Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Qidalanmanın regional xarakterləri


Download 0.92 Mb.
bet6/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Qidalanmanın regional xarakterləri. İri su hövzələrinin ayrı-ayrı hissələrində (regionlarında) qida obyektlərinin həm növ tərkibi və biokütləsi, həm də balığın qidalanması müxtəlif olur ki, bu qidalanmanın regional xarakteridir. Qidanın belə xarakteri qida plastikliyi yüksək olan növlərdə nəzərə çarpır və eyni zamanda həmin ərazidə olan obyektlərlə qidalanmaya uyğunlaşma deməkdir. Qidalanmanın regionallığı bir çox növlərə xasdır. Məs. girdə xulun qidasında xərçəngkimilər Şimali Xəzərdə 29%, Orta Xəzərdə 6-7%, Cənubi Xəzərdə (Krasnovodsk körfəzi) cəmi 1%; balıq qidası isə müvafıq surətdə 3,2; 14,6; 58,0% təşkil edir. Kambala-kalkan Qara dənizin şimali-şərqində əsasən pelegial balıqlarla, şimali-qərbində isə dib balıqları (xullar, pikşalar və s.) ilə qidalanır. Baltik treskasının qidasında Riqa və Qdansk körfəzlərində balıq, Klaypeda rayonunda mizidlər, Saarema adalan ərazisində çoxqıllı qurdlar, Bomxolm adaları rayonunda isə dəniz tarakanı çoxluq təşkil etmişdir.

Qidalanmanın fəsli xarakteri. Bir çox balıqların qida obyektlərinin inkişafı, onların miqrasiyası, balıqlar tərəfındən istifadə edilməsi fəsildən asılıdır. Fəsillik həm də balığın öz fızioloji vəziyyətindən asılı olur. Məs. Qara dəniz skumbriyası yayda daha çox olan xərçəngkimilərlə, yazda və payızda isə xırda balıqlarla qidalanır. Mintay erkən yazda çoxalır və bu zaman qidalanmır. Çoxalmadan sonra koryuşka və moyva balıqlarını acgözlüklə yeyir. Yayda qidalanma zəifləyir və əsasən xərçəngkimilərdən ibarət olur. Barens dənizi pikşası yazda xırda balıqlarla, kürü ilə, moyva və siyənəklərlə, yayda və payızda dib heyvanları ilə qidalanır. Qızılxallının qidasında yanvarda qammaridlər, martda - xironomid sürfələri, iyunda - bulaqçı sürfələri, avqustda və sentyabrda - hava cücüləri, noyabrda - su ulağı çoxluq təşkil edir.

Qidanın tərkibi cinsiyyət vəzilərinin inkişaf mərhələsindən də asılıdır. Bu vəzlər inkişaf edib qarın boşluğunu doldurduqca balıq yüksək kalori obyektləri daha çox yeyir. Məs. Xəzər külməsi belə vəziyyətdə ilbizlə qidalanmadan xərçənglərlə qidalanmaya keçir.



Qidalanmanın sutkalıq ritmi. Qidalanmanın ritmi qida obyektlərinin miqdarından, tutula bilməsindən, boyundan, qidalılıq keyfiyyətindən, qidalanma vaxtından və s. asılıdır. Qidalarını bütöv udan yırtıcı balıqlar bir dəfəyə daha çox yeyir.

Belələrində qidanın həlli və sorulması da çox çəkir, bəzən 72 saat və daha çox davam edir. Xanının və durnabalığının yaşlıları bütün sutka ərzində qidalanır: gündüz qida obyektini qəfildən tutur, toranlıqda təqib edir. Səhər və axşam saatlarında daha sürətlə qidalanan bu balıqlar, gündüz çox zəif qidalanırlar ki, bu, şikarın sürü əmələ gətirərək müdafiənin güclənməsi ilə izah edilir. Treska səhər və axşam saatlarında, toranlıq və qaranlıqda daha fəal olur. O gün çıxan və gün batan müddətdə ən çox moyva ilə, toranlıq və qaranlıqda isə dibdə yaşayan və çoxalma dövründə olan qumluq xulu ilə qidalanır. Dib orqanizmləri ilə qidalanma zamanı bu işin vaxtdan asılılığı müşahidə edilmir: treska gündüz hərəkətdə olan obyektin ardınca getmir. Dinc balıqlar az-az və daha tez-tez (4-6 saatdan bir qidalanır. Əksər yırtıcı balıqlarda olduğu kimi bunlar səhər və axşam saatlarında daha sürətlə qidalanır. Adətən gündüz saatlarında olan yüksək temperatur qidalanmaya mənfi təsir edir.



Qidalanmanın intensivliyi. Qidalanmanın intensivliyini mədə-bağırsaq sisteminin qida ilə dolanmasına, eləcə də sutkalıq və illik qida normasına görə müəyyənləşdirilir. Mədə-bağırsaq sisteminin qida ilə dolması vizual müşahidəyə əsasən beş bal sistemi ilə qiymətləndirilir; 0 - boşdur, 1 - qida tək-təkdir, 2 – az doludur, 3 - orta doluluqdadır, 4 - qida çoxdur, 5-tam doludur.

Qidalanmanın intensivliyinin kəmiyyət göstəricisi mədə-bağırsaq sisteminin ayrı-ayrı qida obyekti və ümumi qida kütləsi ilə dolma indeksidir. Dolma indeksi 2 cür olur: ümumi və xüsusi, mədə-bağırsağın ümumi dolma indeksi qidanın ümumi kütləsinin, xüsusi indeksi isə hər qrupun və ya obyektin kütləsinin balığın kütləsinə olan nisbətidir. İxtioloji ədəbiyyatda qida indeksi prodesimill (‰) ilə işarə edilir. Qida indeksini tapmaq üçün qidanm kütləsini 10.000 vurub balığın kütləsinə bölmək lazımdır.

Qidalanmanın intensivliyi balığın növündən, cinsiyyətindən, uzunluqundan, fızioloji vəziyyətindən, suyun temperaturundan, fəsildən, qidalanma vaxtından, qida obyektinin qidalılıq əhəmiyyətindən və s. asılıdır.

Balıqlar müəyyən temperaturda yaşayır. Hər növün özünün optimal temperaturu var ki, bu temperaturda onun fərdləri daha intensiv qidalanır. Məs. çay qızılxallısı 2° temperaturda qidalanmağa başlayır, 12-14°-də ən yüksək sürətlə qidalanır, 19°-də isə qidalanma tamamilə dayanır. İsti sevən balıqlar (çəki, çapaq, külmə və s.) 18°-dən 26-28°-yə qədər temperaturda intensiv qidalandığı halda, 16-20°-də qidalanma təxminən 1-1,5 dəfə, daha aşağı temperaturda isə 3 dəfəyə qədər zəifləyir. 4-6°-dən aşağı, 30-32°-dən yuxan qidalanma demək olar ki, dayanır.

Bir çox balıqlar (durnabalığı, xam, nalim) demək olar ki, bütün il boyu qidalanır. Bəzi Arktika (sayka) və Antraktika (enlialın) balıqları hətta -1,9° temperaturda fəal olur və qidalanır.

İlin soyuq vaxtlarında balıqların qidalanması zəifləyir və ya tamamilə dayanır. Belə olduqda orqanizm özündə toplamış olduğu ehtiyat qida maddəsi hesabına təmin olunur. Məs. çəki, çapaq, naxa, sıf balıqları Volqa-Xəzər rayonu çökəkliklərində oktyabrın ortalarından aprelə qədər qışlayır və qidalanmırlar. Bu zaman bunların bədən üzvləri nisbətən qalın selik qatı ilə örtülür, tənəffüs və maddələr mübadiləsi zəifləyir.

Kürüsünü bir dəfəyə tökən balıqların əksəriyyəti çoxalma vaxtı qidalanmır, hissə-hissə kürüləyənlər isə zəif qidalanır. Balıqlar aclığa dözümlüdür. Karas qida qabul etmədən 8 ay yaşaya bilir. Bu müddət ərzində o kütləsinin yalnız 1/3 -ni itirir. Keçici balıqlar çoxalma miqrasiyası və kürüləmə zamanı qidalanmır, həddindən artıq arıqlayır, ona görə də kürütökmədən sonra məhv olur. Qışda çaya gedən syomqa bir il müddətində qida qəbul etmir, cinsiyyət vəzilərini yetişməsi ehtiyat qida maddəsi hesabına təmin edilir.

Sutkalıq illik qida rasionu (norması). Balıqların sutkalıq və illik qida normasının öyrənilməsinin əhəmiyyəti vardır. Ona görə ki, bu məsələnin öyrənilməsi hansı növlərin artırılmasının daha səmərəli olduğunu göstərməklə yanaşı, hər hansı su hövzəsinin yem ehtiyatından nə dərəcədə istifadə olmanı da aydınlaşdırır. Artıq qalan və ya istifadə olunmamış yem ehtiyatının miqdarının və ya növ tərkibini bilmək həmin su hövzəsinə yeni balıq növlərinin köçürülməsini, qalın yem ehtiyatı hesabına əlavə balıq məhsulu alınmasını təmin edir.

Sutkalıq qida rasionu bir sutka ərzində yeyilən yemin miqdarı olub balığın kütləsinə görə faizlə hesablanır. Sutkalıq qidanın miqdarını, qidalanmanın aylar üzrə intensivliyini illik qida rasionu, onun aylar və fəsillər üzrə miqdarını müəyyənləşdirməyə imkan verir.

Sutkalıq qida rasionunu bir neçə üsulla müəyyənləşdirmək olur. Bunların ən əlverişlisi təbii şəraitdə bağırsaqların dolma indeksinə əsasən hesablama üsuludur. Bu üsulla sutkalıq qidanın miqdarı D=A (24/n) formulasına əsasən müəyyən edilir. Burada D-sutkalıq qidanın miqdarı (%); A-bağırsaqların dolma indeksi (orta hesabla, %); n-qidanın həllolma intensivliyidir, 24 saatla sutkadır.

Sutkalıq qida rasionu balığın həyat tərzincdən, yaşından, temperaturdan, yeyilənin qidalılıq əhəmiyyətindən və s. Cəld hərəkətli balıqlarda sutkalıq rasion yüksək olur. Yırtıcı balıqlar daha keyfiyyətli obyektlərlə qidalandıqlarından qidanın miqdarı nisbətən az olur. Sıfın və çay naxasının intensiv qidalanması zamanı sutkalıq qida rasionu bədən kütləsinin 5,5% qədər olduğu halda, başqa vaxtlarda rasion azalır, hətta bəzən kütlənin 0,5% qədər olur. Külmənin sutkalıq rasionu xərçəngkimilərlə qidalandıqda bədən kütləsinin molyuskalarla qidalandıqda 24%-ni təşkil edir.

Boyca kiçik balıqların sutkalıq rasionu nisbətən yüksək olur. Uzunluğu 4 sm-ə qədər olan üstüzənin belə rasionu bəzən öz kütləsinin 29,3%-ni təşkil edir. Karpın bir yaşa çatmamış körpələrinin rasionu 6-8%, iki yaşlılarınki ondan 3 dəfə az olur.

Balığın kütləsi artdıqca qida rasionu azalır. Məs. sıfm kütləsi 2 q olan körpələrinin qida rasionu bədən kütləsinin 23,8%-i qədər olduğu halda, kütləsi 59,5 q olan körpələrin rasionu 9,4%-ə bərabər olur. İnkişafın ilk vaxtlarında boyca müxtəlif fərdlərin rasionu çox müxtəlifdir. Azov dənizində yaşayan girdə xulun 9 günlük körpələrinin sutkalıq rasionu 32%, nərənin və karpın belə rasionu isə 100%-dir.

Qidalanmaya temperaturun təsiri böyükdür. İsti sevən balıqlar üçün temperaturun 26-28°-yə qədər artması ilə qida rasionunun artması düz mütənasibdir. Dolğunluğu yüksək olan balıqlar nisbətən az qida tələb edir, aşağı olanlar isə əksinə çox yeyir.

İllik qida rasionu bir il ərzində yeyilən qidanın miqdarıdır. İllik rasion qidanın kütləsinin balığın kütləsinə olan nisbəti kimi və ya balığın kütləsinə görə faizlə göstərilir. İllik rasion göstərir ki, bir il ərzində yediyi qidanın miqdarı onun öz kütləsindən neçə dəfə artıq olur. İllik qida rasionu bir çox amillərdən, ən əvvəl yeyilənin qidalılıq keyfiyyətindən asılıdır, həm də bu rasion yırtıcı balıqlarda digərlərinə nisbətən, sutkalıq rasion kimi aşağıdır.

Qidalanma intensivliyi il ərzində eyni səviyyədə qalmır, həm də ayrı-ayrı növlərdə müxtəlifdir. Məs. naxa və həşəmdən fərqli olaraq xanı və durnabalıqları bütün il boyu qidalanır. Durna, balığı ilin soyuq vaxtında (oktyabrdan aprelə qədər) illik rasionun 30%-ni yeyir, may və sentyabr-oktyabr aylarında isə daha intensiv qidalanır. Xanı balığı yazda illik rasionun 40%-ni, yayda isə 30%-ni yeyir. Payızda onun qidalanması zəifləyir (10%), qışda payıza nisbətən iki dəfə artır (20%). İsti sevən balıqlardan olan naxa Volqa çayı mənsəbində suyun temperaturu 5°-ə endikdə (noyabrdan aprelin ortalarına qədər) qidalanmır, yazda isə intensiv qidalanmağa başlayır. Sıf da yazda intensiy qidalanır və illik rasionun 60%-ni yeyir. Yayda onun qidalanması zəifləyir (15%), payizda bir qədər yüksəlir (22%), qışda minimuma enir (3%).

Qidanın illik rasionu ayrı-ayrı illərdə müxtəlif olur. Bu müxtəliflik ən əvvəl ilin yağmırlılığından və müvafiq ildə alınmış nəslin miqdarından asılı ola bilər. Maraqlıdır ki, az sulu 1971-ci ildə Volqa çayı mənsəbində naxa və durna balıqlarının illik qida rasionu əvvəlki ilə nisbətən iki dəfə çox olmuşdur ki, bu az sulu ildə şikarın asan tutulmasi ilə izah edilməlidir.

Qida əmsalı. Müəyyən vaxt ərzində kütlənin vahid qədər artmasına sərf olunan yemin miqdarına qida əmsalı deyilir. Qida əmsalı ən əvvəl qadanın keyfiyyətindən, temperaturdan, suyun hidrokimyəvi rejimindən, balığın növündən və yaşından asılıdır. Keyfiyyətli qidalar qida əmsalını azaldır. Balıq yeminin qida əmsalı 5-10, molyuska və xərçəngkimilərinki 20-26, təkcə molyuska yemininki - 40, bitki yeyənlərinki 30-a yaxındır.

İsti sevən balıqların qida əmsalı aşağı temperatur şəraitində yüksəlir. Məs. 20-27° temperaturda və oksigen bolluğu şəraitində karp həm yaxşı qidalanır, həm də qidanın mənimsənilməsi yüksək olur. Temperatur 14-15°-yə, hər litr suda oksigen miqdarı 0,2-0,5 sm3-ə endikdə qidalılıq əmsalı iki dəfə artır.

Balığın boyu artdıqca (hətta eyni yemin) qida əmsalı artır. Karpı bitkilərlə (lərkə) qidalandıqda bitkinin qida əmsalı bu ilki körpələrdə 2,5; ikilliklərdə 4,5; üçilliklərdə-5,8 və dördilliklərdə 6,3 olmuşdur. Azov xəmsəsinin ikilliklərinin qida əmsalı daha yüksək olur, üstüzənin qida əmsalı 69,8-dir. Bu, təkçə planktonun az keyfiyyətli olması ilə deyil, həm də üstüzəndə maddələr mübadiləsinin yüksək səviyyəsi, axırıncı isə orqanizmin cəldliyi ilə əlaqədardır.

Balıqların yedikləri qidanın bir hissəsi orqanizmi saxlamağa, digər hissəsi isə böyürnəyə sərf olunur. Balıq böyük olduqca onun saxlanmasına sərf olan qidanın miqdarı da çox olur. Balığın növündən asılı olaraq müəyyən yaşdan sonra (təxminən ömrün qocalıq dövrü) orqanizmi saxlamağa sərf olan qidanın miqdarı daha da artır, bunun əksinə olaraq böyümə zəifləyir. Ona görə də səmərəli balıq təsərrüfatı nöqteyi-nəzərindən yaşlı balıqlarin su hövzəsində qalması və ya sayca artması məsləhət deyil.



Qida əlaqələri və trofik zəncir. Balıqçılıq təsərrüfatının elmi əsaslarının işlənib hazırlanmasında qida əlaqələrinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Bunun üçün hər hansı su hövzəsinin qida obyektlərinin növ tərkibini, bunlar arasında həm qida, həm də digər bioloji əlaqələrin ayrı-ayrı obyektlərin qida zəncirinin hansı səviyyəsində və nə dərəcə istifadə edilməsini bilmək tələb edilir. Yem bazasının səmərəli istifadə edilməsini araşdırmaq da bu məsələlərin öyrənilməsi ilə əlaqədardır.

Müxtəlif qida əlaqələri trofik və ya qida zəncirinin əmələ gəlməsinə səbəb olur. Su hövzələrində qida zəncirinin başlanğıcını mikro və makrofitlər təşkil edir. Mikrofitlər yosunlar, makrofitlər ali su bitkiləridir. Onurğasızların çoxu və bəzi balıqlar fitoplanktonla qidalanır. Onurğasızlar əksər "dinc" balıqların, axırıncılar isə yırtıcılann qidasının əsas hissəsini təşkil edir. Boyca iri tipik yırtıcı balıqlar, məs. qılınc balıq, akulalar, hətta yırtıcı balıqlarla da qidalana bilir.

Trofik zəncirin uzunluğu qida obyektlərinin miqdarından, başqa sözlə şikarla balıq arasında olan qida qruplarının sayından asılıdır. Ən gödək trofik zəncir bitki planktonu ilə ağ qalınalın, Peru ançausu, eləcə də ali su bitkiləri ilə ağ amur arasında qeyd edilib. Planktonla qidalanan siyənək, xəmsə və kilkələrin trofik zənciri nisbətən uzun olub bitki planktonu, heyvani plankton və balıq səviyyəsindən ibarətdir. Ən uzun trofik zəncir (5-6 səviyyədən ibarət) okeanda yaşayan iri yırtıcı balıqlar (akulalar, tuneslər və b.) üçün xarakterikdir.

Səmərəli balıq təsərrüfatı nöqteyi-nəzərindən trofik zəncirin qısa olmnası müsbət hesab edilir. Trofik zəncirin bir səviyyəsindən digərinə keçdikdə orqanizmin həmin səviyyədən (qidadan) hasil etdiyi enerji itkisi bitki ilə qidalananlarda, heyvani obyektlərlə qıdalananlara nisbətən, çox olur.



Qida rəqabəti və qida ilə təminolunma. Müxtəlif növ balıqların eyni obyektlə qidalanması rəqabətin yaranmasına səbəb olur. Qida rəqabətinin səviyyəsini bilmək üçün qida obyektlərinin aşağı göstəricisi üzrə oxşarlıq indekslərini hesablamaq lazımdır. Ümumi qidanın, ayrı-ayrı qrupunu və ya hər hansı obyektin indeksinin hesablanması İ.F.Pravdinin "Руководство по изучению рыб" kitabında (1966) verilib. Qidanın tam eyniliyi zamanı qida oxşarlığı indeksi 100, qidanın tərkibi müxtəlifdirsə, oxşarlıq indeksi "0"-a bərabər olur. Məsələn şimali Xəzərdə nərə balıqları ilə digər balıqlar arasında qida oxşarlığı belədir: qumluq xulu ilə 49,6; sıfla 29,7; çapaqla 26,4, külmə ilə 9,6. Deməli, Xəzərin şimal hissəsində qida rəqabəti nərə balıqlan ilə qumluq xulu arasında kəskin formadadır. Qida oxşarlığı indeksi balığın yaşından və fəsildən asılı olaraq dəyişilir.

Balıqların qidalanma xüsusiyyətlərində onların qida ilə təmin olmalarının böyük əhəmiyyəti vardır. Qida ilə təmin olma isə ən əvvəl su hövzəsinin yem ehtiyatı ilə müəyyən edilir. Su hövzəsinin yem ehtiyatı bitki və heyvani qida obyektlərinin cəmindən ibarətdir. Bu ehtiyatın yalnız balıqlar tərəfindən istifadə edilən hissəsi yem bazasını təşkil edir.

Balıqların böyüməsi, dolğunluğu, qidalanma intensivliyi qida tərkibi, eləcə də su hövzəsində balıq ovu ən əvvəl balıqların qida ilə təmin olunmasından asılıdır. Məlumdur ki, yaxşı qidalanma şəraitində balıqların ilkin inkişafı - sürfə mərhələsi daha tez qurtarır və balıq ehtiyatının bərpası baxımından 311 vacib sayılan bu mərhələdə itki faizi azalır. Vətəgədə tutulma və ya erkən mərhələdə məhvolma üzvündən sayca azlıq təşkil edən fərdlərin böyüməsi daha sürətlə gedir ki, bunu həm qida ilə təminolunmanın yaxşılaşması, həm də növün özünübərpaya, meylliyi ilə izah etmək olar.

Hər hansı populyasiya fərdlərinin sayca artması və ya onların böyüməsinin sürətlənməsinin başqa bir populyasiya sayça azalmasına və ya böyümənin zəifləməsinə gətirib çıxarır. Məs. Mingəçevir su anbarının yaranmasının ilk illərində külmə və xramulya balıqları çoxluq təşkil edərək balıq ovunda birinci yeri tutmuşdular. Sonradan bunların ehtiyatının bərpası qaneləşdikcə (bu su altında qalmış quru bitkilərin ehtiyatının azalması ilə əlaqədar idi çapağın artıb çoxalmasına imkan yarandı və çapaq indi də çoxluq təşkil edir və balıq ovunda birinci yeri tutur.

Balıqların qida ilə təmin olunması göstəricilərindən biri də qida rəqabətinin vəziyyətidir. Xəzər dənizinin Mahaçqala-Dərbənd ərazisində nərələrlə xul balıqları arasında olan qida rəqabəti Çeçen adaları rayonunda olduğundan 3-4 dəfə azdır, başqa sözlə Çeçen adaları rayonunda hər 2 qrup balığın qida ilə təmin olunması daha yaxşı vəziyyətdədir.

Qida ehtiyatından səmərəli istifadə etdikdə su hövzəsinin balıq məhsuldarlığı artır. Balıq məhsuldarlığını həm də qida ehtiyatının tərkibini və miqdarını, balıqların qidasını və qida rəqabətini bilməklə artırmaq olar. Bunun üçün qida ehtiyatının yerli balıqlar tərəfindən istifadə edilməyən hissəsinin növ tərkibi və miqdarı müəyyən edilməli və həmin qalıqla qidalana bilən balıq növləri su hövzəsinə köçürülməlidir. Balıq məhsuldarlığını zəif böyüyən növləri daha sürətlə böyüyən (həmin qida obyektləri ilə qidalanan) növlərlə əvəz etməklə də artırmaq olar. Bu baxımdan respublika sularında geniş yayılan, həm də çoxluq təşkil edən külmənin, çapağın və digər belələrinin, karpın müxtəlif formaları, qalınalın, karpla çəkinin və çəki ilə karpın hibridləri, qapalı sularda ağ amur və s. əvəz edilməsi məsləhətdir. Daxili suların çoxunda təbii yemləməyə əsaslanan göl-satış balıqçılığı inkişaf etdirmək və polikultura tətbiq etmək (adları çəkilmiş balıqların birgə yetişdirilməsi) daha səmərəli ola bilər.



Balıqların yağlılığı dolğunluğu. Balıqların yağlılığı və dolğunluğu onların bioloji vəziyyəti, başqa sözlə sağlamlıq göstəriciləri olub fərdin yaşından, cinsiyyətindən, cinsiyyət vəzilərinin yetkinlik dərəcəsindən, eləcə də yaşayış şəraitindən və ilin fəslindən asılıdır. Yaxşı qidalanma yağlılığının artmasına səbəb olur. Yağ müxtəlif balıqlarda müxtəlif yerlərdə toplanır.

Qızılbalıqların, angvillanın əzələlərində; sıfın daxili orqanları ətrafında; treskaların, akulaların qara ciyərində; siyanəklərin, nərə balıqlarının həm əzələlərində, həm də daxili orqanlarında daha çox yağ olur.

Bəzi balıqların yağlılıq əmsalı təyin edilir. Yağlılıq əmsalı treskaların qara ciyərində, çapağın, sıfın, külmənin daxili orqanlarında olan yağın balığın kütləsinə olan nisbətidir. Yan daxili orqanlarda toplanan balıqların yağlılığın eyni adlı şkalaya əsasən gözəyarı təyin edilir. Bu şkala belədir: "0"-yağ yoxdur, "1"-yağ azdır, "2"-yağ orta miqdardadır, "3"-yağ çoxdur. Balıqların yağlılığı dəyişkəndir. Bir qayda olaraq yağı qara ciyərdə toplanan balıqların yağlılıq əmsalı aşağı olur, məs. treskalarda orta hesabla 0,3%-dir. Yağı daxili orqanların ətrafında olan sıfın, çəkinin, külmənin bu göstəricisi müvafiq surətdə və orta hesabla 0,5; 1,5; 2,5%, yağı əzələlərdə toplananların məs. nərənin, qızıl balığın, angvillanın yağlılığı isə yenə müvafıq surətdə və orta hesabla 8,0; 11,0 (kür qızılbalığında 25%-dən çox) və 22,0%-ə qədər olur.

Yağlılığına görə balıqlar aşağıdakı qruplara ayrılır: yağsızlar (sıf, durnabalığı, xullar - bunların yağlılığı 1%-ə yaxındır); orta yağlılar (külmə, çəki - yağlılıq 1-5%); yağlılar (xəmsə, angvilla, Kür qızılbalığı -yağlılıq 15%-dən çox).

Bəzi balıqların yağlılığı boydan asılı olur. Məs. Şimali Xəzərdə çaparın kiçiklərinin yağlılığı - 1,6%, orta irilikdə olanların yağlılığı - 4,0%, irilərinin yağlılığı isə 7,8%-dir. Yağlılıq cinsiyyət vəziyyətindən də asılıdır. Kürütökməyə yaxın çəkinin yağlılığı azalır. Balığın yağlılığına miqrasiya yolunun uzunluğunun da təsiri vardır. Çoxalma – kürüləmə yeri uzaq olan keçici balıqlar bu səbəbdən uzağa getməyənlərə nisbətən daha yağlı olur. Kürüləmək üçün Amur çayına girən və 1200 km yol gedən yapon minoqasının yağlılığı 31,1% olduğu halda, bu məqsədlə Neva çayında cəmi 70-80 km məsafə qət edən çay minoqasının yağlılığı 16,1% olur.

Kürüləmə qabağı balıqlar daha yağlı olur. Kürüləməkdən sonra maksimal arıqlayırlar. Eyni növün müxtəlif qidalalanma şəraitində olan fərdlərinin yağlılığı eyni olmur. Yağlılıq bir çox bioloji məsələlərin indikatoru hesab edilir. Belə ki, balıqlar yalnız müəyyən yağlılığa çatdıqdan sonra qışlamaya, kürüləməyə və i.a. gedir.

Balıqların dolğunluq əmsalı da təyin edilir. Bunun nəzəri və təcrübi əhəmiyyəti böyükdür. Dolğunluq əmsalı fultonun təklif etdiyi Kf=(p·100)/L3 formulası ilə təyin edilir. Burada Kf -dolğunluq əmsalı, p - balığın ümumi kütləsi, L3-ümumi uzunluğudur (sm). Dolğunluğun fulxon üsulu ilə hesablanması bəzi praktiki məsələlərin, məs. məhsulun keyfiyyəti nöqteyi-nəzərindən balığın tutulma vaxtını daha dəqiq müəyyənləşdirməyi çətinləşdirir. Ona görə də Klark adı alim dolğunluq göstəricisini (Kı) balığın kütləsinin; ümumi çəkisinə görə deyil, təmiz (içalatsız) çəkisinə görə, həm də ümumi uzunluğuna görə deyil, bədən uzunluğuna () görə hesablanmasını təklif edir. Bunun üçün K1=(P-100) 3 formulasından istifadə edilir. Həm Fluton, həm də Klark üsulunun nöqsan cəhəti ondan ibarətdir ki, hər iki üsul yalnız bir növün, bir yaş qrupunun, bir erkəyin və ya bir dişinin dolğunluğu haqda məlumat verir.

Balıqların dolğunluq əmsalı göstəricisinin hesablanması onların balıqartırma təsərrüfatları göllərində qışlamasının nəticəsini əvvəlcədən bilməyə qismən də olsa imkan verir. Karp körpələrinin dolğunluğunu ildə iki dəfə - avqustun əvvəlində və qışlamaya köçürdükdə təyin edirlər. Müəyyən edilib ki, avqustun əvvəlində körpələrin normal dolğunluğu 1,8 və daha çox, qışlamaya köçürdükdə isə kütləsi 25 q-dan çox olanların dolğunluğu - 2,5; 15-25 q olanlarınkı 2,6; 15 q-dan az olanlarınkı-2,9 olmalıdır.

Azərbaycan sularında, xüsusilə iri su hövzələrində yaşayan balıqlar sözün əsl mənasında qışlama dövrü demək olar ki, keçirmirlər. İndicə karp körpələri üçün göstərilmiş kütlədən asılı olaraq dəyişilən dolğunluq əmsalı karpın əcdadı olan çəki körpələrinin dolğunluq əmsalı ilə tam uyğunlaşmasa da karp və çəki körpələrinin dolğunluq göstəricisində bir ümumilik nəzərə çarpır. Belə ki, karp körpələrinin durğunluq əmsalı avqustdan qışlamaya köçürülənə qədər 1,8 ilə 2,9 arasında, Azərbaycanın müxtəlif su hövzələrindən işlənmiş çəki körpələrinin belə əmsah isə durğun sularda 2,66-2,87; axar sularda 2,38-2,47 olmuşdur. Balıqların dolğunluğunun mühüm təcrübi əhəmiyyəti olduğunu nəzərə alaraq onun daha düzgün təyin olunması həmişə diqqət mərkəzində olub. N.E.Salnikov və D.N.Kravçenko dolğunluq əmsalını hesablayarkən təkcə kütlə və uzunluq deyil, həm də bədən hündürlüyünü və yoğunluğunu nəzərə almağı vacib hesab edərək dolğunluğu aşağıdakı formula ilə təyin etməyi təklif etmişlər: Ky=(P·100)ℓHO. Burada Ky - dolğunluq əmsalı; P -balığın kütləsi; 1-balığın uzunluğu (sm), H - balığın bədəninin hündürlüyü (sm); O - bədənin yoğunluğudur(sm).

Yuxarıda göstərilən üsulların hamısı fərdin dolğunluğunu hesablamaya əsaslanır. Balıqartırma, xüsusilə göl-satış balıqçılığı təsərrüfatlarında balıq körpələrinin, eləcə də yaşlı balıqların qışlaması zəruri olur. Bunun üçün 100 minlərlə balığın dolğunluğunu bilmək lazım gəlir. Bu işi fərdi dolğunluq əmsalını hesablamaq yolu ilə az-çox həqiqətə yaxın müəyyən etmək üçün dolğunluğu təyinetmə nümunələrinin miqdarı mümkün qədər çox olmalıdır.



Balıqların çoxalması
Balıqların çoxalması çox mühüm bioloji proses olub ayrı-ayrı növlərin və ya bütünlükdə balıq ehtiyatının bərpa olunmasında böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq çoxalmanın ayrı-ayrı mərhələlərinin öyrənilməsi və ümumi prosesin yaxşılaşdırılmasına yönəldilməsi vacibdir.

Çoxalma üsulları. Balıqlar əsasən cinsiyyətli üsulla çoxalır. Çox az hallarda partenogenetik çoxalma (dişi cinsiyyət hüceyrəsinin mayalanmadan inkişafı) müşahidə edilir və əksər hallarda belə çoxalma zamanı bioloji cəhətdə sağlam nəsil alınmır. Lakin İssıkul gölündə yaşayan çebaçka adlı balığın bu yolla çoxaldığı zaman normal nəsil alınması məlumdur. Bəzən qızılbalıqların kürüsünün mayalanmamış hissəsinin pertenogenetik yolla inkişafı müşahidə edilir. Belə kürülər mayalanmış kürülərin məhv olmasına səbəb olmur.

Balıqlarda ginogenez yolla çoxalma da vardır. Ginogenez çoxalma zamanı yaxın növlərin, məs. çəkinin, çapağın, qızılı karasın spermatozidi yumurta hüceyrəsinə (kürüyə) daxil olur, onun inkişafına səbəb olur, lakin kürü ilə toxumun nüvələri birləşmir, alınmış nəsil yalnız dişi fərdlərdən ibarət olur. Orta – Asiya, Qərbi Sibir və Avropa sularında yaşayan gümüşü karasın populyasiyası demək olar ki, yalnız dişilərdən ibarət olur.

Ginogenez çoxalmadakı belə xüsusiyyətə baxmayaraq yaşayış şəraiti pis olan su hövzələrində bir qayda olaraq erkəklər çoxluq təşkil edir. Ginogenez hadisəsi Meksika sularında yaşayan mollinez balıqlarında da vardır.

Balıqlar müxtəlif cinsiyyətlidir, lakin hermofrodit növlər də var. Belələrinə daşlıq xanılarını, qırmızı peqalı misal göstərmək olar. Daşlıq xanılarının cinsiyyət vəzilərində həm kürü, həm də toxum inkişaf edir. Lakin bunların inkişafı növdə ilə getdiyindən öz-özünə mayalanma baş vermir. Cinsiyyət vəzilərinin eyni fərddə eyni caxtda inkişaf etməsi nadir hallarda müşahidə edilir və öz-özünə mayalanmaya səbəb olur. Qırmızı peqalın cinsiyyət vəzilərinin yaşdan asılı olaraq dəyişilməsi müşahidə edilir: cavan fərdlərin cinsiyyət vəziləri yumurtalıq kimi, yaşlılarınkı isə toxumluq kimi fəaliyyət göstərir.

Balıqların əksəriyyətində mayalanma xaricdir, daxili mayalanma qığırdaqlı balıqlar (akulalara, skatlara, şəkil 39) bəzi sümüklü balıqlar (dəniz xanısı, beldyuqalar) və bir çox çəkilişlər (qambuziyalar, quppilər, qılınc quyruq bqlıq) üçün səciyyəvidir.

Yazılanlardan göründüyü kimi sümüklü balıqlar arsında kürü tökməklə çoxalanlar və diri doğanlar vardır. Diri doğanlarda mayalanma daxildir, rüşeymin inkişafı daxildə gedir. Xarici mayalanma, başqa sözlə kürü tökməklə kürü sümüklü balıqların əksəriyyəti üçün xarakterikdir. Qeyd etmək lazımdır ki, qığırdaqlı balıqlar arasında da kürü tökməklə çoxalanlar var, qütb akulası, pişik akula belələrindədir. Qığırdaqlı balıqların bəziləri yunurta diridoğandır, başqa sözlə balıqdan tam yetişmiş yumurta (kürü) xaric olur, belə yumurtadan bala çıxır.

Çoxalma xüsusiyyətlərinə görə balıqları monosiki və polisikllərə bölürlər. Balıqların əksəriyyəti polisiklidir, bunlar ömürlərində bir neçə dəfə nəsil verirlər. Monosikl balıqlar bir dəfə nəsl verdikdən sonra ölür, Çay angvillası, Sakit okean qızılbalıqları, çay minoqası, Xəzər minoqası, Xəzər qızılbalığı, Baykal qolomyankası monosikl balıqlardır.


Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling