6-cı mövzu: Yaralanmalar, qanaxmalar və yanıqlar zamanı ilk tibbi yardım
Download 92.5 Kb.
|
VI MÜHAZİRƏ. Yaralanmalar,qanaxmalar və yanıqlar zamanı ilk tibbi yardım.
ATMU tələbələri üçün Mülki müdafiə fənnindənM Ü H A Z İ R Ə6-cı mövzu: Yaralanmalar, qanaxmalar və yanıqlar zamanı ilk tibbi yardım. Tədrisin məqsədi: Yaralanmalar, qanaxmalar və yanıqlar zamanı ilk tibbi yardımın əhəmiyyəti haqqında tələbələrə məlumat vermək. Məşğələnin kecirildiyi yer: ATMU-nun audutoriyası Vaxt: 90 dəq
Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq. 1-ci sualı: Yaralanmalar, növləri, ilk tibbi yardım -25 dəq. 2-ci sualı: Qanaxmalar,növləri, ilk tibbi yardım – 25 dəq. 3-cü sualı: Yanıqlar zamanı ilk tibbi yardım - 20 dəq. Məşğələyə yekun vurulması 15 dəq. Ədəbiyyat: 1. Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» qanunu. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı. 3. A. Məmmədov. Fövqəladə hallarda mülki müdafiə tibb xidmətinin təşkili. Bakı - “Təknur” 2011 4. İ. M. Mazanov Mülki müdafiə . (dərslik) Bakı - 2007 5. Sanitar-təlimatçının sorğu kitabı. 6. FHN mərkəzi mülki müdafiə kurslarının materialları 7. FHN qəzeti 8. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi. Mülki müdafiə (mühafizə). Ali məktəblər üçün dərslik, Çaşıoğlu 2002
Gəncə-2012 Biz müxtəlif fövqəladə hadisələr zamanı müxtəlif dərəcəli və xarakterli zədələnmələrlə rastlaşırıq. Tibb sahəsində zədə termin olaraq travma, bu sahəni öyrənən elm isə travmatologiya adlanır. Zədə dedikdə xarici mühitin müxtəlif amillərinin təsirindən canlı orqanizmində (insan bədənində) yaranan yerli dəyişiklik başa düşülür. Törənmə səbəbinə görə zədələr mexaniki, fiziki və kimyəvi şəkildə bölünür. Mexaniki zədələr canlını əhatə edən bərk əşyaların, bədən üzvlərinin zərbəsindən və yaxud sıxılma, silkələnmə, gərilmə, dartılma, burxulma və s. mexaniki təsirindən yaranır. Biz mexaniki zədələrin əzilmə, sıyrıq, hematoma (toxuma arasına məhdud qan toplanması), müxtəlif yaralar, sınıqlar, çıxıqlar, daxili üzvün patlaması, qopması kimi formalarına tez-tez rast gəlirik. Mexaniki zədələr örtük təbəqənin (dərinin və selikli qişanın) tamlıq vəziyyətinə görə qapalı və açıq olur. Belə ki dəri tamlığının pozulması ilə olan zədələr açıq, tamlığı pozulmamış dəri altındakı toxuma, törəmə və üzvlərdə baş verən dəyişikliklər isə qapalı zədə hesab olunur. Fiziki zədələr ətraf mühitin fiziki amilləri – isti və soyuq, atmosfer təzyiqi, elektrik cərəyanı, maqnit seli, ultrasəs, lazer, nüfuzedici radiasiya, rentgen və s. şüaların nəticəsində yaranır. Fiziki zədələrə termiki, elektrik və şüa yanıqlarını, nüfuzedici şüaların təsirindən yaranan şüa xəstəliyini misal göstərə bilərik. Kimyəvi zədələr isə müxtəlif aşılayıcı, yeyici, zəhərləyici kimyəvi maddələrin təsirindən əmələ gəlir. Kimyəvi maddələrin təsirindən orqanizmin daxilində yaranan pozğunluq halı isə zəhərlənmə adlanır.
Yara kanalından asılı olaraq yaraların aşağıdakı növləri ayırd edilir: Dəlib keçən (2 dəliyi vardır-giriş və çıxış), kor (yalnız girişi vardır) və toxunan. Əgər yaralayıcı vasitə bədən boşluğuna (kəllə, döş, qarın) daxil olursa, bu zaman yara nüfuzedici, yox əgər daxil olmursa – nüfuz etməyən adlanır. Toxumaların zədələnməsinə görə yaralar aşağıdakı növlərə ayrılır: - sümüklərin zədələnməsi; - iri damarların zədələnməsi; - iri sinirlərin zədələnməsi. Yaraları ən əsas təhlükəsi qanaxma və yaraya düşən mikrob nəticəsində əmələ gələn irinli fəsadlaşmalar hesab edilir. İstənilən yarada mikrob mövcuddur. Mikroblar yaraya yaralayıcı vasitələrlə (güllə, qəlpə, bıçaq, şüşə, mıxca, iti dəmir parçası və s.) birlikdə düşür. Sonuncular isə özləri ilə birlikdə paltarın, ayaqqabının, torpağın çirkli qalıqlarını və s. yaraya salır. Ən qorxulu infeksion fəsadlaşmalar aşağıdakılardır: qızıl yel, qazlı qanqrena, tetanus, sepsis. Bu fəsadlaşmaların qarşısını almaq üçün ilk yardımın vaxtında və düzgün göstərilməsi mühümdür. Bunun üçün ilk olaraq yaraya sarğı qoyulmalıdır. Bu hallarda fərdi sarğı zərfindən istifadə etmək məsləhət görülür. Fərdi sarğı zərfi antiseptik məhlul hopdurulmuş və tənzifə bərkidilmiş 2 preslənmiş pambıq-tənzif döşəkçədən ibarətdir. Döşəkçələrdən biri tərpənməz olduğu halda, digərini tərpətmək mümkündür. Tənzif və döşəkçələr iki örtükdə yerləşir: daxili - kağız örtük və xarici – rezinləşdirilmiş parça örtük. Zərfin örtükləri onu mikrob və radioaktiv maddələrin düşməsindən etibarlı şəkildə qoruyur.
1. Rezinləşdirilmiş örtüyü kəsərək cırmaq və onu çıxarmaq. 2. Kağız örtüyün büküyündəki sancağı çıxarmaq, örtüyü açmaq. 3. Sol əllə tənzifin ucundan tutub rulona qədər açmaq. 4. Rulonu sağ əllə götürüb zərfi açmaq. 5. Dəlib – keçən yaralar zamanı hərəkətli (tərpənən) döşəkçə sağ əllə kənara çəkilir və hər bir yara dəliyi bir döşəkçə ilə örtülür, sonra isə onlar tənziflə sarınır. 6. Kor yaralar və ya yanıqlar zamanı hərəkətli döşəkçə sol əllə tərpənməz döşəkçəyə tərəf çəkilir. Kiçik yaralar bir döşəkçə ilə bağlanır, ikinci döşəkçə isə üstdən qoyulur. Geniş yaralar zamanı döşəkçələr yanbayan qoyulur. 7. Döşəkçələr yara üzərinə, yad cisimlərə toxundurulmadan qoyulur, tənzifin ucu isə sancaqla bərkidilir. 8. Döşəkçənin xarici tərəfi rəngli sapla göstərilir (bu tərəfə əllə toxunmaq olar).
1. Yaraya əllə toxunmaq, oraya düşən ğeyim parçalarını, qəlpələri və digər yad cisimləri çıxarmağa çalışmaq, yaranı yumaq olmaz; 2. İmkan olarsa yaranın kənarlarına və ya ətrafındakı dəriyə yod məhlulu sürtməli və yalnız bundan sonra yara üzərinə sarğı qoyulmalıdır; 3. Sarğının yara ilə təmasda olan hissəsinə əl və başqa bir şeylə toxunmaq olmaz. Yaralının yara üzərindəki paltarı çıxarılmalı, ya da tikiş yerindən sökülməlidir. Ətrafların yaralanması zamanı paltarı əvvəlcə sağlam ətraf tərəfdən, sonra isə zədələnən ətraf tərəfdən çıxartmaq lazımdır. Sarğı qoyulduqdan sonra paltarı əks qaydada geyinirlər. Döş qəfəsinə işləyən yaralanma zamanı bəzən ağciyərlər zədələnir ki, bu da qanqusmaya, plevra boşluğuna qan axmasına və dərialtı qansızmaya səbəb olur. Bu ağır yaralanmadır. Yaraya havanın daxil olmasının qarşısını almaq məqsədilə belə yaralılara yardım göstərən zaman, fərdi sarğı zərfinin rezinləşdirilmiş örtüyünün iç tərəfi ilə yaranı bağlamaq, sonra isə hər iki döşəkçəni yaranın üstünə qoyaraq tənziflə sıxmaq lazımdır (hermetik sarğı). Əgər yaralanma nəticəsində iki dəlik əmələ gələrsə (giriş və çıxış dəlikləri), hər dəliyə örtüyün bir yarısını və üstündən bir döşəkçə qoyaraq sarımaq lazımdır. Belə yaralılar yarımoturaq vəziyyətdə köçürülməlidir. D i q q ə t ! Fərdi sarğı zərfini açarkən rezinləşdirilmiş örtüyün iç tərəfinə toxunmaq olmaz!!! Qarın nahiyyəsinin yaralanması zamanı daxili orqanlar çölə də çıxa bilər. İnfeksiya ilə yoluxmamaq məqsədilə bu orqanları qarın boşluğuna salmaq olmaz. Çölə çıxan orqanlar sarınaraq tənziflə qarına bərkidilməlidir. Yaralıya vəziyyəti kəskin şəkildə pisləşməsin deyə yemək verilməməlidir. Yaraların mikrobla çirklənməsinin qarşısının alınmasında aseptika və antiseptikanın əhəmiyyətli rolu vardır. Aseptika (a-inkar bildirir, sepsis-infeksiya) – yaraya mikroorqanizmlərin düşməsini əngəlləyən tədbirlər kompleksidir və ya yaranın mikroblarla çirklənməsinin qarşısını alma üsuldur. Bunun üçün yaraya toxunan əşyaların təmiz olması vacibdir. Mikroblardan tamam təmizlənmiş materiallara-alətlərə və sarğı vasitələrinə-steril vasitələr deyilir. Aseptika tədbirləri mexaniki, fiziki və kimyəvi vasitələrin köməyi ilə aparılır (alətlərin qaynadılması, yandırılması, spirt və s. silinməsi). Antiseptika – profilaktik xarakter daşıyan aseptikadan fərqli olaraq yaraya düşmüş mikroblara qarşı mexaniki, fiziki, kimyəvi və bioloji üsullarla aparılan müalicə üsulları kompleksidir. Yəni aseptik tədbirlərə əməl olunmaması üzündən irinləmiş yaradakı mikrobları məhv etmək, irini təmizləmə işidir. Mexaniki antiseptika-irinləmiş toxumaların kəsilib götürülməsi, əlcəkli əl, xüsusi qaşıq, isladılmış tənzif, basınclı (təzyiqli) su şırnağı və s. vasitələrlə irinin yaradan təmizlənməsidir. Fiziki antiseptika-mikrobların məhv edilməsi, fəaliyyətinin dayandırılması və yaxud zəiflədilməsi məqsədi ilə təmiz hava, isti, soyuq, elektrik cərəyanı, ultrabənövşəyi, bakteriosid şüalar, lazer, ultrasəs və s. fiziki (təbii) üzullardan istifadə edilməsidir. Kimyəvi antiseptika müxtəlif kimyəvi maddələrin mikroblar əleyhinə işlədilməsinə deyilir.Bu məqsədlə işlədilən kimyəvi maddələr qrupu antiseptiklər adlanır. Çox işlədilən antiseptiklərə spirt, yod, pereks, rivanol, furasilin, marqans, soda və s. aiddir. Bioloji antiseptika üçün mikrobların təsir gücünü zəiflətmək, orqanizmin müqavimətini gücləndirmək və mikroblara dözümlülüyünü artırmaq amacıyla (məqsədi ilə) bioloji mənşəli, yəni canlı orqanizmlərdən alınmış məhsullardan-qan, fermentlər, zərdablar, göbələkdən alınmış antibiotiklər və s. istifadə edilir. 2. QANAXMALAR ZAMANI İLK TİBBİ YARDIM. İnsanın bütün orqan və toxumalarında daima ətraf mühitlə orqanizmin toxumaları arasında maddələr mübadiləsini təmin edən qan dövran edir. Qan dövranı ürək-damar sistemi vasitəsilə həyata keçirilir. Ürək-damar sistemi mərkəzi orqan olan ürəkdən və qapalı boru sistemləri olan qandaşıyıcı damarlardan ibarətdir. Qandaşıyıcı damarlar sistemi 2 növ qan dövranını əmələ gətirir: böyük və kiçik qan dövranı. Ürək yığıldıqda qanı sol qulaqcıqdan sol mədəciyə ötürür. Buradan isə qan aortaya keçir. Bir dəqiqə ərzində ürək aortaya 3,5 litrdən 5,5 litrədək qan ötürür. Qan aortadan diametri tədricən azalan arteriyalara, oradan isə arterial qanın toxumalar və orqanlar üzrə sonuncu yolu olan kapilyarlara daxil olur. Qanın dövr etdiyi bu yol böyük qan dövranı adlanır. Kiçik qan dövranı isə ürəyin sağ mədəciyindən başlanır. Qan ciyərlərdən keçərək karbon qazını verib oksigen alır. Daha sonra qan ciyər venaları vasitəsilə sol mədəciyə daxil olur. Buradan isə yenidən qanın böyük dövranı başlanır. İnsan orqanizmində qanın ümumi miqdarı 4,5-5 litrdir. Səbəbindən asılı olmayaraq qanın damar divarından xaricə çıxmasına qanaxma deyilir. Qanaxmalar səbəbinə görə travmatik (damarın xarici mexaniki təsirdən zədələnməsi) və patoloji (damarın xora, şiş, irinləmə və s. nəticəsində yeyilərək deşilməsi) olur. Qanın axdığı yerinə görə qanaxmalar xarici və daxili olur. Xarici qanaxma zamanı dəri və selikli qişalardan (burun, diş dibi və s.) axan qan xaricə axır, daxili qanaxmada qan döş, qarın, kəllə, oynaq və b. boşluqlara toplanır. Zədələnmənin xarakterinə görə qanaxmanın kapilyar, venoz, arterial və parinxamatoz növləri var. Kapilyar qanaxma dərinin və dərialtı toxumanın səthi zədələnməsi zamanı olur. Kapilyar qanaxma çox kiçik damarlarda baş verir. Bu qanaxma aramla qanayan səthə toplaşan xırda qan damcıları şəklində olur. Bu qorxulu deyil, öz-özünə dayanır, yaxud zədə üzərinə brilyant yaşılı, antiseptiklərlə isladılmış dəsmal və ya tənzif qoymaq yetərlidir. Venoz qanaxma zamanı qan yaradan aramsız olaraq damcılarla axır. Bu zaman qanın rəngi tünd olur. Bu cür qanaxmanı yaranın üzərinə sıxıcı sargı qoyaraq dayandırmaq olar. Arterial qanaxma zamanı al rəngli qan yaradan nəbz vurğusuna uyğun ritmik və yüksək basıncla (təzyiqlə) axdığı üçün bu cür qanaxma çox təhlükəlidir. Belə ki, bu cür qanaxma qısa müddətdə çoxlu qan itirməyə səbəb ola bilər ki, bu da ölümlə nəticələnə bilər. Buna görə də belə qanaxma hadisə yerindəcə müvəqqəti də olsa dayandırılmalıdır. Parinxamatoz qanaxma daxili orqanların (böyrəklərin, qara ciyərin, ağ ciyərin, dalagın və s.) zədələnməsi zamanı baş verir. Belə qanaxma kapilyar qanaxmaya oxşayır, lakin çox qorxuludur. Daxili orqanların qapalı zədələnməsi zamanı parinxamatoz qanaxmanı müəyyən etmək çətin olduğundan bu qanaxma daha təhlükəlidir. QANAXMANIN MÜVƏQQƏTİ DAYANDIRILMASI ÜSULLARI I. Arteriyanın yara nahiyyəsindən yuxarıda barmaqla sıxılıb saxlanması istənilən şəraitdə arterial qanaxmanın müvəqqəti olaraq dayandırılmasına səbəb olan ən sadə üsuldur. II. Ətrafların yuxarıya qaldırılmış vəziyyətdə tutulması kiçik damarlarda, əsas etibarilə isə kiçik venalarda baş verən zəif qanaxmaları dayandıra bilər. III. Ətrafların maksimal bükülüb, onların bu vəziyyətdə saxlanılması.Ətrafları güclü şəkildə bükdükdə bükük yerlərindəki qandaşıyıcı damarlar sıxılır.Bükük yerinə topa pambıq, fərdi zərf və ya istənilən elastiki əşya qoyub ətrafın bükülən hissələrini bir-birinə sıxmaqla təsiri gücləndirmək olar. IV. Yaraya basıcı (təzyiqedici) sarğının qoyulması. Bu üsulla demək olar ki, bütün kiçik vena və kapilyardakı qanaxmanın qarşısını almaq mümkündür. Bu məqsədlə fərdi sarğı zərfindən istifadə olunur. V. Turnanın qoyulması. Bu metod qanaxmanın müvəqqəti dayandırılmasının əsas üsuludur. Turna ətrafların iri arteriyalarının zədələnməsi zamanı qoyulur. Turna qoyularkən aşağıdakı qaydalara əməl etmək vacibdir: 1. Turna yaradan yuxarı və mümkün qədər ona yaxın qoyulmalıdır. 2. Turna qolun dirsəkdən aşağı hissəsinə və ya aşağı ətrafın dizdən aşağı hissəsinə qoyulmur. 3. Turna qoyularkən ətraflar yuxarı qaldırılmış vəziyyətdə tutulmalıdır. 4. Turna paltarın və ya hər hansı bir parçanın (yaylığın, ləçəyin, dəsmalın və s.) üzəridən qoyulmalıdır. Bu dərinin əzilməsinin qarşısını alır. 5. Ətrafa turna qoyarkən turnanı qüvvətlə elə sıxmaq lazımdır ki,yaradakı qanaxma kəsilsin, ya da yaradan aşağıda nəbz itsin. 6. Qoyulan turna möhkəm şəkildə bərkidilməlidir. 7. Turna ətrafda yay aylarında 2 saatdan, qışda isə 1 saatdan çox qalmamalıdır. Turnanın uzun müddət saxlanılması ətrafların iflic olması və toxumaların ölməsinə gətirib çıxarır. 8. Turna qoyulduqdan sonra onun qoyulma tarixi və saatı qeyd olunmalıdır. 9. Turna qoyulmuş yaralı dərhal, uzanmış vəziyyətdə tibb məntəqəsinə və yaxud müalicə müəssisəsinə köçürülməlidir. Turna olmadıqda müxtəlif əşyalar sıxac kimi istifadə oluna bilər: yaylıq, kəmər, lent, zolaq, parça və s. Bu əşyalardan biri turna qoyulası yerə dolanaraq düyünlə bərkidilir. Düyünün altına çubuq qoyaraq, onu qanaxma kəsilənə qədər fırladır, bundan sonra isə çubuğun ucları tənziflə ətrafa bərkidilir. Sıxac da turna kimi paltarın, ya da yumşaq parçanın üzərindən qoyulur. Hadisə yerində bu sıxıcılar (turna, juqut və s.) olmadıqda qalstuk, dəsmal, bint, parça, qayış, kəmər və s. uzun və ensiz əlaltı vasitələrdən istifadə etmək olar. Qanaxmanı dayandırmaq üçün məftil, qatma, kəndir, sap, qaytan və s. kimi nazik vasitələrdən istifadə edilməsi məsləhət deyil. 3. YANIQLAR ZAMANI İLK TİBBİ YARDIM Yanıqlar yüksək temperaturun, habelə müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Yanıqların aşağıdakı növləri vardır: 1. Termik–yüksək temperaturun təsiri nəticəsində əmələ gələn yanıqlar (alov, qaynar su, nüvə partlayışının işıq şüaları, eləcə də “napalin” tipli yandırıcı maddələr və s. nəticəsində meydana gələn yanıqlar. 2. Kimyəvi–turşu, qələvilər və digər aqressiv mayelərin təsiri nəticəsində əmələ gələn yanıqlar. 3. Elektrik cərəyanının təsiri nəticəsində formalaşan yanıqlar. Dərinin və toxumaların nə dərəcədə dərin zədələnməsindən asılı olaraq yanıqları dörd dərəcəyə ayırırlar: yüngül(I dərəcə), orta (II dərəcə), ağır(III dərəcə) və çox ağır(IV dərəcə). I dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Dəri qızarır, azca şişir, acışır, əsasən iki həfətə ərzində sağalır. İİ dərəcəli yanıqlarda -dəri səthində müxtəlif ölçülü sulsuqlamalar olur və yenə təxminən iki həftə ərzində sağalır. III dərəcəli yanıqlar zamanı dəri, dərialtı piy toxumaları və bəzi əzələ təbəqələri yanıb məhv olur, müalicəsi biraz uzun müddət çəkir. IV dərəcəli yanıqlar kömürləşmə adlanır, dəridən sümüyədək toxumalar yanıb məhv olur və müalicəsi üçün çox zaman cərrahiyyə əməliyyatı tələb olunur. Yanma nəticəsində orqanizmdə yanıq xəstəliyi əmələ gəlir. Onun ağırlıq dərəcəsi yanığın dərinliyindən və əhatə etdiyi sahədən asılıdır. Səthi yanıqlar bədən səthinin dəri örtüyünün 50%–dən cox hissəsini əhatə etdikdə həyat üçün təhlükəli hesab olunur.Dərin yanıqlar isə dəri örtüyünün 15–20%–ni əhatə etdikdə xəsarət çəkənin ölümünə səbəb ola bilər. Yanığın səthinin hesablanmasının çoxlu üsulları var. Bunlardan geniş yayılanı “ovuc” və “9” qaydasıdır. Hər insanın öz ovcunun səthi onun bütün bədən səthinin 1%-dir. Xəstənin ovuc səthi boyda kağız kəsilir və yanıq səthi həmin kağızla örtülür. Yanıq səthini örtən “kağız ovuclar”ın sayı yanığın sahəsini göstərir. “9” qaydasəna görə isə, bütün bədən səthi hərəsi bədənin 9%-i təşkil edən 11 bərabər hissəyə bölünür: baş və boyun+qarın+kürək+bel+iki qollar+iki budlar+ iki baldır və ayaqlar+aralıq nahiyyəsi (1%)=(11x9)+1=100 Yanıqların təhlükəli olması, onların dərinin ən əsas fuksiyası olan mühafizə funksiyasını pozması ilə əlaqədardır. Çünki dəri insan bədəninin səthində olan mikrobların orqanizmə daxil olmasının qarşısını alır. Yanıqlar zamanı ilk yardımın tez və düzgün göstərilməsi sonrakı müalicənin nəticəsinə birbaşa təsir edir. Yardım göstərərkən ilk növbədə alışmış paltarı söndürmək, bu məqsədlə adamın üstünə palto, adyal salmaqla yanığı söndürmək lazımdır. Sonra bədənin yanıq yerini paltardan azad edirlər, bünün üçün yanıq yerinə yapışmış hissəyə toxunmadan onun ətrafından paltarı kəsib çıxarırlar. Yanıq yerindən suluğu qoparmaq, yanıq səthinə əllə toxunmaq, yanığa yağ, məlhəm və başqa maddə sürtmək olmaz. Yanıq yerinə steril sarğı qoyurlar. Geniş sahəni əhatə edən yanıqlar zamanı xəstəni təmiz ütülənmiş mələfəyə bükmək, dərhal tibb müəssisəsinə aparmaq lazımdır. Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox dərin olur. Toxumaların ölməsi (nekrozu) yalnız dərini deyil onun altında yerləşən toxumalrı da əhatə edir. Kimyəvi yanıqlara göstərilən ilk tibbi yardım bir sıra xüsusiyyətlərə malikdir: yanıq yerini dərhal 15–20 dəqiqə ərzində axar su altında yumaq lazımdır. Bundan sonra yanıq turşulardan baş verdikdə yanıq yerinə çay sodası səpirlər, yanıq qələvilərdən baş verdikdə isə sirkənin zəif məhlulunu tökür və steril bintlə ötrülür. Sulfat turşusundan baş vermiş yanıq yerini su ilə yumaq olmaz, çünki sulfat turşusu ilə su birləşdikdə güclü istilik baş verir. Belə hallarda infeksiyadan təmizləmək məqsədi ilə yanıq yerinə qaynadılmış bitki yağı sürtürlər. Bünyamin Qəmbərli ATMU-nun baş müəllimi Download 92.5 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling