Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Download 0.92 Mb.
bet1/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


GIRIŞ
Ixtiologiya balıqlar haqda elmdir (yunanca “ixtis”-balıq, “loqos” – söz, ağıl deməkdir).

Böyük alim L.S.Berqə görə ixtiologiya balıqların təbii tarixidir. Bu elm, balıqların morfologiya və anatomiyası yəni xarici mühitlə əlaqəsini; təkamül və ailogeniyasını – taksonların (növ, cins, fəsilə s.) inkişaf tarixini; zoocoğrafiyasını – coğrafi yayılmasını və s. öyrənir, eləcə də onların insanın mühüm təsərrüfat sahəsi kimi ehtiyatını qorumaq və artırmaq, səmərəli istifadə etmək qaydalarını tədqiq edir.

Balıqlar həm növ tərkibi, həm də miqdarca onurğalıların ən çox saylı qrupudur. Onların növlərinin miqdarı müxtəlif müəlliflərə görə 20-22 mindən 30 minə qədərdir. Balıqlar çox müxtəlif şəraitdə - okeanlarda, dənizlərdə, göllərdə, çaylarda yaşayır. Bunlara 6000 m hündürlükdə olan dağ sularında, okeanın ən dərin yerlərində, yeraltı və yarğan sularında da rast gəlmək olur. Istiliyi 20-dən 520-yə, duzluluğu 80%-ə qədər olan sularda yaşayan balıqlar da mövcuddur.

Balıqların göstərilən növ çoxluğu su mühitinin müxtəlifliyi və hər növün yaşayış şəraitinin olması ilə əlaqədardır ki, bunun müqabilində uzun tarixi dövr ərzində balıqlarda xarici görünüş – bədən forması, rəng müxtəlifliyi, mühit və şəraitlə əlaqədar olan bəzi əlamətlərin və orqanlar sisteminin inkişafı, digərlərinin inkişafdan qalması (reduksiyası) halları baş vermiş və balıqların müasir müxtəlifliyinin əmələ gəlməsinə səbəb olmuşdur.

Balıqların müxtəlifliyi göstərilənlərlə qurtarmır. Bunların arasında cırtdanlarda yanaşı (xul balığı – 1,5 sm), nəhənglər də (balina, akula -20 m, 15-20 ton) var. Onların bəziləri çürüntü ilə (kefallar), digərləri birhüceyrəlilərlə, yosunlarla qidalanır (yırtıcı olmayan balıqların çoxu), dəhşətli yırtıcıları var (akulaların bəziləri, qılınc balıq, bəzi tuneslər və s.), su bitkiləri ilə qidalananlar (ağ amur), hətta öz ömrü bahasına nəsil qayğısına qalanlarla (kür qızıl balığı, uzaq şərq qızılbalıqları, çay angvillası və s.) yanaşı, qida çatışmazlığı zamanı öz balasını yeyənlər (hannibalizm), kürü tökənlər və diri bala doğanlar (akulalar, qambuziya və s.), elektrik cərəyanı hasil edənlər (elektrik skatı), su dibində torpağa girib gizlənənlər, qorxudan havada uçanlar (uçan balıq), sürünərək, hoppanaraq hərəkət edənlər, yaxşı üzənlər və tənbəllər və s. kimiləri də az deyil.

Balıqlar çox zəngin olan su biosenozlarının son məhsuludur. Suların bioloji məhsuldarlığının bir hissəsi balıqlar vasitəsilə faydalı məhsula çevrilir. Buna görə də balıqları qorumaq, onların ehtiyatından səmərəli istifadə etmək, həm də bu cəhətdən faydalıdır.

Balıqların bədəni baş, gövdə və quyruq hissələrindən ibarətdir. Bu hissələr bir-birinə sərhədsiz keçir. Baş hissə ilə gövdə hissənin sərhəddi qəlsəmə qapağının sonu, gövdə hissə ilə quyruq hissənin sərhəddi anal dəliyidir.

Balıqlarda başın forması müxtəlif olub növün yaşayış şəraitinə, uygunlaşmadır. Qılınc balığın üst çənəsi çox uzanıb qılınca oxşayır ki, bu hücum aləti hesab edilir. Kürək burunun başı yastılaşıb, kürəyə bənzəyir, iynə balığın başı uzun boru, çəkic akulanın başı çəkic kimidir. Baş hissədə ağız, gözlər, burun dəlikləri, qəlsəmə aparatı yerləşir.

Yerləşməsinə görə ağız bir neçə cür olur: üst ağız (qalınalın, qılınc balıq), yarımüst ağız (gümüşcələr, siyənəklərin bəziləri), uc ağız (pelyad, skumbriya, sıf, çəki), yarımalt ağız (külmə, çapaq), alt ağız (alt ağız, nərə balıqları). Alt ağız yarımaypara (bölgədə) və ya eninə yarıq şəklində (nərədə, altağızda) olur. Bəzi balıqlarda (zərdəpər) ağız xortum kimi irəliyə uzanır, digərlərində (minoqa) sorucu qıf kimi olur. Şirbitlərdə, xramulyada ağızın yanlarında, nərələrdə ağızın önündə müxtəlif boyda bığcıqlar olur.

Balıqlarda gözlərin yerləşməsi də müxtəlifdir. Əksər növlərdə başın yanlarında olan gözlər bəzi balıqlarda başın üstündə (üstgöz, skatlar), digərlərində (kambalalar) başın bir tərəfində olur. Dərinlik və yarğan balıqlarında gözləri zəif inkişaf edib və dəri altındadır.

Balıqların hamısında burun dəlikləri cütdür. Bu dəliklər əksər balıqlarda başın üst tərəfində gözlərin önündə, qığırdaqlı balıqlarda isə başın alt tərəfində yerləşir. Qığırdaqlı balıqlarda gözlərin gerisində spirakulum dəliyi də vardır. Bu dəlik vəzifəsini itirmiş qəlsəmə yarığının qalığıdır.

Balıqlarda başın yanlarında qəlsəmə aparatının üstünü eyni adlı qapaqlar örtür. Bu qapaqlar bəzi balıqlarda dəri qatlaqdan, digərlərində sümükdəndir.

Balıqların tək və cüt üzgəcləri var. Tək üzgəclərə bel, quyruq, anal üzgəncləri, cüt üzgəclərə döş və qarın üzgəcləri aiddir. Bəzi balıqlarda (sıfda, xanıda) bel üzgəci də iki, digərlərində (treskalarda, paltusda) daha çox olur. Lakin bu balıqlarda bel üzgəcləri bir-birinin ardınca yerləşir. Qızıl balıqların quyruq gövdəsi üzərində kiçicik piy üzgəci var. Anal üzgəci adətən tək, treskalarda cüt olur, tikanlı akulada olmur. Quyruq üzgəci quruluşuna görə müxtəlif olur: protoserkal, yəni üzgəcin alt və üst payları bərabər; heteroserkal, yəni ox skeletin sonu üst payın içərisinə gedir, üzgəcin bu payı uzanıb heteroserqallıq (qeyri-bərabəlik) əmələ gətirir; homoserkal, yəni daxildən asimmetrik, xaricdən simmetrik (payların bərabərliyi); difiserkal, yəni daxildən və xaricdən bərabər üzgəc.

Elmi ədəbiyyatda üzgəclərin adlarına müvafiq olan hərflərlə göstərilir. Bel üzgəci “D” (dorsal), anal üzgəci “A” (anal), döş üzgəci “P” (pektoral), qarın üzgəci “V” (ventral), quyruq üzgəci “C” hərfləri ilə qeyd edilir. Üzgəc şüaları sərt və yumşaq olur, belə yazılır: D III-IV 8-10. Bu o deməkdir ki, bel üzgəcində III-IV sərt, 8-10 yumşaq şüa vardır.

Balıqlarda çox mühüm əhəmiyyəti olan yan xətt orqanı (Linia lateralis) da var. Bu orqan balıqların çoxunda bədən boyu uzanan dəlikli pulcuq sırasından ibarətdir. Koryuşkada, navaqada yan xətt orqanı qırıq-qırıq, qılınc balıqda əyri-üyrü haldadır. Terpuq balıqlarının yan xətt orqanı 5 cərgəlidir, siyənəklərdə isə bu orqan yoxdur, başda bunun yalnız kanalı vardır.

Ixtioloji elmi ədəbiyyatda bəzi taksonların xüsusi sonluğu var bu taksonlar rus dilində belə yazılır: fəsiləaltı-карпоподные, fəsilə-карповые, dəstəaltı-карповидные və dəstə-карпообразные. Altından xətt çəkilmiş sonluqları Azərbaycan dilində mənalandırmaq mümkün olmadı. Bununla əlaqədar olaraq, həm də tədrisin yaxşılaşdırılması baxımından göstərilən taksonların bizim dilimizdə sonluğu belə ola bilər: dəstənin sonluğu “kimilər”, məs.: çəkikimilər, fəsilənin sonluğu “lar, lər”, məs.: Karplar, çəkilər. Dəstəaltı, fəsiləaltı yazıldıqda əvvəlcə taksonun “çini”, məs.: fəsilaltı, dəstəaltı sözləri, sonra isə taksonun adı və müvafiq sonluq (“lar, lər” və ya “kimilər”), məs.: yenə karplar, çəkilər və ya karpkimilər, çəkikimilər yazıla bilər. Cinsdən yuxarı və dəstəyə qədər olan taksonların yazılışının latın dilində də xüsusi sonluğu var: fəsiləaltının belə sonluğu “ini” və ya “iae” (məs. Cypriniae), fəsilə sonluğu “idae” (məs.: Cyprinidae), dəstəaltının sonluğu “oidei” (məs.: Cyprinoidei) dəstənin sonluğu “formes” (məs. Cupriniformes).

Cins və cinsdən aşağı və dəstədən yuxarı taksonların nə rus, nə də latın dilində xüsusi sonluğu yoxdur. Binar nomemklaturaya əsasən cins bir adla-sözlə, məs.; çəki, növ isə qoşa adla-sözlə göstərilir, məs.: adi çəki, cinsin və növün belə yazılmışı qəbul olunmuş ümumi qaydadır.

Elmi və tədris ədəbiyyatlarından takson cinslərinin (dəstə, sinif və s.) və adlarının (siyənəkkimilər, sümüklü balıqlar) yazılmasında da vahidlik yoxdur. Bəzən hansı dildə yazılmasından asılı olmayaraq “çin” əvvəldə yazılır (dəstə siyənəkkimilər), bəzən də əvvəlcə taksonun adı sonra onun “çini” göstərilir (siyənəkkimilər dəstəsi). Ikinci qayda dilimizə daha səlist uyuşur. Lakin “çin”in əvvəlcə yazılması heyvanların tabeçilik sistemini öyrənməyə asanlaşdırır. Buna görə də ayrı-ayrı başlıqlarda, cümlə içərisində “çini” axırda, iri takson sistemi verdikdə isə “çini” əvvəldə yazmaq qaydasına əməl ediləcək.


İXTİOLOGİYANIN İNKİŞAFININ

QISA İCMALI
Insanlar hələ qədimdən balıqlardan ərzaq kimi istifadə ediblər. Bunu qədim insanın mətbəx qalıqları sübut edir. Sonralar cəmiyyət inkişaf etdikcə insanın suların bioloji məhsuldarlığından istifadə etməsi durmadan artıb. Əsrimizdən öncə 3600-3700-ci illərdə qədim Misirdə balıqların şəkillərinə rast gəlinib ki, bu şəkillərlə nəinki balıqların növlərini təyin etmək, hətta kəsilməsinin və qurudulmasını izləmək mümkün olub.

Lakin balıqlar haqda az-çox sistemləşmiş material 2-3 min il bundan əvvələ aiddir. Ilk belə məlumatlar eramızdan əvvəl 384-322-ci illərdə yaşamış filosof alim Aristotelin adı ilə bağlıdır. Onun “Heyvanların tarixi” adlı kitabında ilk elmi anlayışlar (balıqların biologiyası və miqrasiyası) verilmişdir. O, 116 növ balıq təsvir etmişdir.

XVI əsrin ortalarından balıqların xarici quruluşu təsvir olunaraq onların təsnifatı yaradılır. Bu işdə zooloq alimlərdən İ.Belon, Q.Rondel və İ.Salviani xüsusi fərqlənmişlər. XVII əsrdə C.Rey və A.Villuqbi və M.Salvianinin xüsusi rolu olmuşdur. C.Rey və A.Villuqbi balıqların təsnifatını yaratmağa cəhd etmişlər.

XVIII əsrdə Şved P.Artedi balıqları 4 dəstəyə bölmüş, 72 növün təsvirini vermişdir. Daha sonralar Karl Linneyin, XIX əsrdə J.Küvyenin, İ.Myullerin, A.Qyunterin, Q.Bulanjenin, T.Riqenin balıqların sistemi barədə böyük xidmətləri olub.

XIX əsrin ikinci yarısında Ç.Darvinin “Təkamül təlimi” bioloji elmlərin inkişafına müsbət təsir göstərmişdir, balıqların sisteminə də bu təlimin tərkib hissəsi kimi baxılmışdır.

XIX əsrin sonu, XX əsrin əvvələrində ixtiologiya sərbəst elm kimi inkişafa başlamışdır. Təsnifatçı alimlərdən D.Corden, E.Stenşio sonralar L.S.Berq bu istiqamətdə çox iş görmüşlər.

Ixtiologiyanın sonrakı inkişafı S.İ.Kraşennikovun, İ.Qmelinin, Q.Myullerin, Q.Stellerin adı ilə bağlıdır. Bu amillər Arxangelskidən Sakit okeana qədər tədqiqat işləri apararaq oranın heyvanlar aləmini, o cümlədən balıqlar morfoloji xüsusiyyətlərini öyrənmişlər.

Akademik İ.Lepexin Volqa, Ob və Şimali Dvina çaylarının balıqlarını öyrənmiş və topladığı məlumatları nəşr etdirmişdir. Akademik P.Pallas tələbələrlə birlikdə Xəzər dənizini, Baykal gölünü, Sibir çaylarını (İrtış, Ob, Yenisey). Amur çayı hövzəsini tədqiq edərək “Zoographia Rosso-Asiatica” adı ilə cəmləşdirmiş və 300-ə yaxın növ balığın təsviri vermişdir.

K.M.Berin və H.Y.Danilevskinin “Rusiyada balıq ovu vəziyyətinin tədqiqi” işində vətəqə balıqlarının həyatı, mühüm balıq ovu rayonları haqda məlumat verilir, Xəzər, Azov, Qara dənizləri sahillərində və bu dənizlərə tökülən çaylarda səmərəli balıq ovunun zəruriliyi göstərilir.

Böyük alim N.M.Klipoviçin əvvəlcə Murmanski, daha sonra Xəzər, Azov-Qara dəniz ekspedisiyaları özünəməxsusluğu ilə fərqlənmiş, bir növ dəniz tədqiqatı məktəbi yaradılmasına səbəb olmuşdur. XIX əsrin ikinci yarısında onun davamçısı olmuş K.F.Kessler çoxlu yeni balıq növləri təsvir etmiş, onların bioloji sistemini yaratmışdır. O.A.Qrimmin, A.A.Ostroumovanın, N.A.Varpaxovskinin, L.P.Sabaneevin və başqalarının da ixtiologiyanın inkişafında əməyi az olmayıb.

L.S.Berqin bu elmin inkişafındakı xidməti onun 700-dən çox elmi əsəri ilə qiymətləndirilir. Əbəs yerə deyil ki, Sovetlər dövründə onu Sovet ixtiologiya elminin atası adlandırmışlar. Berqin “SSRİ-nin və ətraf rayonların şirin su balıqları” “Balıqkimilərin və balıqların sistemi (hazırda və keşmişdə yaşayan)” və bir çox digər kapital əsərləri ixtioloqların stolüstü kitablarıdır. O, ilk dəfə 17 cinsin, 38 növün, 51 növaltının təsvirini verib.

Qızıl balıqları və nərəkimiləri V.K.Soldatov, Uzaq şərq dənizləri balıqlarını P.Y.Şmidt, Xəzərin qızıl və nərəkimilərini A.N.Derjavin kimi məşhur alimlər öyrəniblər. E.K.Suvorov, İ.F.Pravdin, S.V.Averentsev ixtioloji dərslik, dərs vəsaiti hazırlamaqda, Q.V.Nilolski dərslik və böyük monoqrafiyalar müəllifi və nəzəriyyəçi alim kimi tanınır.

Ixtiologiyanın inkişafında elmi-tədqiqat müəssisələri yaradılması xüsusi əhəmiyyət kəsb etmişdir. Keşmiş SSRİ dövründə yaradılmış belə müəssisələrdən “Ümumittifaq elmi-tədqiqat balıqçılıq təsərrüfatı institutunun (ÜİEBTİ), Sakit okean elmi-tədqiqat balıqçılıq təsərrüfatı institutunun (SOEBTİ)”, Atlantik okean, Azov-Qara dəniz, Xəzər dənizi, baltik dənizi və s. elmi-rədqiqat balıqçılıq təsərrüfatı institutlarının, eləcə də SSRİ var ikən müttəfiq respublikalarda fəaliyyət göstərən sahə elmi-tədqiqat institutlarının, onların fəallarının, o cümlədən Həştərxan Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun Bakı filialının, indi sərbəst Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və s. adını çəkmək olar.

Bu sahə elmi-tədqiqat institutlarinin çoxsaylı kollektivləri müvafiq akademiyaların və ali məktəblərin sahə alimləri ilə birlikdə dünya okeanı və daxili suların balıqlarını, onların biologiyasını, çay dinamikasını öyrənir, onlardan səmərəli istifadə etmənin elmi əsaslarını işləyib hazırlayırlar.

Azərbaycanda ixtiologiyanın inkişafı. Azərbaycanda ixtiologiyanın inkişafına Xəzər dənizinin öyrənilməsi ilə əlaqədar aparılan ekspedisiyaların böyük təsiri olmuşdur. Belə ekspedisiyalar 1953-1956-cı illərdə akademik K.M.Berin; 1974-1976-cı illərdə O.A.Qrimmin; 1904; 1912-1913, 1914-1915-ci illərdə N.K.Knipoviçin rəhbərliyi altında aparılmışdır. Bu ekspedisiyalarda daha görkəmli alimlər iştirak etmişlər. Knipoviçlə birlikdə işləmiş alimlər ixtiologiyanın müxtəlif sahələri üzrə zəngin materiallar toplamışlar. Bu materiallar əsasında, Xəzər siyənəkləri haqda bioloji, daha sonralar onların təsnifatı, coğrafi yayılması və ovu haqda olan məlumatlar o vaxtlı əsərlərdə işıqlandırılmışdır. Sonradan bu materiallar yenə də Knipoviçin rəhbərliyi altında daha da zəncirləşmiş və Berq, Suvorov, Kiseleviç, Pravdin və başqaları tərəfindən çap etdirilmişdir.

M.N.Knipoviç 1914-1915-ci illərdə keçirdiyi ekspedisiyada nərəkimi balıqların Xəzərdə biologiyasını və tutulmasını öyrənmək istəsə də Birinci dünya müharibəsinin başlanması buna mane olur. O, dənizin hidroloji tədqiqatına dair böyük əsər yazmaqla kifayətlənir. Azərbaycanda ixtiologiyanın inkişafı həm də tək-tək alimlərin ekspedisiyalar arası müddətdə Azərbaycanın şirin sularının öyrənilməsi ilə əlaqədardır. Məs.: 1888-ci ildə N.A.Varpaxovski Kür, Araz və respublikanın Lənkaran-Astara çayları və göllərindən balıq kolleksiyası toplamış və 1892-ci ildə yazdığı əsərində onların növ tərkibini dəqiqləşdirmişdir.

Respublikamızda ixtiologiyanın inkişafında Qafqaz (indiki Gürcüstan) muzeyinin də böyük rolu olub. F.F.Kavrayskinin, S.N.Kamenskinin çap etdirdikləri əsərlərdə balıqların təsnifatı, yayılması, yeni növlərin təsviri verilib.

1912-ci ildə Bakıda A.N.Derjavin tərəfindən ilk ixtioloji elmi-tədqiqat laboratoriyası açılır. Bunun yerlərdə müşahidə məntəqələri də yaradılır. Öncə nərəkimi balıqların öyrənilməsi diqqəti cəlb edir. Toplanmış materiallar əsasında 1922-ci ildə A.N.Derjavinin Kür uzunburununun biologiyasına dair monoqrafiyası nəşr etdirilir. Bundan sonra Azərbaycanda balıqların öyrənilməsi ilə Azərbaycan elmi-tədqiqat balıqçılıq laboratoriyası (indi Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu), Respublika Elmlər Akademiyası Zoologiya İnstitutunun Xəzər bioloji stansiyası və Bakı Dövlət Universitetinin onurğalılar zoologiyası kaferdasının əməkdaşları məşğul olur.

Balıqçılıq laboratoriyası əməkdaşlarından B.N.Belyayev nərə; M.X.Mirzoyev, N.Y.Babuşkin bölgə; M.P.Borzenko uzunburun və kələmə haqqında əsərlər yazılmışlar. Digər balıqlar haqda (çəki və Həşəm – Borzenko; çay sıfı – Malt, naxa – Ginzburq, Fortunatova və s.) əsərlər nəşr edilmişdir.

Azərbaycanda ixtiologiya və balıqartırma elmlərinin A.N.Derjavinin əvəzsiz xidməti olub. Onun balıqçılıq təsərrüfatının müxtəlif sahələrinə məqalələri və kapital əsərləri əvəzolunmazdır. Derjavinlə eyni vaxtlarda çalışmış alimlərdən Y.Ə.Əbdürrəhmanovu, A.N.Smirnovu, V.M.Taraseviçi, R.A.Qaibovanı və s. göstərmək olar.

Y.Ə.Əbdürrəhmanovun Azərbaycanın şirin su balıqlarının öyrənilməsinə dair yorulmadan apardığı tədqiqatları 1945-ci ildən sonra nəşr etdirdiyi külliyatı respublikamızda ixtioloji tədqiqatların zirvəsində durur. Onun (1955, 1962, 1966 və s.) və Derjavinin (1922, 1941, 1945, 1956 və s.) çox dəyərli əsərləri ixtioloqların kitablarıdır.

Azərbaycanda ixtiologiya və balıqartırma sahəsində çalışan alimlərdən Z.M.Quliyevin, Ş.M.Bağırovanın, T.S.Zərbəliyevanın, P.Q.Məlikovanın, S.Ə.Məmmədovanın, R.Ə.İsmayılovun, M.M.Axundovun, R.V.Hacıyevin, T.S.Abbasovun və başqalarının adlarını çəkmək olar.

R.Y.Qasımovun nərəkimi, çəkikimi balıqların zavod üsulu ilə artırılmasında, T.K.Mikayılovun balıqların və parazit xəstəliklərinin öyrənilməsində böyük rolu olmuşdur. Ə.H.Qasımovun balıqların qida orqanizmlərinin öyrənilməsində, onların yeni su hövzələrinə köçürülməsindəki xidməti də yüksək qiymətləndirilməlidir.

ÜMUMİ İXTİOLOGİYA

BALIQLARIN QURULUŞ İCMALI
Dəri və onun törəmələri. Balıqların dərisi ekto-lerma mənşəli üst epidermis və mezoderma mənşəli alt korium və ya kutis qatlarından ibarətdir. Epidermis, çoxqatlıdır, bu qatda müxtəlif birhüceyrəli vəzlər var, buraya həm də əsəb ucları gəlir. Vəzlər qədəhvari, girdəvarı, kolbavari və s. olur. Bunların çox böyük əhəmiyyəti var. Girdəvari vəzlər selik ifraz edir. Selik bədəni xaricdən örtür, sürüşkənliyi artıraraq balığın üzməsini asanlaşdırır, xəstəlik törədən bakteriyaların orqanizmə daxil olmasının qarşısını alır. Digər vəzlər əsasən dinc (yırtıcı olmayan) balıqlar yaralandıqda xüsusi “qorxu maddəsi”, başqa vəzlər isə balığın cinsiyyət fəaliyyəni artıran maddələr ifraz edir. Bəzi balıqlarda zəhər vəzləri də olur.

Epidermisin alt, koriumum üst qatlarında piqment hüxeyrələri, xromotoforlar və leykoforlar olur. Xromotoforlar 3 cür olur: melanoforlar, eritroforlar, ksantoforlar. Leykoforların (bunlara quanoforlar da deyilir) tərkibində balığa gümüşü rəng verən quanin maddəsi var. Bu hüceyrələrin fəaliyyəti nəticəsində öz rəngini mühitin rənginə oxşadır, mühitdən seçilməz olur. Dibə yaxın otluqda və mərcan rifləri arasında yaşayan balıqlar adətən əlvan rəngli, zolaqlı və ya xallı olurlar ki, bu da suları mühitdə seçilməz edir; bəzi dib balıqlarının bel-qarın istiqamətində yastılaşması da mühitə uyğunlaşmadır, digər balıqlar (kambalalar, xullar, əqrəbi balıqlar və s.) öz rəngini bir neçə dəqiqə ərzində substratın rənginə uyğun olaraq dəyişə bilir. Rəngdəyişmədə görmənin böyük əhəmiyyəti var. Kor balıqların rəngi tündləşir və sonradan heç vaxt dəyişmir. Su qatında yaşayan pelagial balıqların əsli adətən tünd olduğundan suyun dibinin rənginə uyğun gəlir. Belə balığa üsrdən baxdıqda o çətin görünür. Balığın qarın tərəfi və yanları adətən açıq rəngdə olur və aşağıdan baxdıqda onu yuxarının işığı fonunda görünməz edir. Bəzi balıqların (siyənəklər, çəkilərin bəzi nümayəndələri) qarın hissəsi bədən uzunu istiqamətində iti qurtarır, belə çalığa aşağıdan və yuxarıdan baxdıqda çətin görünür. Tikanlı balıqların, qızıl balıqların erkəklərinin rəngi çoxalma vaxtı xüsusi hormonların təsiri altında əlvanlaşır.

Selik vəzlərindən və piqment hüceyrələrindən başqa dəridə işıq saçan orqanlar, zəhər vəzləri və pulcuqlar da vardır. Işıqsaçan orqanlar (fosforlar) dərinlik balıqlarında olub fotositlər adlanır. Fotositlərdə lusiferin deyilən xüsusi maddə vardır. Fotoforların quruluşu, yemlənməsi, saçdığı işıq müxtəlifdir. Işıqsaçan ançaus balıqların işıqsaçan hüceyrə yığınlarında reflektor rolunu oynayan xüsusi qat, onun önündə formaca dəyişilmiş pulcuq-linza, hətta bəzi fotoforlarda diafraqma olur. Diafraqmanın vasitəsilə işığın qüvvəsi və istiqaməti dəyişilə bilər.

Bəzi balıqlarda dərinin epidermis qatında zəhər vəzləri olur. Bu vəzilər üzgəclərin tikan şüalarının və ya tikan çıxıntılarının əsasında yerləşir. Zəhər vəzləri bəzi növlərdə çoxalma zamanı, digərlərində daima fəaliyyət göstərir. Bizquyruq skatın bizi adama batarsa yaraya axan zəhər bərk ağrı verir, ürək bulanmasına, qusmağa, iflicə, bəzən də ölümə səbəb ola bilər.

Müasir balıqların üzərində 3 cür pulcuq olur: plakoid, qanoid və sümük pulcuq. Plakoid pulcuq dəri altında olan rombvari lövhə və onun üstündə olan, həm də xaricə çıxan dişcikdən ibarətdir. Belə pulcuq bir neçə dəfə dəyişilir – təzəsi ilə əvəz olur. Qanoid pulcuq rombvari lövhədən və dişcikdən ibarətdir. Lakin bu dişcik lövhənin yanından çıxaraq pulcuqları bir-birinə birləşdirir. Bu pulcuqlar qanoin qatı ilə örtülüdür. Sümük pulcuq iki formada olur: sikloid və ktenoid. Sikloid pulcuğun kənarı hamar, ktenoid pulcuğun kənarı isə dişli olur. Belə pulcuq onun bütün ömrü boyu böyüyür, üzəri kələ-kötür olduğu üçün möhkəmliyi artır. Qazıntı halında tapılan pəncəüzgəcli balıqların əksəriyyətinin, hazırda yaşayan latimoriyanın, ikicürtənəffüslü balıqların pulcuqları kosmoid, şüaüzgəclər sinifaltının keşmişdə yaşamış növlərinin pulcuğu 1 anoid, çoxüzgəclilər dəstəsinin nümayəndələrinin pulcuğu kosmo-qanoid, zirehlilərinki isə qanoid pulcuqdur. Müasir sümüklü balıqların pulcuqlarının əksəriyyəti sikloid, xanı balıqlarının və bəzi başqa balıqlarının pulcuğu isə ktenoiddir.

Əksər balıqların yaşını təyin etmək üçün pulcuqdan istifadə edilir. Pulcuqda olan dairələrin sayı balığın yaşına uyğun gəlir. Pulcuğun üzərində hər il bir dairə gəlir. Pulcuqda yaş dairələrinin sərhəddi qalınlaşmış olur. Bu qalınlaşmaların hərəsi müvafiq ilin payız-qış fəsillərinə dalalət edir: soyuqların düşməsi ilə əlaqədar qidalanma zəifləyir və ya tamam dayanır. Pulcuqlar kimi kəllənin örtük sümükləri və döş üzgəclərinin qurşaqları da kornum qatından əmələ gəlir. Sümüklü balıqların dərisi su və suda həll olan bəzi maddələri keçirir.

Skelet orqanizmdə dayaq, qoruma, hərəkət vəzifələrinin yerinə yetirilməsində mühüm rol oynayır, həm də bədənin formasını müəyyənləşdirir, daxili orqanları saxlayır və müdafiz edir. Skelet daxili və xarici hissələrə ayrılır. Xarici skelet (əgər varsa) həmişə sümükdəndir. Qığırdaqlı balıqların xarici skeleti yoxdur, nərə balıqlarının belə skeleti yaxşı inkişaf edib. Balıqların daxili skeleti ox skeletinə, kəllə skeletinə, üzgəc və cüt üzgəclərin qurşaq skeletinə ayrılır.

Ox skeleti vəzifəsini pəncəüzgəcli, ikicürtənəffüslü və nərəkimi balıqlarda xorda yerinə yetirir. O, möhkəm birləşdirici toxuma qatı ilə əhatə olub. Bu qatdan, xordanın üstündə yaxşı inkişaf etmiş, qismən sümükləşən üst və nisbətən zəif inkişaf etmiş altqövsləri əmələ gəlir. Üst qövslər bir-biri ilə qarşı-qarşıya birləşərək onurğa beyni üçün kanal əmələ gətirir, alt qövslərə isə qabırğalar birləşir.

Bütövbaşlılarda, ikicürtənəffüslülərdə, nərələrdə fəqərə cismi əmələ gəlməyib. Əsl sümüklü balıqların hamısında yaxşı inkişaf etmiş iki tərəfi basıq (amfisöl) fəqərələrdən təşkil olmuş onurğa sütunu vardır. O, gövdə və quyruq hissələrinə ayrılır. Gövdə hissəyə qabırğalar birləşir. Kəskin reduksiyaya uğramış xorda təsbehvari formada olur. Bədən fəqərələrinin üst qövsləri uzun çıxıntı ilə qurtarır. Fəqərələrin göndələn çıxıntılarına nazik və uzun qabırğalar birləşir. Quyruq fəqərələrinin üst qövslərinin ucu iti qurtarır. Bu fəqərələrin gövdələri çıxıntıları aşağı əyilərək, birləşib alt qövsləri əmələ gətirirlər; alt qövslərin birləşməsindən əmələ gələn kanaldan isə quyruq arteriyası və venası keçir. Bu kanal həmin damarları quyruğun qüvvətli hərəkəti zamanı sıxılmadan və zədələnmədən qoruyur. Balıqlarda fəqərələrin miqdarı müxtəlifdir: ay balığında – 17, atlantika siyənəyində -57, angvilində -114, qığırdaqlı balıqlarda (dəniz tülküsündə) 365-ə qədər olur.

Kəllə skeleti beyin qutusuna və visseral skeletə ayrılır. Kəllə qutusu quruluşuna görə iki cür olur: platibazal və ya əsası geniş və tropibazal və ya əsası dar. Platibazal kəllədə baş-beyin kəllənin əsasına daxil olur. Belə kəllə arulalar, ikicürtənəffüslülər, qanoidlər və ibtidai sümüklü balıqlar, tropibizal kəllə isə bütövbaşlılar və ali sümüklü balıqlar üçün səciyyəvidir.

Qığırdaqlı balıqların kəllə qutusu rostrum, qoxu, görmə, eşitmə və ənsə hissələrinə ayrılır. Bu balıqların visseral skeletin çənə, dilaltı və qəlsəmə qövslərindən ibarətdir. Çənə qövsü damaqkvadrat (üst çənə) və Mekkel (alt çənə) qığırdaqlarından, dilaltı qövs isə iki elementdən ibarətdir: üst hiomandibulari, alt hioid. Qəlsəmə qövsləri eyni adlı arakəsmələri saxlayan şüalar var.

Vissersal skeletin kəllə qutusunda birləşməsi 3 cür olur: amfistil (öndən 2 çıxıntı, geridən hiomandibulari ilə birləşmə), hiostil (yalnız hiomandibuları ilə birləşmə), autostil (çənə qövsünün üst elementi kəllə qutusu ilə birləşir) birləşmə.

Qığırdaqlı anoidlərin (nərəkimilər) skeletində xorda qalsa da, qığırdaq da çoxdur, sümüklər də əmələ gəlir. Sümüklər qığırdağı əvəz edənlər (xondral), qarışıq və dəri mənşəli olur. Nərə balıqlarında yalnız dəri mənşəli xarici skelet var. Bu skelet həmin balıqların üzərində 5 cərgə ilə düzülmüş sümük piləklərdən və onların arasında səpələnmiş çox xırda sümüklərdən ibarətdir. Daxili skelet xordadan olsa da sümükləşmə də var. Kəllə qutusu qığırdaqdır, onun eşitmə hissəsi əvəzinə gicgah hissə inkişaf edir. Qutunun əsasında örtük sümüyü olan parasfenoid durur. Qəlsəmə qövslərinin üzərini eyni adlı sümük qapaq örtür. Ikinci çənələr əmələ gəlir. Ilk çənələr vəzifəsində dəyişir, ikinci çənələr qidanı tutmaq vəzifəsini yerinə yetirir.

Ikicürtənəffüslü balıqların skeletində yüksək ixtisaslaşma ilə yanaşı primitivlik də var. Kəllə qutusunda qığırdağın çox olmasına baxmayaraq, əsasən dəri mənşəli sümüklər də əmələ gəlir. Onurğanın birinci 3 fəqərəsi kəllə qutusunun ənsə hissəsi ilə birləşir. Üst çənə kəllə qutusu tərkibinə girərək autostil birləşmə əmələ gətirir.

Sümüklü balıqların skeletini əmələ gətirən sümüklər də mənşəyinə görə 3 cürdür: xondral, qarışıq və dəri mənşəli. Kəllə skeleti kəllə qutusuna və vissersal skeletə ayrılır. Qutunun üstünü cüt burun, alın, təpə, əsasını tək xış və parasfenoid sümükləri təşkil edir. Bu sümüklər dəri mənşəli örtük sümükləridir. Kəllənin yanlarını qoxu, görmə, eşitmə, gerisini ənsə hissə əmələ gətirir. Qoxu hissədə -3, görmə hissədə- 5, eşitmə hissədə -5 cüt, ənsə hissədə - 4 sümük var. Vesseral skeletin qövsləri, onların əsas hissələri əvvəlki balıqlarda olduğu kimidir.

Çənə qövsü üst və alt çənələrdən ibarətdir. Lakin sümüklü balıqlarda ikinci çənələr də əmələ gəlir. Ilk üst çənədə damaqkvadrat qığırdağının sümükləşməsi nəticəsində öndə dişli damaq sümüyü, geridə isə arxa qanadvari və kvadrat sümükləri əmələ gəlir. Bu sümüklərin arasında xarici və daxili qanadvari sümüklər yerləşir. Ilk alt çənə və ya Mekkel qığıldağı sümükləşərək oynaq sümüyünə çevrilir. Bu sümüklə kvadrat sümüyü çənə birləşməsini əmələ gətirir. Sümüklü balıqlarda örtük sümüklərindən əmələ gələn son və ya ikinci çənələr yaxşı inkişaf edib, həm də ilk çənə sümükləri ilə birləşiblər. Üst çənədə belə sümüklərdən çənəarası və üst çənə sümüklərini göstərmək olar. Bu çənə sümükləri üzərində dişlər var; bəzi növlərdə bu dişlər olmur və ya bir sümük üzərində olur. Alt çənədə əmələ gələn diş sümüyü dəri mənşəlidir, onun da üzərində dişlər var. Oynaq sümüyü gerisində olan künc sümük də dəri mənşəlidir və diş sümüyü ilə birlikdə ikinci çənə sümüklərinə aiddir. Qidanın tutulmasında və saxlanmasında hər iki çənələr iştirak edir.

Dilalti qövs xondral sümüklərdən əmələ gəlib 2 hissədən, üst-hiomandibulari, alt-hioddən ibarətdir. Hiomandibularinin nahiyyəsi isə kiçik əlavə sümük (simplektikum) vasitəsilə kvadrat sümüyünə, digər daha gödək sümük (interhiale) vasitəsilə özünün alt elementi olan hioidə birləşir. Qarşı-qarşıya olan hioid sümüklərinin aşağı hissələrini tək kapula sümüyü birləşdirir. Hioidə nazik sümüklərdən ibarət olan qəlsəmə arakəsməsi şüaları da birləşir və qəlsəmə qapağının dəri kənarını saxlayır.

Qəlsəmə qövsləri 5 cütdür. Bunların öndən 4 cütünün hərəsi 4 sümükləşmiş elementdən ibarətdir. Beşinci tək alt element hət iki tərəfin 4-cü elementlərini bir-biri ilə birləşdirir. Qəlsəmə qövsləri üzərində qəlsəmə yarpaqcıqları var. Beşinci qəlsəmə qövsü 2 iri elementdən ibarətdir; bəzi növlərdə bu elementlər üzərində udlaq dişləri olur. Adlaq dişlərinin forması və ökçüsü qidalanma ilə əlaqədar olaraq müxtəlifdir. Qəlsəmə qövslərinin üzərini qəlsəmə qapaqları örtür. Bu qapaqlar 4 örtük sümüyünün birləşməsindən əmələ gəlir.

Sümüklü balıqlarda visseral skelet kəllə qutusuna hiomandibulari vasitəsilə birləşir ki, buna hiostil birləşmə deyilir. Təkcə ikicürtənəffüslərdə kəllə birləşməsi autostildir, yəni ilk üst çənə ox kəllənin tərkibinə girir. Nərələrin visseral skeletində qığırdaq çoxdur, ikinci çənələr zəif inkişaf edib. əsl sümüklü balıqların visseral skeletində qığırdaqlar sümüklə əvəz olub.

Üzgəclərin və onların qurşaqlarının skeleti. Bel və anal üzgəcləri tək üzgəclərdir. Bunların skeleti daxili radialilərdən və xarici üzgəc şüalarından ibarətdir. Radialilər daxili iti ucları ilə fəqərələrin çıxıntıları arasına girir və onlarla nazik birləşdirici toxuma pərdəsi ilə birləşir. Üzgəc süaları radialilər üzərində olub üzgəc pərdəsini saxlayır. Qığırdaqlı balıqlarda radialilər qığırdaq, üzgəc şüaları isə elastik dəri şüalardandır (elastotrixilərdən). Nərə balıqlarında da radialilər qığırdağ, üzgəc şüaları isə sümüklü balıqların hamısında olduğu kimi dəri mənşəli sümük şüalardan (lepidotrixilərdən) ibarətdir. Sümüklü qanoidlərdə və əsl sümüklü balıqlarda radialilər üzgəc şüalarının miqdarı bərabərdir. Qalan balıqların hamısında üzgəc şüalarının miqdarı radialilərin miqdarından çoxdur. əksər növlərdə bel və anal üzgəclərinin önündə tikan şüalar olur. Bu şüalar bəzən hərəkət orqanına çevrilir. Quyruq üzgəci formasına və skelet quruluşuna görə heteroserkaldır, özü də qığırdaqlı balıqlarda o elastik dəri şüalardan ibarətdir. Nərə balıqlarında quyruq üzgəci skeleti lepidotrixilərdəndir. Bu üzgəcin yanlarında qanoid pulcuqlar var. Sümüklü balıqlarında quyruq üzgəcinin skeleti fəqərələrdən, onların çıxıntılarından və sümük şüalardan və ya lepidatrixilərdən ibarətdir. Lepidotrixiləri quyruq fəqərələrinin formaca dəyişilməsindən əmələ gələn urostil və ya “gipulari” adlı lövhə saxlayır.

Döş və qarın üzgəcləri cüt üzgəclər olub onların skeleti qurşaq və sərbəst üzgəc skeletindən ibarətdir. Qurşaq skeletinə çiyin və çanaq qurşaqları daxildir. Qığırdaqlı balıqların çiyin qurşağı bir qığırdaq qövsdəndir. Bu qövsün kürək (bel) və karakoid (qarın) hissələri var. Döş üzgəclərinin sərbəst skeletini 3 bazalı qığırdaq, hərəsi 2-3 hissədən ibarət olan radialilər və üzgəc pərdəsini saxlayan elastiki şüalar təşkil edir. Bu balıqların çanaq qurşağı tək kiçik qığırdaqdan ibarətdir ki, onun da onurğa sütunu ilə əlaqəsi yoxdur. Bu qurşağa birləşən qarın üzgəclərinin sərbəst skeleti tək bazal şüadan, radialilərdən və üzgəc şüalarından ibarətdir. Qığırdaqlı balıqların erkəklərində bazali və radialilərin dəyişilməsindən cütləşmə orqanı (pteriqopodi) əmələ gəlir.

Nərə balıqlarının çiyin qurşağı 4 qığırdaq (karajid, mezakorakoid, kürək və kürəküstü) və 5 örtük sümüklərindən (körpücük, kleytrum, geri kleytrum, üst kleytrum, geri gicgah), çanaq qurşağı isə 2 qığırdaq lövhədən təşkil olub. Nərələrin döş və qarın üzgəclərinin sərbəst skeleti 10-dan çox olmayan qığırdaq radialilərdən və lepidotrixilərdəndir. Bu balıqlarda da radialilərin hərəsi 2-3 elementdən ibarətdir. Radialilər yaşlı balıqlardan nisbətən sümükləşib. Döş üzgəclərinin xarici kənarında sümük şüa olur.

Sümüklü balıqların çiyin qurşağı sümükdən olub kürək, korakoid, 3 kleytrum (kleytrum, üst kleytrum və geri kleytrum) və gicgah sümüyündən təşkil olub. Kleytrum və geri kleytrum sümükləri qarın tərəfdə bir-biri ilə, bel tərəfdə üst kleytrum və geri gicgah sümüyü vasitəsilə kəllə ilə birləşərək qurşağın möhkəmliyini təmin edir. Bu balıqların çanaq qurşağı sadə quruluşda olub əzələ içərisində yerləşən cüt uzunsov lğvhə şəklindədir. Döş üzgəclərinin sərbəst skeleti bir neçə radialilərdən ibarət olduğu halda, qarın üzgəclərinin radialisi yoxdur, üzgəc şüaları birbaşa qurşağın özünə birləşir.

Balıqların cüt üzgəcləri biserial (ikicürtənəffüslərdə) universal (pəncəüzgəclilərdə) və sadə (şüaüzgəclilərdə) quruluşda olur. Biserial üzgəcin buğumlu mərkəzi oxunun (bazalinin) hər iki tərəfinə radialilər birləşir. Universal üzgəcin mərkzi oxunun yalnız bir tərəfində radialilər olur, sadə üzgəcin isə mərkəzi oxu olmur.

Əzələlər. Balıqların əzələləri somatik və daxili orqanlar və ya visseral əzələlərinə ayrılır. Somatik əzlələr eninə zolaqlı, visseral əzələlər isə əsasən saya əzələlərdir. Bədən əzələlərinə gövdə, baş və üzgəc əzələləri daxildir. Gövdə əzələləri daha yaxşı inkişaf edib. Bunlar ayrı-ayrı seqmentlər üzrə yerləşir. Əzələlərin seqmentlər üzrə yerləşməsi, zmə zamanı bədənin yanlara əyilməsini təmin edir. əzələ seqmentləri bir-birindən birləşdirici toxumadan olan mioseptallarla sərhədlənir.

Somatik əzələlər rənginə, quruluşuna, biokimyəvi tərkibinə və vəzifəsinə görə fərqlənir. Gənginə görə onları ağ, qırmızı və qarışıq rəngli əzələlər ayırırlar. Əzələləri ağ olan balıqlar qısa məsafəyə (tullanma, sıçrayış) hərəkət edirlər, qırmızı əzələlər isə uzun müddət orta sürəti təmin edir. Ağ və qırmızı əzələlərin iş xüsusiyyəti də müxtəlifdir. Maddələr mübadiləsi ağ əzələlərdə aerob (oksigenli) şəraitdə, qırmızı əzələlərdə isə anaerob (oksigensiz) şəraitdə gedir.

Sümüklü balıqların əksəriyyətində əsasən ağ əzələlərdir. Qırmızı əzələlər adətən dəri altında yan xətt orqanı boyunca yerləşir. Qırmızı əzələlərin miqdarı balığın üzmə qabiliyyətindən asılı olaraq nisbi xarakter daşıyır. Belə ki, yaxşı üzücülərin (tuneslər, skumbriyalar) qırmızı əzələləri daha yaxşı inkişaf etmiş olduğu halda, zəif üzücülərin belə əzələləri zəif olur. Adətən zəif üzücülərin üzgəcləri və qəlsəmə qapaqları daim hərəkətdə olur, bunları hərəkətə gətirən əzələlər də qırmızı əzələlərdir.

Somatik əzələlər bədən uzunu yerləşən yan əzələlərindən ibarətdir. Lakin bunların miomerləri üfüqi arakəsmə ilə bel və qarın hissələrinə ayrılır. Miomerlərin miqdarı fəqərələrin miqdarı qədərdir. Hər miomer bir fəqərənin yarısından başlayıb ikinci fəqərənin yarısında qurtarır ki, belə fəqərənin yarısında qurtarır ki, belə fəqərə-miomer quruluşlu hərəkəti daha yaxşı təmin edir.

Qağırdaqlı və sümüklü balıqların əzələləri quruluşca bir-birinə yaxındır. Lakin qağırdaqlı balıqların gövdə əzəzlələri zəif differensiasiya edib. Balıqların qarın hissəsinin cüt çəp və düz əzələləri də vardır. Sümüklü balıqlarda əzələ differensiyası artır, qəlsəmə qapağı əzələləri əmələ gəlir. Bu balıqların əksəriyyətində, o cümlədən durna balığında bədən uzunu yerləşən bel əzələsi, qarın hissəsinin daxili və xarici çəp, eləcə də düz əzələləri inkişaf edir. Baş hissənin somatik əzələləri qəlsəməüstü, qəlsəməaltı və 6 cüt göz əzələlərindən ibarətdir. Üzgəclərin əzələləri gövdə miomerlərindən ayrılan əzələ yığınlarıdır. Balıqların əksəriyyətində əzələlər rəngsizdir, az qismisdə rəngli əzələlər var. Durna balığının əzələləri boztəridir, nərənin əzələlərinin rəngi sarıya çalır, qızıl balıqların əti çəhrayı rəngdədir. əzələlərin rəngi əzələdə toplanan yağın miqdarından da asılıdır.

Daxili orqanlar. Bu orqanlar həzm sistemi ilə başlayır.

Həzm sistemi. Balıqların bu sistemi həzm borusuna və həzm vəzlərinə ayrılır. Həzm borusu ağız, udlaq, qida borusu, mədə və bağırsaq hissələrindən ibarətdir. Bağırsaq ön, orta və geri hissələrinə bölünür. Balığın qidasından və qidalanmasından asılı olaraq bu hissələrin quruluşu müxtəlif olur.

Ağızda selik vəzləri və əsl əzələvi dil yoxdur, udlaq boşluğunda selik ifraz olunur. Selik qidanın həzminə təsir etmir, onu yalnız isladıb, sürüşkənli edir ki, bununla da qidanın udulması asanlaşır. Ağızda adətən geriyə (içəriyə) əyilmiş konusvari dişlər olur. Dişlər öz quruluşuna görə plakoid pulcuqlara yaxındır, onlar köhnəldikcə yeniləri ilə əvəz olur. Yırtıcı olmayan növlərdə (çəkikimilərin çoxu) dişlər yoxdur. Sümüklü balıqların dişləri müxtəlif sümüklər üzərində oturur. Dişlər çənələr, ağız boşluğu sümükləri, qəlsəmə qövsləri üzərində və udlaqda yerləşir. Bəzi balıqların dişləri olmur ki, bu ikinci hadisədir. Balıqlarda dişlərin quruluşu və forması qidalanma xarakteri ilə müəyyənləşir, əsl yırtıcıların dişləri nisbətən iri, həm də çox iti; digər növlərin dişləri iti və xırda, üçüncülərin dişləri isə xırda, həm də küt olur. Bəzi balıqlarda udlaq dişləri də olur. Onların sayı və forması nəsnifat əlaməti hesab edilir.

Ağız-udlaq boşluğu qida borusuna keçir. Qida borusu əzələlidir. Lakin o yalnız qidanı ötürmək vəzifəsini yerinə yetirir. Qida borusu mədəyə keçir. Mədənin forması və tutumu balığın qidalanma xüsusiyyətindən asılı olaraq dəyişilir. Bəzi balıqların, məsələn durna balığının mədəsi genişlənə bilən boru şəklindədir, digərlərinin mədəsi bir tərəfi açıq olan üçbucağa oxşayır, üçüncülərin mədəsi geniş kisəvari formadadır, daha bir neçə növün (kefalların) mədəsi bağırsaq divarının hissəsi kimi olub 2 hissədən ibarətdir: ön vəzli hissə, geri əzələli hissə. Ön hissə kardinal, geri hissə pilorik adlanır. Kefalların əksinə olaraq çəkikimilərin, ikicürtənəffüslülərin, xul balıqlarının, bütövbaşlıların, dəniz xoruzlarının və başqa bir neçə növ balığın mədəsi olmur. Onların qida borusu birbaşa bağırsağa keçir. əksər balıqlarda bağırsağın başlanğıcında (siyənəklərdə, qızıl balıqlarda, skumbriyalarda, kefallarda və başqalarında) kor çıxıntılar olur. Bunlara pilorik çıxıntılar da deyilir. Bu çıxıntıların miqdarı müxtəlifdir; çoxüzgəclidə - 1, çay xanı balığında -2, makrel balığında 200-ə qədər, qızıl balıqların müxtəlif növlərində 180-dən 400-ə qədər belə çıxıntı var. Çəkikimilərin, noxaların, durna balıqların və bir çox digərlərinin bağırsaqlarında kor çıxıntılar olmur. Nərə balıqlarında kor çıxıntılar birləşib pilorik vəz əmələ gətirir. Bu törəmə bağırsağa açılır. Kor çıxıntılan bağırsağın sorma sahəsini artırır.

Ikicürtənəffüslü, pəncəüzgəcli (latimeriya), nərəkimi və çoxüzgəcli balıqların bağırsağı gödəkdir. Belə balıqların bağırsaqlarını sorma səthi, qığırdaqlı balıqlarda olduğu kimi, yaxşı inkişaf edib, bu səth həm də bağırsaq çıxıntısı olan spiral klapan hesabına böyüyür. Spiral klapan müxtəlif uzunluqda olur; minoqada cəmi yarımqövs qədər olan belə klapan akulalarda 50 bütöv qövs qədərdir. Spiral klapanı zəif inkişaf etmiş balıqların (zirehlilərin, bəzi qızıl balıqların, salakaların və s.) bağırsaq sistemi uzun olur. Bəzi sümüklü balıqların bağırsaqlarında spiral klapan olmur. Belələrinin bağırsağında pilorik çıxıntılar əmələ gəlir və ya bağırsaq özü uzanır, hətta ilgək əmələ gətirir. Bağırsağın nisbi uzunluğu yırtıcı balıqlarda gödək, bitki yeyənlərdə uzun olur. Məsələn, sıfıl bağırsağının uzunluğu bədən uzunluğunun 0,7, durnabalığınınki 1,2 hissəsi qədərini təşkil etdiyi halda, bentos və bitki yeyən karasda bağırsağın uzunluğu bədən uzunluğundan iki dəfə, daha çox bitki yeyən karpda isə üç dəfə çoxdur. Su bitkiləri ilə qidalanan amur, qalınalın və bəzi digər balıqların bağırsağı bədəndən 8-15 dəfə uzun olur. Mədəsi olmayan balıqlar qidanı az-az qəbul edir. Mədəsi iri olan yırtıcı balıqlarda qidanın həzmi 3-6 günə qədər davam edir. Başından tutulan iri şikar mədəyə tədricən ötürülür.

Qaraciyər və mədəaltı vəzi də həzm orqanlarındandır. Qaraciyər, bağırsaqda əmələ gələn zəhərli maddələri zərərsizləşdirir, onun hasil etdiyi öd zülalları, sulu karbonları parçalayır, xüsusilə akulalarda və treskalarda qlükozanın, yağların, vitaminlərin əmələ gəlməsinə müsbət təsir göstərir. Qığırdaqlı balıqlarda qara ciyər 3 laylıdır. Onun kütləsi bədən kütləsinin 10-20%-ni təşkil edir. Çəkikimilərin çoxunda da qara ciyər 3 paylıdır. Bir çox sümüklü balıqların (karpın) qara ciyəri 2, durna balığının, xanının qara ciyəri isə 1 paylı olur. Sümüklü balıqların qara ciyəri qığırdaqlı balıqlara nisbətən kiçik olub bədən kütləsinin 1-8%-indən çox olmur. Treskalarda bu rəqəm 5-8-dir.

Qığırdaqlı balıqların, iri nərələrin mədəaltı vəzi nisbətən formalaşmış olur. Sümüklü balıqların mədəaltı vəzinin toxuması əsasən qara ciyərdə, qismən, öd kisəsi və onun axarı yaxınlığında, dalaqda, bağırsaq mezenterisində olur. Mədəaltı vəzin göstərilən hissələrdə olan hüxeyrə qrupları – toxuması piy toxuması ilə əhatə olub ki, histoloji üsul tətbiq etmədən onları bir-birindən ayırmaq olmur.

Yuxarıda qeyd olunduğu kimi d kisənin və mədəaltı vəzin axarları bağırsağın başlanğıcına açılır. Bu vəzlərin ifraz etdiyi hormonun tərkibində tripsin, eripsin, lipazd, amilaza, maltaza və s. fermentlər var. Bunlar həzm fermentləri olub zülalları, yağları, sulu karbonları parçalayır. Həzm fermentlərini bağırsağın selikli qişa vəzləri də ifraz edir. Bu fermentlərin kor çıxıntılar tərəfindən də ifraz edilməsi güman edilir. Əsasən bitki ilə qidalanan balıqlarda simbiotik həzm də vardır: bağırsaqda yaşayan ibtidailər, bakteriyalar, göbələklər bağırsağa həzm fermenti buraxır.

Üzmə qovuğu və hidrostatik tarazlıq. Üzmə qovuğu qida borusunun bel divarından əmələ gəlir. Bu qovuq gümüşü rəngdə elastik kisə olub böyrəklərin altında yerləşir və əsasən hidrostatik orqan vəzifəsini yerinə yetirir. Üzmə qovuğu adətən tək olur. Yalnız ikicürtənəffüslülərin bəzilərində cütdür. Balıqların əksəriyyətinin üzmə qovuğu bir kameralıdır. Bəzi balıqlarda (çəkikimilər) bir-biri ilə əlaqəsi olan iki, digərlərində (ofidion) üç kameralı üzmə qovuğu var. Siyənəkkimilərin, treskaların və s. üzmə qovuğundan daxili qulağa kor çıxıntılar uzanır.

Üzmə qovugu oksigen, ozot və hidrogen-sulfid qazının qarışığı ilə dolu olur. Qovuqda bu qazların nisbəti müxtəlif olub balığın hansı dərinlikdə yaşamasından və fizioloji vəziyyətindən asılı olaraq dəyişilir. Dayazlıq balıqlarının üzmə qovuğunda ən çox azot, daha sonra oksigen, hidrogen sukfid qazları olduğu halda, dərinlik balıqlarında oksigen daha çox olur.

Məlumdur ki, balıqların bədən sıxlığı suyun sıxlığından çoxdur, həm də onların sıxlığının suyun sıxlığına görə nisbəti neytral, müsbət və mənfi vəziyyətndə olur. Neytral sıxlıq qüvvə sərf etmədən suda dayanmanı, hətta “süzmə” hərəkətini təmin edir. Yaxşı üzən balıqların üzücülüyü neytrallığa yaxın olub əksər növlərdə +0,03 idə -0,03 arasında dəyişir. Balıqlarda neytral üzücülük və ya nisbi çəkisizlik üzmə qovuğu vasitəsilə əzələlərin su tutumunun dəyişilməsi, skeletin yüngülləşməsi və yağ toplanması ilə qazanılır.

Balıqların çoxunda üzmə qovuğu var. Bu qovuq yalnız qığırdaqlılarda, sümüklü balıqların dibdə yaşayanlarında (xullarda, kambalalarda, pinaqorda), yaxşı üzücülərdən tuneslərdə, pelamida da olmur. Bunlarda neytral və ya neytrallığa yaxın üzücülük bədəndə (ciyərdə, əzələdə) çoxlu yağ toplanması hesabına təmin edilir. Balıqların üzmə qovuğu açıq və qapalı olur. Üzmə qovuğu açıq olan balıqların (ikicürtənəffüslülər, çoxüzgəclər, sümüklü qanoidlər, sümüklü balıqlardan siyənəklər, çəkikimilər, durna balıqları) həmin qovuğu ilə qida borusu arada hava yolu əlaqəsi var. Atlantik siyənəyi, şprot, xəmsə balıqlarında göstərilən əlaqədən başqa üzmə qovuğunun geri hissəsi çıxıntı vasitəsilə anal dəliyin xariclə əlaqələnir. Xanıkimilərin, treskakimilərin, kefalkimilərin üzmə qovuğu qapalıdır. Belələrin üzmə qovuğu hava ilə sürfə mərhələsində dolur. Bunun üçün hava əvvəlcə ağıza dolur, üzmə qovuğuna keçir.

Bütün balıqlar suda şaquli yerdəyişməqə məruz qalır. Bu da məlumdur ki, balıq dərinliyə getdikcə suyun balığa olan təzyiqi artır, üzmə qovuğu həcmcə kiçilir, buna görə də nəticədə balığın xüsusi çəkisi artır ki, bu, dərinliyə enməni asanlaşdırır. Balıq yuxarı qalxdıqda bunun əksi baş verir.

Üzmə qovuğu qapalı olan balıqlarda qaz mübadiləsini bu qovuğun üzərində əmələ gələn xüsusi törəmələr – qaz vəzisi və xüsusi törəmə “ovala” yerinə yetirir. Qaz vəzisi qovuğun ön, “ovala” isə geri tərəfində yerləşir. Əmələ gələn artıq qaz kapilyar qan damarları ilə dəyişilir. Sürü ilə yaşayan balıqlar suyun üst qatına qalxdıqda üzü köpüklənir. Belə köpüklənmə həmin balıqlar-xaric olan qaz hesabına baş verir. Üzmə qovuğu açıq balıqların çoxunda (siyənəklər, qızıl balıqlar) qaz vəzisi də yoxdur, bunların qanında əmələ gələn qazların üzmə qovuğuna keçməsi bu qovuğun daxili epiteli qatı hesabına baş verir və bu proses çox zəif gedir.

Üzmə qovuğu açıq olan bir çox balıqlar su dərinliyinə və nərkən neytral üzücülüyü təmin etməkdən ötrü ağıza hava alır, daha çox dərinliyə getdikdə isə ağıza su alınır. Lakin bu da kifayət etmir, qandan ayrılan qaz üzmə qovuğuna dolmağa başlayır. Bu zaman balıqlar qaz buraxır, suyun üzündə hava qovuqcuqları və ya köpük əmələ gəlir. Üzmə qovuğu boşalmış balıqlar su dərinliyində çox qala bilmir və üst qatlara qalxır.

Üzmə qovuğu təkcə hidrostatik orqan vəzifəsini yerinə yetirir, onun həm də suyun təzyiqini bilməkdə rolu vardır, eşitmə orqanı ilə bilavasitə əlaqədardır, bununla daxili qulağın fəaliyyətini yaxşılaşdırır. Vyunlarla üzmə qovuğu sümük kapsul içərisində yerləşdiyindən o hidrostatik orqan kimi fəaliyyət göstərə bilmir, lakin hava təzyiqinin dəyişilməsini tez hiss edir. Bəzi balıqlar (treska, merluza) üzmə qovuğu vasitəsilə səs çıxara bilir. Ikicürtənəffüslülərin və sümüklü qanoidlərin üzmə qovuğu hücrəli quruluşa malik olduğundan qismən də olsa hava tənəffüsünü yerinə yetirir.


Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling