Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Download 0.92 Mb.
bet2/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
#130473
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
İxtiologiya


Tənəffüs orqanları. Balıqlarda iki cür tənəffüs var: su və ya qəlsəmə tənəffüsü və hava tənəffüsü, hava tənəffüsü dəri, üzmə qovuğu, bağırsaq və qəlsəmüstü orqanlar vasitəsilə yerinə yetirilir. Dəri həm də su tənəffüsündə iştirak edir. Bunlardan yalnız qəlsəmələr əsas, qalanların hamısı əlavə tənəffüs orqanlarıdır.

Qəlsəmələrin əsas vəzifəsi suda həll olmuş oksigenin qana keçməsini, qanda olan zərərli qazların isə xaric edilməsini təmin etmək olsa da onlar su-duz mübadiləsində də iştirak edirlər.

Rüşeymin və erkən sürfnin tənəffüsü sarılıq kisəsində və üzgəc pərdəsində olan sıx qan kapilyarları hesabına təmin edilir. Sarılıq kisəsi azaldıqca üzgəc pərdəsində üzgəc pərdəsində kapilyarlar çoxalır. Ikicürtənəffüslülərin, çoxüzgəclilərin, vyunun və bu balıqların sürfələrində xarici qəlsəmələr əmələ gəlir.

Balıqlar qəlsəmə tənəffüsü edir. Qırğıdaqlı balıqlarda 5 cüt (bəzilərində 6-7 cür) qəlsəmə yarığı olur. Bunlarda qəlsəmə qapaqları yoxdur. Yalnız ximerlərdə qəlsəmələrin üzəri dəri qatlaqla örtülüdür. Qəlsəmə yarıqları akulalarda başın yanlarında, skatlarda başın altında yerləşir. Qığırdaqlı balıqların birinci dörd qəlsəmə qövslərinin hərəsində iki yarımqəlsəmə və bunların yarpaqçıqları olduğu halda axırıncısında (beşincidə) yarpaqcıqlar olmur, həm də birinci qəlsəmə kisəsində (qəlsəmə qövsləri araları qəlsəmə kisələri adlanır), hioid qövsdə bir yarımqəlsəmə də var. Deməli, qığırdaqlı balıqlarda dörd bütöv, bir yarım qəlsəmə fəaliyyət göstərir.

Qığırdaqlı balıqlarda gözlərdən geridə yerləşən və ağız-udlaq boşluğu ilə əlaqələnən spirakulum dəliyinin də tənəffüsdə rolu az deyil. Spirakulum dəliyi qığırdaqlı balıqlarda və nərələrdə var. Skatlarda bu dəlik daha mürəkkəb quruluşdadır.

Sümüklü balıqların da əsas tənəffüs orqanı qəlsəmələrdir. Bu balıqlarda, qığırdaqlılardan fərqli olaraq, qəlsəmələrin və udlaq sahəsinin üzərini örtən qəlsəmə qapaqları əmələ gəlir. Bununla əlaqədar olaraq I-IV qövslərdə saxlanan qəlsəmələrin quruluşu dəyişilir: dəri qəlsəmə arakəsməsi reduksiya olur, iki yarımqəlsəmənin yarpaqcıqları dibdən birləşərək bilavasitə qəlsəmə qövsünə yapışır, onların ucu isə qəlsəmə boşluğunda sərbəst qurtarır. Qəlsəmə yarpaqcıqlarına arteriyalar gəlir. Bu arteriyalar yarpaqcıqlarda kapillyarlara ayrılır. Qan kapillyarlarda yarpacıqların səthi ilə axan suyun oksigeni hesabına zənginləşir. Hər bir qəlsəmə yarpaqcığı xaricdən nazik qatlaqla örtülür ki, bu qanın oksigenlə zənginləşmə sahəsini artırır. Bəzi növlərdə qəlsəmə qapağının daxili səthində əlavə qəlsəmə yarım-qövsünün qalığı olur. Qəlsəmələrin ümumi tənəffüs səthi balığın 1 q kütləsinə görə 1-3 sm2 bərabərdir. Çox hərəkətli və az oksigenli sularda yaşayan balıqların qəlsəmə və ya tənəffüs sahəsi daha böyük olur.

Tənəffüs aktı suyun ağzından daxil olması, qəlsəmə yarpaqcıqlarının üstü ilə axması və qəlsəmə qapaqları altından xaric olması ilə baş verir. Qəlsəmə yarpaqcıqlarının quruluşu suyun qəlsəmələrdən geriyə (ağıza) qayıtmasının qarşısını alır. Belə tənəffüs balığın hərəkəti zamanı qəlsəmə qapağının iştirakı olmadan da baş verə bilir. Qəlsəmələrdə suyun, qəlsəmə kapillyarlarında qanın hərəkəti bir-birinin əksinədir. Belə olduqda oksigenin sudan qana keçməsi asanlaşır, suda həll olmuş oksigenin 46-82%-i qana keçir, qanda olan karbon qazı, sidik cövhəri, ammonyak və s. lazımsız qalıqlar isə suya keçərək orqanizmdən xaric olur. Qəlsəmə tənəffüsü aktiv və passiv olur. Balıqların çoxu aktiv tənəffüs edir. Aktiv tənəffüs durğun və zəif axan sularda yaşayanlar üçün, eləcə də balığın sakit – hərəkətsiz halı üçün daha xarakterikdir. Passiv tənəffüs reofil balıqlarda və oksigen bolluğunda yaşayanlarda müşahisə edilir. Belə balıqlar yaşadıqları suda ağız və qəlsəmə qapaqlarını açaraq hərəkət edir. Bu zaman ağızdan daxil olan su qəlsəmə qapaqları altından xaric olur və bu vaxt tənəffüs baş verir. Balıqlarda tənəffüs aktının surəti müxtəlif olub, balığın növündən, suyun temperaturundan və oksigen tutumundan, balığın özünün fizioloji vəziyyətindən və s. asılıdır. Məsələn, karp 12-16,00 C temperaturda dəqiqədə 30-40 dəfə tənəffüs edirsə, 0,5-1,00 C cəmi 3-4 dəfə nəfəs alır. Tikan balığının təbəffüs sürəti dəqiqədə 150-yə çatır.

Sümüklü balıqlarda əlavə tənəffüs orqanlarıda var. Bunlardan biri və ən başlıcası dəridir. Balığın növündən və yaşadığı şəraitdən asılı olaraq tənəffüs ümumi təbəffüsün 10%-dən 85%=ə qədərini təşkil edir. Belələrinə şehli keçələrdə sürüşək bir sudan digərinə keçən vyunu, sıcrağanı və s. misal göstərmək olar. Dərinin orqanizmdən karbon qazının xaric edilməsində də rolu vardır. Bəzi balıqlar hava oksigenindən az-çox istifadə edə bilir. Onların ağzında hava ilə su birləşir, havanın oksigeni suya, oradan ağızın selikli qişası və qəlsəmələr vasitəsilə qana keçir. Balıqların ağız boşluğundakı qatlaqlar, qəlsəmə üstü orqan, üzmə qovuğu, mədə büküyü və bağırsağın xüsusi hissələri də tənəffüsdə iştirak edir. Bəzi balıqların tənəffüs üçün lazım olan oksigenin 50-70%-ni qəlsəmə üstü orqan təmin edir. Bağırsaq tənəffüsü orqanizmdən kifayət qədər karbon qazı da xaric edir. Qaz mübadiləsində üzmə qovuğunun da rolu az deyil. Qeyd olunduğu kimi o, hidrostatik orqan olmaqla yanaşı, həm də baroreseptordur, akustik rezedatordur. Ikicürtənəffüslülərin və pəncəüzgəclilərin çoxunun üzmə qovuğu “ağ ciyər” vəzifəsini yerini yetirir. Su quruduqda torpağa girmiş protopterus adlı balıq üzmə qovuğu ilə tənəffüs edir. Açıq üzmə qovuqlu balıqlarda qaz mübadiləsi əsasən ağızla vaxtaşırı hava udmaqla, qismən isə üzmə qovuğunun divarlarında olan sıx kapillyar şəbəkə vasitəsi ilə baş verir, bəzilərinin üzmə qovuğunda müəyyən dərəcədə alveolluq əmələ gəlir və belə üzmə qovuğu əlavə tənəffüs orqanı vəfizəsini yeri nə yetirir. Sümüklü qanoidlərdən amiya və zirehli durna balıqlarının tənəffüsünün 60-80%-i üzmə hesabına gedir. Üzmə qovuğu qapalı olan balıqlarda bu qovuq qaz anbarı hesab edilir. Qovuqda qazın miqdarı nəinki müxtəlif növlərdə, hətta eyni növün fərdlərində müxtəlif olur. Üzmə qovuğunda çoxlu qaz saxlaya bilən balıqlar cəld hərəkət zamanı (qidanı tutduqda, düşməndən qaçanda) və ya suda oksigen azaldıqda üzmə qovuğundakı oksigendən istifadə edir.

Oksigenə olan tələbatına görə balıqlar iki qrupa bölünürlər: oksifil və oksifoblar. Oksifillər çox oksigen tələb edənlər, oksifoblar isə az oksigen şəraitində yaşaya bilənlərdir. Oksifillər özləri də bir neçə yerə bölünür: zəngin oksigen (hər litr suda 7-11 sm3) şəraitində yaşayanlar, orta oksigenli (hər litr suda 5-7 sm3) və az oksigenli (2-4 sm3) sularda yaşayanlar hər litr suda 0,5 sm3 oksigen olan sularda yaşayanlar oksifob balqlardır. Oksifoblar oksigen çoxluğunu sevmir, belə şəraitdə “bihus” olurlar.

Suda oksigenin miqdarı fəsildən asılı olaraq kəskin dəyişilir. Hər hansı göldə, su anbarında çoxlu bitki çürüməsi, su hövzəsinə bataqlıq suyu gəlməsi, qışda buz örtüyü və s. səbəbdən oksigen çatışmazlığı baş verər, axırıncı isə kütləvi balıq qırğınına – boğulmaya səbəb ola bilər. Az oksigen şəraitində yaşayan balıqlar oksigenin kəskin artmasından da “boğulma” hadisəsinə məruz qala bələr. Vaxtına görə bu hadisə yay və qış boğulmasına ayrılır. Qış boğulması buz örtüyünə görə hava oksigeninin suya daxil ola bilməməsi, yay boğulması isə suda müxtəlif çürüntünün çoxalması, su bitkilərinin yüksək inkişafı zamanı baş verir. Balıqların kütləvi boğulması suya müxtəlif zəhərli sənaye tullantıları tökülməsi nəticəsində də baş verir.

Qan-damar sistemi. Qan çox mühüm vəzifələr yetinə yetirir: orqanlara qidalı maddələr və oksigen aparır, orqanlarda əmələ gələn lazımsız tullantıları xaric edir, daxili sekresiya vəzifələrinin orqanlarda əlaqəsinin təmin edir, orqanizmi zərərli maddələrdən və mikroorqanizmlərdən qoruyur. Balıqlarda qanın, əsas xüsusiyyətlərindən biri onun oksigen tutumu, hemoqlobinin, eritrositlərin miqdarı və ionlu birləşmə xüsusiyyətldir. Bu göstəricilər adətən cəld hərəkətli növlərdə daha yüksək olur. Balıqlarda qanın miqdarı bədən kütləsinin 1,5%-i ilə (skat), 7,3%-i (stavrida) arasında dəyişir.

Qan, qan mayesindən (plazmadan), formalı elementlərdən (eritrositlər və leykositlər) və qan lövhəciklərindən (trombositlərdən) ibarətdir. Eritrositlər qırmızı, leykositlər ağ rəngli olur. Eritrositlər ellepsivaridir, bunlarda nüvə var. Balıqlarda eritrositlərin miqdarı müxtəlifdir: 1 mm3 qanda 90 mindən (akula) 4 milyon (pelamida) qədər. Bu göstərici eyni növün fərdlərində də müxtəlif olub cinsiyyətdən, yaşdan xarici şəraitdən asılı olaraq dəyişir.

Əksər balıqların qanı qırmızıdır. Qırmızılıq eritrositlərdə olan hemoqlobinin miqdarından asılıdır. Hemoqlobin 1 kq diri kütləyə görə 1,1-17,4% və ya 0,5-3,4 q olur. Qanın oksigen tutumu 1,5-23,0%-dir. Bəzi Antarktida balıqlarının (ağqan balıqlarda, o cümlədən buz balığında) qanında eritrositlər, hemoqlobin yoxdur. Bu balıqların qanı və qəlsəmələri rəngsizdir. Bunların tənəffüsü suyun oksigeninin dəriyə və qəlsəmə kapillyarlarına diffuziya etməsi ilə bağlı verir. Qanda hemoqlobinin olmaması, ürəyin özünün iriliyi və nisbətən sürətli döyünməsi ilə əvəz edilir. Leykositlər orqanizmi zərərli mikroorqanizmlərdən qoruyur. Qanda leykositlərin miqdarı çoxdur, həm də dəyişkəndir. Bu dəyişkənlik balığın növündən, fizioloji vəziyyətindən asılıdır. Daşlıq xulunun 1 mm3 qanında 30 min, yerin bu qədər qanında isə 75-325 minə qədər leykosit vardır (insanda bu rəqəm 6-8 mindir). Balıqların qanında leykositlərin çoxluğu qanın yüksək qoruyuculuğu ilə əlaqədardır. Balıqların qanında trombositlərin də miqdarı yüksəkdir, həm də məməlilərin trombositlərinə nisbətən iridir. Trombositlərdə nüvə də var. Bunların və dəri seliyinin qanın laxtalanmasında mühüm rolu məlumdur.

Beləliklə, balıqların qanında həm eritrositlərin və trombositlərin nüvəsi olduğu, həm də eritrositlərin və hemoqlobinin azlığı məlum olur. Buna görə də maddələr mübadiləsi zəif gedir. Bunlarla yanaşı yüksək ixtisaslaşma (leykositlərin və trombositlərin çoxluğu) da mövcuddur.

Balıqlarda qan törədən xüsusi orqan yoxdur, qanın əmələ gəlməsində iştirak edən orqan və mərkəzlər isə var. Nərəkimi balıqlarda qanı uzunsov beyin və beyinciyin üstündəki qığırdaqda yerləşən limfoid orqan törədir. Burada formalı elementlərin hamısı bərpa olunur. Sümüklü balıqların qanı kəllənin ənsə hissəsində olan çökəkliyin xarici hissəsində əmələ gəlir. Balıqlarda qan həm də baş böyrəkdə, dalaqda, timus vəzisində, qəlsəmə aparatında, bağırsağın selikli qişasında, qan damarları divarlarında və s. bərpa olur.

Balıqların qan-damar sistemi ürəkdən, qan damarlarından və limfa sistemindən ibarətdir. Ürək qəlsəmələrə yaxın ürəkətrafı boşluqda yerləşir. O, iki kameralı olub, nazik divarlı qulaqcıqdan və nisbətən qalın divarlı əzələli mədəcikdən ibarətdir. Balıqlarda vena sinusu və arteriya konusu da var. Arteriya konusu sərbəst böyünə bilir, ona görə də ürəyin bir hissəsi hesab edilir. Sümüklü balıqlarda arteriya konusu aorta soğanaqcığı ilə əvəz olur. Ürəyin hissələri arasında klapanlar var, bunlar qanın geriyə axmasının qarşısını alır.

Ikicürtənəffüslü balıqlarda “ciyər” tənəffüsünün əmələ gəlməsi ilə ürəyin quruluşu mürəkkəbləşir. Belə ki, mədəcik yuxarıdan sallanan arakəsmə ilə iki yerə bölünür. Onun sol və sağ hissələri əmələ gəlir.

Balıqların ürəyi böyük deyil. Onun kütləsi bədən kütləsinin 0,1%-dən (karpda) 2,5%-ə (uçan balıqda) qədərini təşkil edir. Ürəkdə (ikicürtənəffüslülər müstəsna olmaqla) səmtə venoz qan olur. Ürəyin böyümə sürəti balığın növündən, yaşından, fizioloji vəziyyətindən, temperaturundan asılı olaraq dəyişilir və təxminən tənəffüs aktı sürətə bərabər olur. Yaşlı balıqların ürəyi daha yavaş döyünür (dəqiqədə 20-35 dəfə). Körpələrin ürəyinin döyünmə miqdarı nərə körpələrində dəqiqədə 142 dəfəyə çatır. Temperatur artdıqca ürəyin döyünməsi sürətlənir, azaldıqca zəifləyir. Qışlama zamanı çapağın, çəkinin ürəyi dəqiqədə cəmi iki dəfə döyünür.

Balıqların qan dövranı qapalıdır. Damarlar arteriyalara (ürəkdən gedənlər) və venalara (ürəyə gələnlər) ayrılır. Adətən arteriyalarla təmiz qan, venalarla venoz qan hərəkət edir. Balıqlarda (ikicürtənəffüslülərdən başqa) bir qan dövranı olduğundan arteriyalarla da venoz qan hərəkət edir.

Sümüklü balıqlarda qan qarıncıqdan aorta soğancığına, oradan qarın aortasına, daha sonra qəlsəmələrə gəlir. Balıqlarda dilaltı qövsə qəlsəmə inkişaf etmədiyindən onun gətirici arteriyası atrofiya olur. Buna görə də qığırdaqlı balıqlarda olan 5 cüt (bəzilərində da ha çox) gətirici və çıxarıcı qəlsəmə arteriyaları əvəzinə əsl sümüklü balıqlarda 4 cüt arteriya qalır. Çıxarıcı qəlsəmə arteriyaları bel aortası köklərinə açılır. Bu köklərin ön birləşməsi sümüklü balıqlar üçün cəciyyəvi olan baş arteriya dairəsini, geri birləşməsi isə bel aortasını əmələ gətirir. Baş dairəsindən ənə cüt xarici və daxili yuxu arteriyaları ayrılır. Bel aortası onurğa sütununun altı ilə geriyə uzunaraq əzələlərə və daxili orqanlara arteriyalar ayrılıb, quyruq hissəsinin hemal kanalından keçir və quyruq arteriyası ilə qurtarır.

Sümüklü balıqların vena sistemi qığırdaqlı balıqların müvafiq sistemindən az da olsa fərqlənir: sümüklü balıqlarda yan venalar yoxdur. Bu balıqların əksəriyyətində sol böyrəkdə kapilyar sistem tam əmələ gəlir, sağ böyrəkdə isə bu sistemə qismən reduksiyaya uğrayır. Buna görə də sağ böyrəyə gələn venoz qanı gətirən cüt ön kardinal və cüt körpücükaltı venalar, eləcə də dal kardinal venaların hərəsi müvafiq tərəfin (sağ və sol) Küvye axarına, bu axarlar isə vena sinusuna açılır. Daxili orqanlardan (mədədən, dalaqdan, bağırsaqlardan) qan gətirən venalar qara ciyərin qapı sistemini əmələ gətirdikdən sonra qara ciyər venasına, axırıncı isə vena sinusuna tökülür.

Bəzi balıqlarda ümumi qqaydadan kənarlanma var. Yuxarıda qismən qeyd edildiyi kimi ikicürtənəffüslü balıqlarda “ciyər” tənəffüsünün inkişafı kiçik qan dövranının başlanğıcının qoyulmasına səbəb olub. Bununla əlaqədar olaraq qulaqcığın sağ hissəsinə qan, sol hissəsinə isə ağ ciyərlərdən gələn nisbətən təmizlənmiş arterial qan tökülür. Suda oksigen bol olduqda qanın oksigenlə zənginləşməsi qəlsəmələr tərəfindən daha asan yerinə yetirilir. Bu zaman “ağ ciyərlərə” də - təmiz qan gedir. Oksigen azlığı şəlraitində qan əsasən “ağ ciyərlərdə”, qismən qəlsəmələrdə təmizlənir. Ona görə də “ağ ciyərlərdən” qulaqcığın sol hissəsinin arterial qan, onun sağ hissəsinə isə gövdədən venoz qan gəlir. Qulaqcıq döyünüb qanı hərəkətə gətirərkən orada olan arakəsmə arterial qanın venoz qanla qarışmasının qarşısını alır ki, bununla da birinci qəlsəmə arteriyasına arterial qan getməsi təmin olur. Qulaqcığın sağ hissəsinə gələn venoz qan əsasən sonrakı gətirici qəlsəmə arteriyalarına paylanır.

Orqanizmin energetik fəaliyyətində sulu karbonların (şəkər, qlikogen) əhəmiyyəti böyükdür. Elə buna görə də balıqların qanında şəkərin miqdarı yüksəkdir, özü də fəsildən asılı olaraq dəyişilir, çoxalma zamanı və balıq miqrasiya edərkən və adətən isti vaxtlarda qanda şəkər çoxalır, qışda orqanizm az hərəkətli olduqda isə azalır. Qanda şəkərin miqdarının belə dəyişilməsi qlikogenin təsiri altında baş verir. Qlokogen qara ciyərdə olur, hormonal sinir sisteminin təsiri altında fəaliyyət göstərir. Sümüklü balıqların qanında zülalın və plazmanın miqdarı da qığırdaqlı balıqlara nisbətən çoxdur.

Limfa sistemi. Balıqların maddələr mübadiləsində böyük əhəmiyyəti olan bu sistem qan-damar sistemi ilə sıx əlaqədardır. Limfa sistemi açıqdır. Lamfa, tərkibinə görə qan plazmasına yaxındır. Qanın kapillyarlarda hərəkəti nəticəsində qan plazmasının bir hissəsi kapillyardan çıxıb toxuma mayesiyə çevrilir. Bu zaman toxumada olan və tərkibinə tullantı yığmış mayenin bir hissəsi qana keçir, digər hissəsi limfa kapillyarlarına daxil olub, bu sistemin mayesinə çevrilir. Limfa rəngsizdir, onun yalnız limfositləri vardır.

Limfa sistemi eyni adlı kapillyarlardan, onların əmələ gətirdiyi kiçik limfa damarlarından, bu damarların əmələ gətirdiyi və ürəyə gedən daha yoğun limfa borularından ibarətdir. Limfa yalnız bir istiqamətdə ürəyə doğru hərəkət edir. Deməli limfotik sistem toxuma mayesinin yığılıb aparılmasını təmin edir. Onurğanın altında bel aortasının yanları ilə quyruqdan başa qədər və bədənin yanları ilə yan xətt boyu uzanan cüt daarlar ən iri limfa axarlarıdır. Bunlar Küvye axarları yanında arxa kardinal venalara açılır. Bunlardan başqa bel, qarın, kürək, limfa axarları da vardır. Balıqlarda limfa düyünləri yoxdur. Bəzi balıqlarda sonuncu fəqərə altında bir cüt döünən limfa “ürəyi” var ki, bunlar limfanı ürəyə doğru itələyir. Bu işdə həm də bədən əzələləri və tənəffüs hərəkəti iştirak edir. Qığırdaqlı balıqların limfa ürəkləri və yan limfa axarları yoxdur.

Ifrazat orqanları və su-duz mübadiləsi. Ifrazat orqanları böyrəklərdir. Bunlar maddələr mübadiləsi qalıqlarını oqanizmdən xaric edir, su-duz mübadiləsini taazlayır.

Onurğalılarda böyrəklər 3 cür olur: baş böyrək (pronefros), bədən böyrəyi (mezonefros), çanaq böyrəyi (metanefros). Balıqlarda ifrazat vəzifəsini bədən böyrəyi və onun axarları yerinə yetirir. Bu işdə dəri, qəlsəmələr və bağırsaqlar da qismən iştirak edir.

Bədən böyrəyində ifrazat vəzifəsini yerinə yetirən əsasən nefrondur. Nefron malpigi cisimciyindən və çıxarıcı kanalcıqlarından ibarətdir. Malpigi cisinciyi kiçik olub (50-70 mkm) Boumam kapsulundan və kapilyar yumaqcığından ibarətdir. Bouman kapsulundan çıxan kanalcıqlar əyrilik əmələ gətirdikdən sonra toplayıcı kanalcıqlara, bu kabalcıqlar daha iri axarlara, onlar isə sidik axarlarına açılır.

Balıqların çoxunun böyrəklərində qıf yoxdur, qıf yalnız qığırdaqlıların bəzilərində, nərələrdə və amiyə balıqlarında qalır. Böyrəklərdə ön, orta və arxa hissələrin olduğu qeyd edilir. Bu hissələr müxtəlif balıqlarda müxtəlif formada olur.

Qığırdaqlı balıqlarda sidiyin tərkibi əsasən sidik cövhərindən, sümüklü balıqlarda daha zəhərli olan ammonyakdan ibarətdir. Böyrəklər süzgəc rolunu yerinə yetirir. Maddələr mübadiləsinin qalıqları böyrək arteriyaları vasitəsilə kapillyar yumaqcia gətirilir. Yumaqcıqlardan çıxan qan damarları böyrəyin qapı sistemi damarları ilə birləşib çıxarıcı kanalcıqları, daha sonra dal kardinal venaları əmələ gətirir. Çıxarıcı kanalcıqların orta hissəsində ilk sidiyin tərkibində qalan və orqanizmdə lazım olan su, şəkərlər və amin turşuları orqanizmə sorulur, ikinci və ya sonu sidik ayrılır. Balıqlarda ifrazat orqanlarının vəzifəsi təkcə maddələr mübadəsi qalıqlarını xaric etmək deyil, həm də orqanizmin fiziki-kimyəvi xüsusiyyətlərini (osmotik təzyiqi, turşuluq-qələvilik tarazlığını) tənzimləməkdir. Bu işdə böyrəklər, qəlsəmə aparatı, dəri, qida borusu və ağ ciyərlər də iştirak edir.

Şirin su balıqlarının böyrəklərində yumaqcıqlar iridir, Bouman kapsulları yaxşı inkişaf edib. Bunların əksinə olara dəniz balıqlarında bu yumaqcıqlar kiçikdir, bəzi balıqlarda (qurbağa balığın, bəzi dəniz iynələrində və s.) tamam reduksiya olub.

Şüaüzgəcli balıqların əksəriyyətində azotlubirləşmələrin parçalanmasından əmələ gələn ammiyakın və duz ionlarının müəyyən hissəsinin orqanizmdən xaric olunmasında qəlsəmə yarpaqcıqları da iştirak edir. Qəlsəmə yarpaqcıqlarının belə işi böyrəklərin, xüsusilə onların yuxarı hissələrinin işini qismən dəyişdirir: böyrəklərin yuxarı hissələri ifrazat orqanı kimi deyil, qan törədən orqan kimi fəaliyyət göstərir. Azotun bir hissəsi orqanizmdən sidiklə xaric olur. Dəniz balıqları şirin su balıqlarına nisbətən daha çox ifraz edir.

Ikicürtənəffüslü balıqlardan olan proterus su hövzələri quruduqda torpağa girərək yuxuya gedir. Bunu üçün o yuxuya getməzdən əvvəl daha zəhərli olan ammiakı orqanizmdən xaric edir. O yuxuda olduqda orqanizmdə sidik cövhəri hasil olur.

Bəzi balıqlarda bədən böyrəyi Volf və Müller kanalları fəaliyyət göstərir. Qığırdaqlı balıqların dişilərində yumurta axarı vəzifəsini Müller kanalı (erkəklərdə bu kanal atrofiya olur), sidik axarı vəzifəsini Volf kanalı yerinə yetirir. Bu balıqların erkəklərində erkən inkişaf zamanı Volf kanalı həm sidik axarı, həm də toxum axarı rolunu oynayır. Yaşlı fərdlərdə ayrıca sidik axarı əmələ gələrək sidik-cinsiyyət sinusuna, bu sinus isə kloakaya açılır. Volf kanalı təkcə toxum axarı vəfəsini yerinə yetirir. Sümüklü balıqların sidik cinsiyyət sistemində kloaka yoxdur, sidik cinsiyyət sistemləri bir-birindən tam ayrılıb.

Balıqlarda dissimilyasiya qalıqlarının orqanizmdən xaric edilməsinin su-duz mübadiləsi ilə sıx əlaqəsi vardır. Su-duz mübadiləsi osmotik təzyiqi və turşuluq-qələvilik tarazlığını tənzim edir. Şirin su balıqlarında orqanizmin osmotik təzyiqi suyun osmotik təzyiqindən yüksəkdir. Bəzi məlumatlara görə orqanizmin suyu 3-5 saata tamam dəyişilə bilir, hətta orqanizmə artıq su yığıla bilməsi təhlükəsi güman edilir. Bunun qarşısını almaq üçün böyrəklər yüksək süzgüçülük qabiliyyəti qazanır. Balığın 24 saat ərzində ifraz etdiyi sidik bədən kütləsinin 1 kq-a görə 50-300 mm-ə qədərdir. Sidiyin belə sürətli ifrazı onun tərkibində orqanizm üçün faydalı duzların qalmasına və bunların sidik axarları divarlarında tıkrarən sorulmasına səbəb olur. Belə duzların itirilən hissəsi isə orqanizmdə xaricdən dəri, qəlsəmələr və qida vasitəsilə daxil olur.

Şirin sulardan dənizə (şor suya) gedən sümüklü balıqlar hipertonik mühitə düşür, yəni orqanizmin osmotik təzyiqi mühitin təzyiqindən az olur. Ona görə orqanizmdə çoxlu su itkisi təhlükəsi yaranır. Bu zaman hətta toxumaların və qanın osmotik təzyiqinin nisbətən artması belə su itkisinin qarşısını ala bilmir. Bununla əlaqədar böyrəklərdə yumaqcıqlar azalır, bəzi növlərdə bunlar tamamilə yox olur. Belə balıqlarda orqanizmdən xaric olan suyun miqdarı kəskin dərəcədə azalıb 24 saat ərzində 1 kq kütləyə görə 0,5-20 mm-ə enir. Bunun əvəzində böyrək kanalcıqlarının fəaliyyəti artır, sidik cövhərinin və azot mübadiləsinin digər qalıqlarının xaric edilməsi sürətlənir. Bununla yanaşı qəlsəmə yarpaqcıqlarında olan xüsusi hüceyrələr də artıq duzların xaric edilməsində iştirak edir . Su-duz mübadiləsindəki bu yeni xüsusiyyət balıqların yaşamasını təmin edir.



Cinsiyyət sistemi. Balıqlarda cinsiyyət sistemi cüt toxumluqlardan və yumurtalıqlardan ibarət olub bədən boşluğunda, qığırdaqlı balıqların qida borusunun, sümüklü balıqların üzmə qovuğunun yanlarında periton pərdəsi üstündə yerləşir. Qığırdaqlı balıqların toxum kanalcıqları böyrək kanalının yuxarı dar hissəsinə açılır. Ona görə də böyrək kanalının bu hissəsi əslində toxumluğun bir hissəsi kimi fəaliyyət göstərir. Onun kanalcıqları Volf kanalı ilə birləşərək toxum yolu vəzifəsini yerinə yetirir. Toxum yolunun geri hissəsi genişlənib toxumluq kisəsi əmələ gətirir. Sağ və sol toxum kanalları sidik-cinsiyyət sinusuna açılır, buraya həm də toxum kisəsi və sidik axarları gəlir. Sidik-cinsiyyət sinusu kloakaya açılır. Erkək cinsiyyət hüceyrələri toxumluğun çıxarıcı kanalcıqlarında əmələ gəlməyə başlayır, sonra həmin kanalcıqlarla toxum kanalı başlanğıcına (böyrəyin ön hissəsi) gəlir, orada yetkinləşir. Yetkin spermatozoidlər toxum borusu ilə hərəkət rdərək toxum kisəsinə toplanır. Çoxalma dövrünə toxumluğun sıxılması nəticəsində spermatozoid erkəyin kloakasına düşür, daha sonra cütləşmə orqanı (pteriqopodi) vasitəsilə dişinin kloakasına yeridilir, oradan isə yumurta borusuna daxil olub yumurta hüceyrəsini mayalayır.

Qığırdaqlı balıqlarda dişinin cüt yumurtaqlıları erkəyin toxumluğuna oxşayır. Dişlərdə Volf kanalı sidik axarı, Müller kanalı isə yumurta borusu kimi fəaliyyət göstərir. Müller kanallar (bir cüt) birləşib yumurta qıfını əmələ gətirir. Az qism növlərin sağ və sol yumurta yolunun sərbəst qıfı olur. Yumurta borusu böyrəyin ön hissəsinə daxil olub, kiçik genişlənmə, ondan geridə isə böyük genişlənmə balalıq rolu oynayır. Hər iki yumurta borusu sərbəst dəliklə kloakaya açılır. Bu balıqlarda yumurtalıqla yumurta borusu arasında bilavasitə əlaqə yoxdur. Yetişmiş kürü – yumurta bədən boşluğuna, oradan yumurta borusu qıfına düşür.

Sümüklü balıqların cinsiyyət və sidik axarlarının əlaqəsi müxtəlif qruplarda fərqlidir. Ibtidai sümüklü balıqların, ikicürtənəffüslülərin, qanoidlərin toxumluğunun böyrəklə əlaqəsi azalır. Toxum axarları böyrəyin geri hissəsi ilə bir neçə, bəzən cəmi bir kanalcıqla (protopterusda) əlaqələnir; bu kanalcıq Volf kanalına açılır. Volf analı erkəklərdə toxum və sidik yolu vəzifəsini yerinə yetirir. Sümüklü balıqların erkəklərində Volf kanalı yalnız sidik axarı kimi fəaliyyət göstərir, toxumluğun kanalcıqları isə bəzi balıqlarda yeni əmələ gəlmiş toxum kanalına açılır. Bu toxum kanalı mezanefros böyrəyin axarı ilə əlaqədar deyil. Toxum kanalı özünün aşağı hissəsində genişlənib toxum kisəsi əmələ gətirir, toxumluğun axarı cinsiyyət və ya sidik-cinsiyyət dəliyi ilə xaricə açılır.

Sümüklü balqların ibtidai qruplarının dişlərində Müller kanalları ön ucları ilə bədən boşluğuna, geri ucları ilə kloakaya açılır. Nərələrin, çoxüzgəclilərin və daha digərlərinin yumurtalıq yolu gödək olduğundan ön ucu ilə bədən boşluğuna, gei ucu ilə sidik-cinsiyyət sinusuna açılır. Zirehli balıqların dişlərində və sümüklərin əksəriyyətində Müller kanalları reduksiya olur, yumurtalıq kisəsinin pərdəsi qısa boru şəkilli sidik-cinsiyyət sinusu və ya cinsiyyət dəliyi ilə əlaqələnir. Beləliklə bütün digər qruplardan fərqli olaraq bu balqlarda yetkin yumurta bədən boşluğuna düşmür, gödək yumurta boruları ilə xaricə çıxır. Yalnız bəzi sümüklü balıqların (qızıl balıqların və başqa bir neçə növün) yetkin yumurtası bədən boşluğuna düşür, oradan cinsiyyət dəliyi və ya qısa yumurta boruları ilə xaricə çıxır.



Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling