövcudluğuna təhlükə yaradır.

Əhalinin sayı artdıqca onları ehtiyacını ödəyən qida və enerji ehtiyatlarının çatışmamazlığı yaranır. Alimlərin hesablamalarına görə, əgər məhsulu ildə üç dəfə toplamaq imkanı olsaydı bu yalnız 9 milyard insanların qida və enerji tələbatını ödəyə bilərdi. Hazırda Yer kürəsində 7,3 miylyad adam yaşayır və indiki demoqrafik artma sürəti ilə 2030 ilə qədər insanları sayı Yer kürəsində 9 milyarda gəlib çatacaq. Məhz buna görə bəşəriyyəti qida və enerji ilə təmin etmək problemi alimlərin qarşısında böyük bir problem kimi durur. Bu problemi həll etmək üçün elm və texnikanın son nailiyyətlərindən geniş istifadə olunur.

Digər tərəfdən keçən əsrin ortalarından başlayaraq bəşəriyyət ekoloji problemlərin həllinə diqqət yetirməyə başlayıb. Məlumdur ki, Yer kürəsində hər il 4 milyard ton neft və qaz, 2 milyard ton kömür, 20 milyard ton dağ-mədən filizi emal olunur. Bundan başqa, insanların texniki emallarının qalıqları ətraf mühitin fiziki-kimyəvi və bioloji tərkibinə olduqca mənfi təsir edir, ətraf mühiti çirkləndirir. Canlıların yaşayış məkanı olan, Yer səthi, hava qatı, biosfer belə xarici təsirlərə məruz qalıb və öz-özünü artıq təmizləyə bilmir. Buna görə də alimlərin qarşısında kompleks kosmik üsullarla ətraf mühitin tədqiqatı, mülahizəsi və Yerin təbii sərvətlərinin rasional şəkildə çıxarılmasına və emalı məsələləri durur. Bu məsələləri həll etmək üçün Yer səthinin aerokosmik monitorinqi keçirilməlidir. “Monitorinq” sözün mənası daimi müşahidə aparan, izləmə imkanları əsasında proqnozlaşdırmağa nail olmaq deməkdir. Məqsədi isə yaşayış məskənlərinin şəraitinin yaxşılaşdırılmasıdır. Bu məqsədə nail olmaq üçün kosmik vasitələrin istifadəsi daha geniş imkanlar yaradır.

Kosmik əsrin ötən illəri ərzində Yerin süni peyklərindən planetlərarası avtomatik keçilmiş, təkyerli kosmik gəmilər nəhəng orbital stansiyalarla əvəz edilmiş, kosmosdakı sadə eksperimentlərdən elmi və xalq təsərrüfatı əhəmiyyətli fundamental tədqiqatlara aparatlara qədər yol keçilmişdir. Planetlərarası fəza, Yerin maqnitosferinin və ionosferinin təbiət qanunlarını öyrənmək üçün unikal laboratoriyaya çevrilmişdir. Bütün bunları qiymətləndirərək bu gün demək olar ki, kosmik tədqiqatlar Yer haqqında, Ay, Günəş və Günəş sisteminin planetləri haqqında və həmçinin kainatın və ulduzlararası fəzanın uzaq sərhədləri haqqında yeni məlumatların əldə edilməsinə imkan vermişdir. Bu məlumatları isə başqa vasitələrlə əldə etmək qeyri-mümkündür.

Kosmik tədqiqatlar Günəşlə yerətrafı orbit arasında baş verən proseslərin dərin əlaqələrinin olduğunu aşkar etdi. Bu isə öz növbəsində insanların Günəş fəaliyyəti ilə bağlı olan bir sıra həyati hadisələri dərk etməsinə imkan vermişdir. Artıq raket-kosmik texnikanın köməyi ilə yer tarixinin ən incə mərhələləri öyrənilməyə başlanmış, onun dərin qatlarında baş verən proseslər tədqiq edilmişdir. Müqayisəli planetşünaslıq Yer haqqında elmin vacib tərkib hissəsinə çevrimişdir. Başqa səma cisimləri nümunəsində bizim planetin quruluşu və təkamülü öyrənilmişdir.

Eyni zamanda kosmonavtika elmi geniş imkanlara malik olmaqla artıq insanların təsərrüfat fəaliyyətinə konkret və nəzərə çarpacaq dərəcədə xeyir verir. Rabitə, meteorologiya, kənd və meşə təsərrüfatı, dəniz və hava nəqliyyatı, energetika və s. kimi digər sahələr kosmik tədqiqatlarsız təsəvvür edilmir.

Sənaye obyektlərinin enerjiyə olan ehtiyacının ödənilməsi, ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparılması, təbii ehtiyatların çatışmamazlığının aradan qaldırılması, əhalinin ərzaqla təmin edilməsi, hava və iqlim proqnozunun etibarlığının artırılması elektronika və tibb üçün zəruri olan və az tapılan materialların istehsalının uçuzlaşdırılması kimi bu və ya digər problemlər bəşəriyyət üçün ən aktual məsələdir. Bu məsələlərin çoxunun səmərəli həlli kosmik tədqiqatların ən son nailiyyətlərindən istifadə edilmədən mümkün deyildir. Misal üçün qeyd etmək lazımdır ki, kənd təsərrüfatı məhsullarının istehsalı məsələlərinin həlli və yaxud Dünya okeanının öyrənilməsi və istifadə edilməsi məsafədən zondlama metodlarının yerşünaslıq təcrübəsində intensiv tətbiq edilməsini tələb edir.

Havanın uzun müddətli proqnozlaşdırılması sahəsində kifayət qədər nailiyyətlərin əldə edilməsi üçün Yer atmosferində baş verən proseslərin dərindən və hərtərəfli öyrənilməsi, onun okeanla və Yer ətrafı kosmik fəzası ilə qarşılıqlı təsirinin tədqiq edilməsi tələb edilir. İqlim dəyişmələri mexanizminin, mineral ehtiyatlarının paylanması qanunauyğunluqlarının, Yerdəki tektonik fəaliyyətin dərk edilməsi – bu və bir çox digər mühüm məsələlərin həllində kosmik texnikanın və üsulların tətbiqi istiqamətləri də geniş yayılmışdır.

Təbii ehtiyatların öyrənilməsində kosmik texnika və texnologiyanın tətbiq edilməsi bu sahədən olan çoxlu məsələlərin yeni üsullarla – qlobal planda, mütəmadi müşahidələri təmin etməklə nəticələrin operativ şəkildə əldə etmək imkanı verir.

Ənənəvi üsullar ilə müqayisədə kosmik üsulların bir çox üstünlükləri var və bu da, ilk növbədə onların ekspreslik və qloballıq cəhətləridir. İnformasiya alınmasının ekspresliyi - ətraf mühitinin parametrləri haqqında məlumatın tez və həmin anda əldə etməyin mümkünlüyüdür.

Məlumat alınmasının qloballığı – Yer səthinin böyük sahəsindən qısa müddət ərzində məlumat almağın mümkünlüyüdür. Kosmik vasitələrin köməyi ilə qloballıq, peykin Yer səthindən xeyli uzaqlığı ilə, yəni 200 km-dən 36 min km-dək məsafədə yerləşməsi ilə əlaqədardır. Hətta aşağı orbitlərdə yerləşən peyklərineyni zamanda əhatə etdiyi sahə minlərlə kvadrat kilometrlərə bərabərdir. Orbitin yüksəkliyi artdıqca, bu sahə artır və yüksəkliyi 36 min km olan geostasionar peyk üçün bu görünüş sahəsi Yer kürəsi səthinin, təqribən yarısına qədər təşkil edir.

Yeri müşahidə edən kosmik sistemlərin üçüncü mühüm cəhəti – ümumiləşdirilmiş məlumat almağın mümkünlüyüdür. Bu ümumiləşdirmə - obyektin ayrı-ayrı hissələrindən onun bütöv görünüşünün əmələ gəlməsidir.

Bundan başqa, təbii ehtiyatların öyrənilməsi və ətraf mühitə nəzarət məsələlərinin həllində kosmik vasitələrdən istifadə etmənin əsas üstünlükləri aşağıdakılardan ibarətdir:

- müntəzəmlik – baxılan ərazini ixtiyarı zaman ilə dövri müşahidələrinin həyata keçirilməsi;

- çoxəhatilik – digər üsullar və vasitələrlə tədqiqi mümkün olmayan, əlçatmaz regionların öyrənilməsi və onlara nəzarət;

- müxtəlif zamanlıq – ilin və sutkanın ixtiyari anında müşahidələrin aparılmasının mümkünlüyü;

- səmərəlilik – məlumatın toplanmasının, emal edilməsinin və istehlakçıya çatdırılmasının iqtisadi cəhətdən səmərəli olması.

Son illər Yer üzərində baş verən qlobal dəyişmələrin tədqiqində məsafədən zondlamanın nəticələri öz aktuallığı ilə böyük əhəmiyyət kəsb edir.

Ənənəvi olaraq, “Yerin məsafədən zondlanması” dedikdə Yerin müxtəlif təbiətli obyektlərinin əks etdirdiyi və ya şüalandırdığı sahələr haqqında, pilotsuz və ya məsafədən idarə olunan hava gəmilərinin və ya kosmik platformalarda quraşdırılmış cihazlar vasitəsilə məlumatların alması və emalı nəzərdə tutulur.

Bu baxımdan elektromaqnit şkalasının müxtəlif sahələrində -ultrabənövşəyi, görünən, infraqırmızı elektromaqnit sahəsinin intensivliyini qeyd edə bilən həssaslığa malik cihazlardan çox geniş istifadə olunur. Görünən diapazon rənglərə görə bir neçə zonalara ayrılır. Çəkilişlər zamanı Yerin səthinin alınmış şəkillərinin və energetik qiymətlərinin emalı əsasında müxtəlif obyektlərin tanınması və xarakteristikalarını dəqiq və daha asan üsulla təyin etmək üçün eyni vaxtda diapazonların sayından asılı olaraq panxromatik, çoxspektral və hiperspektral cihazlardan geniş istifadə olunur.

Kosmik məsafələrdən müşahidə və tədqiq etmə prinsipləri Yer üzərində olan təbii obyektlərinə düşən Günəş şüalarının udma və əks etdirmə qabiliyyətinə əsaslanır. Məlumdur ki, hər bir təbii obyekt fiziki, bioloji, həndəsi parametrlərinə görə onun üzərinə düşən elektromaqnit şüalarının bir hissəsini udur, qalan hissəsini isə əks etdirir. Təbii obyektlərin az şüalanması isə onların temperaturu ilə əlaqədardır və elektromaqnit dalğalarının infraqırmızı diapazonunun 1,5 – 30,0 mkm dalğa uzunluqlarında müşahidə olunur. Müasir kosmik ölçü cihazları vasitəsilə yer üzərində olan obyektlərinin temperaturu 0,1 – 0,5 °C dəqiqliklə ölçülür.

Elektromaqnit spektrin müxtəlif sahələrində ölçmələrin aparılması ilə müxtəlif məsələlər həll edilir. Misal üçün görünən diapazonda təbii obyektlərin fiziki-kimyəvi parametrləri: bitkilərdə xlorofilin tərkibi, suyun duzluluğu və çirklənməsi və s. kimyəvi, bioloji parametrlər aşkar edilir. Yaxın və uzaq infraqırmızı diapazonda bitki obyektlərində yanma və çürümə prosesləri ilə əlaqədar olaraq müxtəlif “xəstəliklər” aşkar edilir. İfrat yüksək tezliklərin müsbət cəhəti ondan ibarətdir ki, Günəşin və iqlim şəraitinin ölçü sistemlərinə təsiri olmur.

Müşahidə prinsiplərinə, məqsədli təyinatına, təsisat aidliyinə, cihaz daşıyıcısının hərəkətini nəzərə almaqla, çəkilən şəkillərin və məlumatların emalına, məlumatların zamana və ya məkana görə açılmasına, skanerli və xətti olmaqlarına görə məsafədən zondlamanın məlumat ölçmə sistemləri müxtəlif siniflərə ayrılırlar. Məsafədən zondlama üçün nəzərdə tutulmuş kosmik cihazlar uçuş hündürlüklərinə görə aşağı, orta hündürlüklü və geostasionar tipli cihazlara ayrılırlar.

Həll olunan məsələlərin sayından və həcmindən asılı olaraq süni peyklərin çəkilişi təxminən bir kiloqramdan bir neçə yüz min ton ağırlığında ola bilər. Təbii obyektlər əsasən 3 tip xarakteristikalara malik olurlar:

1. Məkan xarakteristikası. Obyektin əvvəlcədən qəbul olunmuş koordinat sistemində vəziyyəti təyin olunur: bu xarakteristikanın qarşısında qoyulan əsas məqsəd obyektin yerləşdiyi məkanın, o cümlədən Yer səthində digər obyektlərə qarşı vəziyyətinin dəqiq təyin olunmasıdır.

2. Zaman xarakteristikası – zamandan asılı olaraq, Yerin səthində olan obyektin xüsusiyyətinin, proses və hadisələrin dəyişməsini xarakterizə edir. Bu xarakteristikanın qarşısına qoyulan əsas tələb – aktuallıqdır.

3. Tematik xarakteristika – obyektin zaman və məkan xarakteristikaların istisna olmaqla xüsusiyyətlərini təsvir edir; əsas tələb – təcrübi məsələlərin həllində sadəlik və kifayətlilikdir.

Peyklərin orbitləri onlarda yerləşdirilən cihaz və avadanlıqların imkan və təyinatından asılı olaraq seçilir. Orbitlər Yerdən olan məsafələrin və fırlanma müstəvisinin Yerə nəzərən vəziyyətləri ilə bir-birindən fərqlənir. Orbitlər növlərinə görə ən çox istifadə olunan geostasionar və polyar növlü olurlar. Geostasionar orbitlər Yerin ekvator müstəvisində yerləşən və 35800 km hündürlüyə malik dairəvi orbitlərdir. Bu hündürlükdə uçan peykin orbital periodu yüksək dəqiqliklə Yerin fırlanma periodu ilə üst-üstə düşdüyündən, o daima Yer səthinin eyni bir nöqtəsi üzərində asılı vəziyyətdə yerləşir. Bu, ilin istənilən vaxtında, sutkanın istənilən anında seçilmiş ərazini müşahidə etməyə imkan verir. Bu orbitlərin əsas üstünlüyü alınan məlumatların zamana görə yüksək ayırd etməyə və sabit görüş bucağına malik olmasıdır. Bu orbitdə hərəkət edən peyk Yerdən o dərəcədə hündürlükdə yerləşir ki, o yüksək faza ayırd etməsinə və keyfiyyətli müşahidələrə eyni zamanda zəmanət verə bilmir. Həmin orbitdə 5-6 peyk uçduqda Yerin ekvator oblastına müşahidə üçün olduqca faydalı olmaqla onlar Yerin qütblərini görmürlər. Adətən geostasionar orbitdə meteoroloji və rabitə peykləri uçur.

Məsafədən zondlama üçün nəzərdə tutulan peyklərin əksəriyyəti hazırda qütb orbitləri ilə uçurlar. Bu o deməkdir ki, peyk şimal istiqamətində uçanda Yerin bir tərəfi üzərindən, cənub istiqamətində uçanda isə o biri tərəfi üzərindən keçir. Bu cür peyk orbitlərinin bir çoxu Günəşə görə sinxronlaşdırılmış olur, başqa sözlə peyk seçilmiş ərazi üzərindən eyni vaxtda keçir. Bu hallar bir neçə illər ərzində aparılan tədqiqatlar üçün eyni işıqlanma şəraitini təmin edir. Orbitin şimala doğru gedən hissəsinə qalxan orbit, digər hissəsinə isə düşən orbit deyilir. Polyar orbitlər geostasionar orbitlərə nisbətən Yerə yaxın olur. Polyar orbital daşıyıcılarda yerləşdirilən cihazlar məkana görə ayırdetməni daha yaxşı təmin etməklə, məsafədən zondlama zamanı yüksək keyfiyyətli nəticələr almağa imkan verir.

Kosmik təbiətşünaslıq, yeni bir elm olaraq, özündə müasir elmlərin və texnikanın son inkişaf nailiyyətlərini cəmləşdirir və öz yaradıcılıq istiqamətini bəşəri məsələlərin həllinə yönəldir. Kosmik təbiətşünaslığın ölçü metodologiyasında əsas məqsəd təbii obyektlərin fiziki, kimyəvi bioloji parametrlərini öyrənmək, onların spektral xarakteristikalarına iqlim şəraitinin, Günəş şüalanmasının və atmosfer parametrlərinin təsirini öyrənməkdən ibarətdir.

Bu istiqamətdə əsas vasitə kosmik peyklərdir. Onların vasitəsilə kosmosdan Yer kürəsinin təbii sərvətlərin müşahidə etmək və müxtəlif ölçmələr aparmaq mümkün olur.

Təbii obyektlərin parametrlərini peyklərdən dəqiq ölçmək üçün atmosferin təsiri və ayrı-ayrı obyektlərin müxtəlif elektromaqnit dalğalarını udma və əks etdirmə qabiliyyətləri öyrənilməlidir.

Bir çox ölkələrdə Yerin təbii ehtiyatlarının öyrənilməsinin daimi fəaliyyət göstərən kosmik sisteminin yaradılması istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. Müasir dövrdə təbii ehtiyatların və ətraf mühitin vəziyyəti haqqında pilotlu və pilotsuz kosmik aparatlardan müxtəlif məlumatların əldə edilməsi və onlardan istifadə edilməsi dünyada geniş vüsət almışdır.



Kosmik yerşünaslıq sisteminin yaradılması texniki, təbiət və iqtisadi elmlərin birgə gücü ilə həll edilə biləcək mürəkkəb və kompleks problemdir. Bu üsulların əsas tədqiqat alətinə çevrilməsi üçün kosmik məlumatların emalının mövcud olan üsulları daha da təkmilləşdirilməli, verilənlərə avtomatlaşdırılmış təhlil daha geniş tətbiq edilməli, istehlakçı tərəfindən məlumatın əldə edilməsinin operativliyi daha da yüksəlməlidir. Hazırda Yerin təbii ehtiyatlarının kosmik sistemi artıq uzun illər fəaliyyət göstərən rabitə və meteorologiya sistemi kimi bir daim xidmət növünə çevrilib.

Geologiya sahəsində faydalı qazıntı yataqlarının aşkar edilməsi, neft, qaz, daş kömür və digər sərvətlərin perspektiv rayonlarının müəyyən edilməsi; nəhəng tikintilərin kartoqrafik və geoloji planlarının hazırlanması; seysmik və vulkanik fəaliyyətin qiymətləndirilməsi, onların proqnozlaşdırılması üçün verilənlərin əldə edilməsinə qulluq edir.

Kosmik geologiyanın əsas vasitələrinin və üsullarının təkmilləşdirilməsi ilə yanaşı, yaxın zamanda aerokosmik şəkillərin emalı nəticəsində Yer kürəsinin dərin qatlarının quruluşunun öyrənilməsi, müxtəlif quruluş elementlərin qarşılıqlı münasibətlərinin aşkar edilməsi, müasir geoloji proseslərin dinamikasının tədqiq edilməsi və onlara müxtəlif antropogen amillərin təsiri əsas məsələlər kimi qarşıda durur.



Okeanologiya və okeanoqrafiya sahəsində gəmiçiliyə və sahil rayonlarına təsir edə biləcək hadisələrin proqnozlaşdırılması, gəmilərin hərəkət yollarının qiymətləndirilməsi, böyük akvatoriyaların su səthinin dalğalanmasının qiymətinin ölçülməsi və xarakterinin təyini, şimal bölgələrində buzlaşma şəraitinə, buz dağlarının əmələ gəlməsinə və hərəkətinə nəzarət, planktonlarla zəngin olan rayonların aşkar edilməsi məsələləri həll olunur.

Kosmik okeanologiya sisteminin əsas vəzifəsi dünya okeanının təbii ehtiyatları ilə su və hava mühitindəki hadisələrin əlaqəsini tədqiq etməkdən, hidrofiziki sahələrin sinoptik dəyişmələrinin okeanın enerji balansına təsirini öyrənməkdən ibarətdir. Bu isə öz növbəsində bioməhsuldar ərazilərin aşkar edilməsinə, Dünya okeanının bioloji və enerji ehtiyatlarından rasional istifadə edilməsinə imkan verir. Bu sistemin fəaliyyət çərçivəsində həmçinin, hava şəraitinin dəyişməsinin proqnozlaşdırılması və ona operativ nəzarət üsullarının təkmilləşdirilməsi, il boyu müntəzəm naviqasiya ilə təmin edilməsi də nəzərdə tutulur.

Okeanda termal anomaliyaların məsafədən öyrənmə üsulları ilə tədqiqi, okean və atmosfer arasındakı qarşılıqlı təsirlərin, cəbhə zonaların və iqlim dəyişmələrinə təsir edən digər amillərin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu üsullar isə öz növbəsində havanın və böyük su kütlələri massivlərinin çirklənməsinə nəzarət etməyə imkan verir.

Okeanoloji tədqiqatlar proqramında əsas yeri şelf zonalarının öyrənilməsi, dəniz dibində geoloji qazıntılar aparmaq strategiyası üzrə tövsiyələrin hazırlanması tutur ki, bu da mineral sərvətlərlə iqtisadi sistemin tələblərini ödəməkdə vacib rol oynayır.



Biosferə və ətraf mühitə nəzarət sahəsində müxtəlif rayonlarda havanın, torpağın və atmosferin çirklənməsinin qiymətləndirilməsi, əhalisi sıx olan yaşayış məntəqələrində və iri şəhərlərdə işlədilən və itkilərə düçar olunan suların miqdarına nəzarət, vəhşi heyvanların yerləşdiyi ərazilərin və yerdəyişmələrinin müşahidəsi üçün işlər aparılır.

Ekologiyada, ətraf mühitin vəziyyətinin öyrənilməsi və proqnozlaşdırılnası məsələlərinin həllində geo-ekoloji sistemlərin parametrlərinin məsafədən tədqiqat üsulları ilə təyin edilməsinin inkişafını, təbii ehtiyatların inventarlaşmasını təmin edən tematik xəritələşmə üsullarını təkmilləşdirilməsini, yerin, atmosferin və suyun, bir sözlə ətraf mühitin çirklənməsi məsələlərin məsafədən zondlama üsulları ilə monitorinqi müvəffəqiyyətlə aparılır.

Bundan başqa kosmik sistem və xidmətlər vasitəsilə yerüstü, dəniz və hava nəqliyyatı mərkəzləşmiş şəkildə idarə etmək, dənizdə balıq ovuna nəzarət, qoruq zonalarını saxlamaq və s. məsələləri həll etmək mümkündür.

Kənd və meşə təsərrüfatı sahəsində, yerşünaslıqda bitkilərin yerləşmə dərəcəsinin, inkişaf mərhələsinin və məhsuldarlığının qiymətləndirilməsi, tarlaların və meşələrin ayrı-ayrı sahələrinin məhv edilməsinin aşkar edilməsi, bitkilərin saxlanılması üçün səmərəli tədbirlərin müəyyən edilməsi, meşə sahələrinin vəziyyətinin qiymətləndirilməsi, meşələrin doğranmasının və əkilməsinin planlaşdırılması, meşə yanğınlarının aşkarlanması və onların inkişafına nəzarət edilməsi, səmərəli əks tədbirlərin hazırlanması, müəyyən rayonlarda bataqlıqlaşmasının aşkar edilməsi, meliorasiya işlərinin planlaşdırılması, konkret regionlarda torpaqdan istifadəsi, suvarılan torpaqlara nəzarət edilməsi və otlaqların qiymətləndirilməsi, yəni olduqca geniş problemlərin həllinə qulluq edir.

Sadalananlardan başqa, kosmik texnikadan istifadə etməklə şəhərsalmanın, nəqliyyat magistrallarının tikintisinin və istismarını və bir çox bəzi məsələlərinin həllində səmərəlilik əldə etmək mümkündür.

Kosmik ölçü sistemlərindən alınan informasiyanın istehçılara çatdırılması üçün, o bir neçə ilkin emal mərhələsindən keçir. İlkin emal mərhələsində ən vacib sayılan proseslərdən biri informasiyanı rəqəmlə ifadə etmək və coğrafi koordinatlarını müəyyən etməkdir.

İlkin informasiyanın universal şəkildə ifadə edilməsi üçün o aşağıda deyilən müxtəlif emal mərhələlərindən keçir.

- ilkin peyk informasiyası;

- məkana;

- spektral parlaqlıqlara görə paylanma faylı;

- radiozonal ölçü verilənləri;

- aprior informasiyanın hazırlanması;

- iqlim şəraitinin verilənləri;

- aprior informasiya faylı;

- ikinci emal mərhələsi;

- kodlaşdırma prosesi;

- verilənlər bazasının təşkili;

- arxiv materialları.

Bu üsulların müsbət cəhəti ondan ibarətdir ki, çəkilmiş təsvir birbaşa topoqrafiya koordinatları ilə qeyd olunur və eyni zamanda, alınmış ilkin universal üsulda, rəqəmlərlə ifadə olunaraq, sonrakı tematik emal proseslərini qat-qat asanlaşdırır. Rəqəmlə ifadə olunmuş informasiyada hər bir pikseli təyin etmək imkanı var, bu isə ümumiyyətlə, təshih proseslərini asanlaşdırır. Bundan əlavə, ilkin emal zamanı atmosferin, Günəşin və əks olunan şüaların təsvirlərdə yaratdığı təhrifləri aradan qaldırmaq üçün ilkin təsvir bu cür “yaxşılaşdırılır”:

- Günəş şüalanmasından bərq vuran, böyük parlaqlıqlı piksellərin qiyməti təshih olunaraq “hamarlanır”;

- bort çəkiliş sistemlərinə uyğun təhriflər aradan qaldırılır;

- təsvirlər radiometrik təshihdən keçir;

- emal olunmuş ilkin informasiya rəqəmlə ifadə olunur və böyük həcmli maqnit lentlərinə yazılır, arxiv yaradılır.

İkinci emal mərhələsində qoyulmuş məsələlərin tələbatından asılı olaraq hər mütəxəssis ilkin emal olunmuş təsvir informasiyasından özünə aid parametrləri çıxarır.

Məsələn, geoloqlar təsvirdə əks olunmuş informasiyaya əsasən neft, qaz, daş kömür yataqlarının aşkar olunmasını təyin edirlər. Yer qatlarında tektonik, geotermal və seysmoaktiv zonalarını müəyyənləşdirirlər.



Hidrologiya mütəxəssisləri kosmik təsvirlərin təhlilinə əsasən Yer qatlarında olan içməli su ehtiyatlarının yerləşməsini, tufan, qasırğa, güclü yağış və sellər haqqında əvvəlcədən operativ surətdə xəbər verirlər. Buzlaqların, çayların, göllərin və suvarma kanallarının hidroelektrik stansiyalarının və s. su ambarlarının vəziyyətini müşahidə edirlər.

Okeanoloqlar təsvirlərdə əks olunmuş buz qatlarına görə təhlükəsiz gəmi yük daşıma yollarını təyin edirlər. Dəniz və okeanlarda yaranan fırtına, qasırğa, sunami haqqında məlumatı çatdırırlar. Balıq sürülərinin hərəkətinə nəzarət edir və balıqçılara xəbər verir. Ekoloqlar alınmış təsvirlərə görə ətraf mühitin çirklənmə ərazilərini təyin edir. Böyük şəhərlərin havasını hansı müəssisələr tərəfindən çirkləndiyini aydınlaşdırır, atmosferin təmizliyi haqqında məlumat çatdırırlar.

Kənd təsərrüfatı mütəxəssisləri təsvirlərdə zəmilərdə, tarlalarda olan məhsulların vəziyyətinə nəzarət edir, əkilmiş bitkilərə lazım olan suvarma gübrə, kimyəvi herbisidlərlə emal müddətlərini təyin edirlər. Onlar kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizə üsullarını seçir, əkin üçün faydalı sahələrin xəritələrini tərtib edirlər.

Meşə təsərrüfatı işçiləri alınmış təsvirlərə görə meşə, dağ və çöl zonalarında ağac ehtiyatlarının miqdarını, onların sağlamlıq vəziyyətini təyin edir və yeni ağac əkilmə ərazilərini müəyyənləşdirirlər.

Gətirilmiş misallardan aydın olur ki, kosmik peyklərin və təyyarələrin ölçü sistemlərindən alınan məlumatlar çox vacib olub, elm və texnikanın müxtəlif sahələrində geniş istifadə olunur.

Qeyd etməliyik ki, informasiyanın ikinci emal mərhələsində də ümumiləşmiş, yəni bütün ixtisas sahələrinə aid olan emal prosesləri aparılır. Bu proseslərə konturların çıxarılması, təsvirin təzadlığının dəyişdirilməsi, monoxromatik təsvirlərin yaradılması və s. əməliyyatları misal göstərmək olar.

Peyk və təyyarələrdən alınan məlumatların iqtisadi səmərəliliyi ondan ibarətdir ki, neft, qaz və başqa faydalı qazıntıların axtarışlarına sərf olunan müddəti nəzərə almadan ümumi xərclərin dəyəri 10 % azalır. Amerika mütəxəssislərinin “Landsat” süni peyk proqramının nəticələrinə görə kənd təsərrüfatı sahələrinin tanınma faizi 95 % təşkil edir. Bu məsələyə sərf edilən əmək və iqtisadi xərclər isə 8-10 % azalır. Kosmik informasiya sistemləri vasitəsilə Yerin təbii sərvətlərinin öyrənilməsi, ətraf mühitin mühafizəsi çox sahəli elm olduğundan böyük xərclər tələb edir. Bununla belə, kosmik peyk informasiyasının elm və texnikanın, rabitə sistemlərinin, hidrometeorologiyanın, kənd təsərrüfatının müxtəlif sahələrinin tələbatını ödəməsi, bir daha onun iqtisadi səmərəliliyini təsdiq edir. Amerika və Rusiya iqtisadçılarının apardığı texniki-iqtisadi təhlilə görə müxtəlif ölkələr kosmik tədiqatlara hər il 140-200 mlrd. dollar sərf edirlər. İqtisadi ekspertlərin təhlilinə görə kosmik tədqiqatlara sərf edilən xərclər, 8-10 il ərzində tamamilə və hətta artıqlaması ilə ödənilir.



Son illərdə kosmosdan alınan məlumatların tətbiq olunması şəhər və kommunikasiya xəritələrinin yaradılmasına sərf olunacaq əmək və digər xərclərini 4 dəfə, hidromeliorasiya sahəsində aparılan işlərini isə 2,5 dəfə azalmışdır. Operativ informasiyalara görə yanğın sahələrinin sayı 45-50 % azaldılmışdır. Yerin süni peyklərindən alınan məlumatlara əsasən gündəlik hidrometeoroloji xəritələr və yer səthinin temperatur xəritəsi yaradılır. İqtisadçı ekspertlərin tədqiqatlarına görə kosmik tədqiqatlar proqramına qoyulmuş hər 1 dollar ildə 5 dəfə artıq gəlir gətirir.
Download 82.5 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling