Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Cinsiyyət yetkinliyinə çatma yaşı


Download 0.92 Mb.
bet7/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
#130473
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
İxtiologiya


Cinsiyyət yetkinliyinə çatma yaşı. Balıqların cinsiyyət yetkinliyinə çatma yaşı çox müxtəlif olub 1-2 aylıqdan tutmuş (qambuziya) 15-30 ilə qədər (nərələr) dəyişilir. Kilkələr, snetok, bəzi xullar cinsiyyət yetkinliyinə bir yaşında çatır. Mintay 3-4, çəki 4-6 (Azərbaycan sularında 3-4, bəzən hətta 2), Atlantik treskası 7-10, siyənəklər – 5-7 (Xəzər dənizinin Azərbaycan sahillərində - 2-4) dəniz xanısı 12-15 (Qızılağac xanısı 2-3) yaşlarında cinsiyyətcə yetkinləşir. Balıqların cinsiyyət yetkinliyinə çatması bədən uzunluğundan daha çox asılıdır. Bir qayda olaraq hər hansı növ özünün maksimal uzunluğunun yarısına çatdıqda cinsiyyətcə yetkinləşir. Cinsiyyətcə yetkinləşmə balığın növündən, qidalanmasından və yaşayış şəraitinin digər amillərindən asılıdır. Ona görə də eyni növün təkcə müxtəlif su hövzələrində yaşayan populyasiyaları deyil, hətta bir su hövzəsinin müxtəlif hissələrində yaşayan populyasiyalarının və ya fərdlərinin cinsiyyət yetkinliyinə çatması müxtəlif yaşlarda müşahidə edilir. Məs.: nərə balığının erkəkləri cinsiyyət yetkinliyinə Volqa çayına 10, Kür çayında 13-14, Azov dənizində 8-9 yaşlarında çatır. Bu balığın dişiləri göstərilən su hövzələrində müvafiq surətdə 13,19-30, 10-14 yaşlarında cinsiyyəcə yetkinləşir.

Cinsiyyətcə yetkinləşmə həm də orqanizmdə yağ ehtiyatının toplanması ilə də əlaqədardır. Bir qayda olaraq balıq yaxşı qidalandıqda böyümə sürətlə gedir ki, bu cinsiyyətcə yetkinləşməni sürətləndirir.

Adətən erkəklər dişilərdən tez yetkinləşir. Cinsiyyətcə yetkinləşmə iqlim şəraitindən də asılıdır. İsti qurşaqlarda qidalanma müddətinin uzun olması böyümənin sürətlənməsinə, bu isə cinsiyyətcə daha tez yetkinləşməyə səbəb olur.

Balıqların cinsiyyət yetkinliyinə çatma yaşını bilmək onların hansı yaşda və hansı uzunluqda tutulmasını, bebliklə də onların ehtiyatından daha səmərəli istifadə olunmanı asanlaşdırır. Cinsiyyət yetkinliyinə tez, məs.; 2-3 yaşlarında çatan növlərin hər hansı su hövzəsində ehtiyatının 40%-dən 60%-ə qədəri tutula bildiyi halda, kec nəsl verən balıqların yalnız 5-20%-ə qədəri ovlana bilər.



Cinsiyyət dimorfizi. Cinsiyyət dimorfızmi və ya ikinci cinsiyyət əlamətləri çoxalma dövrü ərəfəsində əmələ gəlir. Belə əlamətlər balıqların hamınsında olmur. Əksər balıqların dişiləri erkəklərdən iri olur, erkəklərin isə rəngi əlvanlaşır, üzgəcləri uzanır və s. Məs. qütb kambalasının erkəklərində ktenoid pulcuq, dişilərində sikloid pulcuq olur. Cinsiyyət yetkinliyinə çatmış moyvanın erkəkləri dişilərdən iri olur, onların anal və döş üzgəcləri böyüyür. Qığırdaqlı balıqların erkəklərində qütləşmə orqanı (pteriqopodi) vardır. Syomqa və Sakit okean qızılbalıqlarının çırtdan erkəkləri məlumdur; bunlar iri fədlərlə birlikdə çoxalmada iştirak edir. Uzunluğu 16 sm-dən çox olmayan dərinlik tilovçusunun erkəkləri dişilərin bədənində elə bil bitir və onun hesabına yaşayır. Kürüləmə qabağı bəzi balıqlarda cinsiyyət vəziləri hormonlarının təsiri altında elə bil "nigah" bəzəyi əmələ gəlir (şəkil 40) və kürüləmədən sonra belə bəzək yox olur. Məs. çəkikimilərin bəzilərinin (külmə, kütüm) erkəklərinin başında və bədəni üzərində "mirvari səpkisi" adlanan ağ rəngli qərni törəmələr əmələ gəlir. Girdə xulun erkəklərinin rəngi kürüləməyə yaxın qaralır. Cinsiyyət dimorfizmi Sakit və Atlantik okean qızılbalıqları üçün daha xarakterikdir. Bu balıqlar çay yuxarı getdikcə və kürüləmə yerinə yaxınlaşdıqca onların gümüşü rəngi tündləşir, bədəndə tünd qırmızı və qara ləkələr əmələ gəlir; nerka açıq qırmızı rəngli olur. Belə balıqların alt çənəsi uzanmır və yuxarıya əyilir, kəllə skeletində dəyişiklik baş verir, qorbuşanın beli donqarlaşır.

Cinsiyyət dimorfizmi müşahidə edilməyən balıqlarda fərdin dişi və ya erkək olması toxumluğun və ya kürü yastıqlarının formnasına, qanda hemoqlobinin və eritrositlərin miqdarlarına görə təyin edilir. Bəzi balığın cinsiyyət vəziləri III yetkinlik mərhələsində olduqda onu işığa tutub baxmaqla kürülü və ya erkək olduğunu bilmək mümkündür.



Cinsiyyət nisbəti. Balıqlarda cinsiyyət nisbəti uyğunlaşma xüsusiyyəti olub əsasən ehtiyatın bərpasına yönəlib. Əksər balıqlarda cinsiyyət nisbəti 1:1-dir. Lakin bir çox növlərdə bu nisbət çox dəyişkəndir. Balıqlarda cinsiyyət nisbətini üç tipə ayırırlar: Birinci tip eyni yaşlı balıqların, məs. Norveç siyənəklərinin kürülü və erkək fərdlərinin uzunluğu və bütün yaş qruplarında cinsiyyət nisbəti bərabərdir. İkinci tip – dişilər erkəklərdən iridir, bunlar həm də çox yaşayır; erkəklər cinsiyyət yetkinliyinə daha tez çatır, güman ki, həm də buna görə onların ömrü nisbətən qısadır. Ona görə, yaşlı balıqların sayı artdıqca dişilərin miqdarı artır, iri balıqlar arasında say üstünlüyünə malik olurlar. Belələrinə misal Xəzər siyənəklərini, dəniz kambalasını, Arxal şirbitini və Sibir ryapuşkasını göstərmək olar.

Üçüncü tip - erkəklər dişilərdən iridir. Yaşlı (boyca iri) balıqlarının sayı artdıqca dişilər miqdarca azalır. Xullar, Amur ketası, moyva belə balıqlardandır.

Çoxalmaya getmə vaxtı və kürüləmə birinci tipə aid olan balıqların cinsiyyət nisbəti, qeyd olunduğu kimi bərabər olur. İkinci və üçüncü tip balıqların əvvəlcə erkəkləri çoxluq təşkil edir, kürüləmənin ikinci mərhələsində dişilərin miqdarı artır. Kürüləmə yerlərində balıqların cinsiyyət hisbəti həm də onların kürüləmə müddətində davranışından asılıdır. Məs.: külmənin dişiləri kürü tökdükdən sonra kürüləmə yerlərindən getdikləri üçün kürüləmə dövrünün ikinci yarısında erkəklər üstünlük təşkil edir. Balıqların cinsiyyət nisbəti bir çox amillərdən də asılı olaraq dəyişilir. Göbələk xəstəliyinə tutulmuş quppi adlı balığın dişiləri erkəklərə çevrilir. Gümüşcəni uran duzu məhlulunda saxladıqda erkəkləri dişilərə çevrilməsi müşahidə edilir. Yüksək temperatur yaşlı I qılıncquyruq balığın erkəklərinin çoxluq təşkil etməsin səbəb olur.

Balığın cinsiyyətinin idarə olunmasının böyük təcrübi əhəmiyyəti vardır. İki yaşdan yuxarı karp balığı dişilərinin kütləsi erkəklərin kütləsindən 200 q çox olur, deməli göl-satış balıqçılığında dişilərin yetişdirilməsi daha xeyirlidir. Ginogenez yolla çoxalan gümüşü karasın tək cinsiyyətli (yalnız dişi) populyasiyasının fərdləri, ikicinsiyyətlilərə nisbətən sürətlə böyüyür.

Balıqlar monoqam və poliqam olur. Syomqa monoqanıdır, çoxalma zamanı onun bir dişi və bir erkək fərdi birlikdə bir yuva əmələ gətirir, yəni bir dişinin kürüsünü yalnız bir erkək mayalayır. Syomqarın əksinə olaraq çəki poliqamdır, onun bir fərdinin kürüsünün mayalanmasında üç-dörd bəzən daha çox erkək balıq iştirak edir. Tikan balığın bir erkəyi eyni yuvaya tökülmüş bir neçə dişinin kürüsünü mayalayır. Adi karasın çoxalması qrup halında baş verir, bu zaman bir neçə dişi və bir neçə erkək balıq bir yerdə kürüləyir və kürünü mayalayır.

Çoxalma vaxtı. Bu cəhətdən balıqları yazda (durnabalığı, хаnı, xarius, Atlantika-Skandinaviya siyənəkləri, Azərbaycan sularında - sıf, çapaq, külmə, nərələrin yaz sürüsü və s.), yayda (xəmsə, soyuq qurşaqlarda nərə, çəki, Azərbaycan sularında şəmayı), payızda və qışda (syomqa, Sakit okean qızılbalıqları, siq, nalam, navaqa) çoxalanlara ayınrlar. Нər növün kürüləmə müddəti, sürfələrin çıxması, körpələrin inkişafı bir çox amillərdən, ən əvvəl qida ilə təmin olunmadan asılıdır. Durnabalığı, sıf erkən yazda kürüləyir. Yazda çoxalan balıqların əksəriyyəti kürüləyənə qədər onların körpələri tam formalaşır, hətta bəziləri yırtıcı qidalanmaya hazır olur. Payızda-qaşda çoxalan balıqların kürüsünün inkişafı yavaş gedir, kürünün inqubasiya müddəti bəzən 5-6 ay davam edir. Əksər balıqların körpələri yazın əvvəllərində kürüdən çıxır, bu zaman həm də zooplankton yaxşı inkişaf edir ki, bu, körpələrin bol qida ilə təmin olunmasını təmin edir.

Eyni növün çoxalma vaxtı nəinki müxtəlif sularda hətta eyni su hövzəsində müxtəlif ola bilər. Atlantik siyənəklərinin bu cəhətdən iki irqi məlumdur. Bunların biri yazda kürüləyən Atlantika-Skandinaviya siyənəkləri, digəri yayda kürü tökən və Şimali Amerikanın self sularında çoxluq təşkil edənlərdir. Baltik dənizində yazda və yayda çoxalan salaka sürüləri vardır. Çoxalması Kür çayı ilə əlaqədar olan nərə balıqlarının çaya gctməyə görə yaz və yay-payız sürüləri məlumdur. Bir çox tropik balıqları il ərzində bir neçə dəfə kürüləyirlər, orta qurşaq balıqları ildə bir dəfə, nərə balıqları isə bəzən iki ildə bir dəfə nəsil verir, nadir hallarda bu müddət 5-6 ilə qədər davam edir.

Kürüləmə. Kürüləməyə görə balıqlar iki yerə bölünür: kürüsünü bir dəfəyə və hissə-hissə tökənlər. Bir dəfəyə kürü tökənlərin kürüsünün hamısı eyni vaxtda yetişir və onlar bir dəfəyə kürüləyir. Bunların əksinə olaraq, hissə-hissə kürüləyənlərin kürüsü 2-3, bəzən daha çox hissədə yetişdiyindən kürülər hu ardıcıllıqla da tökülür. Kürsünü bir dəfəyə tökənlərin kürüləmə müddəti qısa, hissə-hissə kürüləyənlərinki isə uzaq olur. Tikan balığının kürütökməsi bir neçə saniyə, külmə və xanınınkı bir neçə saat davam etdiyi halda, çəki və çapağın kürüləməsi bir neçə gün davam edir. Hissə-hissə kürü tökənlər kürüləmə yerlərində çox qalır, bu müddət 1,5-2 ay (treska), bəzən hətta 3 ay (sultanka) və daha çox davam edir. Kürüsünü bir dəfəyə tökənlərə hərələri, qızılbalığı, durnabalığını, külməni, həşəmi, altağızı, porunu, sıfı və s., hissə-hissə kürüləyənlərə xəmsəni, Xəzər siyənəklərini, çapağı qızılüzgəcin, lil balığını, yastıqarını, şəmayını və s. misal göstərmək olar.

Müxtəlif qurşaqda yaşayan eyni növün fərdlərinin cinsiyyət vəzilərinin həm bir dəfəyə, həm də hissə-hissə yetişməsi də məlumdur. Məs. çapağın şimal sularında yaşayan fərdlərinin cinsiyyət vəzilərinin bir dəfəyə, cənub sularında yaşayanlarınki isə hissə-hissə yetişməsi elmi ədəbiyyatda göstərilir. Cinsiyyət vəzilərinin hissə-hissə, yetişməsi növün qeyri əlverişli şəraitə uyğunlaşması olub kürünün miqdarını artırmağa yönəlləşib. Belə ki, hissə-hissə kürü tökmə zamanı hətta qeyri əlverişli şəraitdə kürünün dirilmə faizi artır, sürfələr çoxsaylı olur.



Cinsiyyət yetkinliyin mərhələləri. Balıqların cinsiyyət vəzilərinin yetkinlik dərəcəsindən asılı olaraq onların yetkinlik mərhələləri təyin edilir. Küriisünü bir dəfəyə tökən balıqların yetkinlik dərəcəsi 6 mərhələyə bölünür:

I mərhələ - balıq cavandır, cinsiyyət vəziləri inkişaf etməyib, balığın erkək-dişiliyini adi gözlə təyin etmək mümkün deyil.

II mərhələ - dişi balığın kürüləri adi gözlə görünmür, onları yalnız lupa və mikroskop vasitəsilə görmək mümkündür.

III mərhələ - kürülər aydın görünür, lakin hələ şəffaf deyillər, onlarda sarılıq maddəsi əmələ gəlməyə başlayıb, kürü yastıqları və ya toxumluq həcmcə böyüyüb.

IV mərhələ - kürünün həcmcə böyüməsi başa çatır, dənələr tam yumrulaşıb, onlar zəif şəffafdır, kürü yastıqları və toxumluqları maksimal iriliyə və kütləyə çatıb. Balığın qarın nahiyəsini sığalladıqda dişidirsə kürü xaric olmur, erkəkdirsə bir damla qatı toxum mayesi xaric olur.

V mərhələ - balığın tam yetkinlik mərhələsidir, kürü yastıqları və toxumluqlar bütün bədən boşluğunu tutur. Balığın qarın nahiyəsini ehmalca sığalladıqda kürü və toxum mayesi sərbəst axınla xaric olur.

VI mərhələ - kürü və toxum tökülüb qurtarıb, onların kisələri adətən boşdur, lakin bəzən kürü və toxum qalığına rast gəlinir.

Hissə-hissə kürü tökən balıqların cinsiyyət vəzilərinin yetkinlik dərəcəsi birinci hissədə töküləcək kürüyə görə təyin edilir. Birinci hissə kürü töküldükdən sonra bir dəfəyə kürüləyənlərdə olduğu kimi VI mərhələ deyil, IV və ya III mərhələ gəlir və bu mərhələ VI-IV və ya VI-III kimi qeyd edilir. Bütün kürülər tökülüb qurtardıqdan sonra cinsiyyət yetkinliyinin VI mərhələdə, daha sonra II mərhələdə olması göstərilir. Bəzən kürü yastıqlarında gələn ilin ehtiyatı olan yumurta hüceyrələri qalır və bunlar balıq IV yetkinlik mərhələsində ikən inkişafa başlayır. Belə olduqda həmin balığın yetkinlik mərhələsi VI-dan III-ə keçid kimi (VI-III) qeyd edilir.

Balıqlarda cinsiyyət mərhələlərinin müddəti müxtəlifdir. Bunlardan I yetkinlik mərhələsi daha uzundur. Bu mərhələ bəzi balıqlarda (bölgədə) 16-18 ilə qədər çəkir. Yazda-yayda kürü tökən dəniz balıqlarının, payızda kürüləyən qızılbalıqlarının, bəzi şirin su balıqlarının III yetkinlik mərhələsi 8 aya qədər (bəzən daha çox) davam edir, digər yazda və yayda kürüləyən şirin. Su və dəniz balıqlarının IV yetkinlik mərhələsi 6 aya yaxın müddətə başa gəlir. II və V inkişaf mərhələləri adətən 1-1,5 aya tamamlamır.

Balıqların cinsiyyət vəzilərinin yetkinlik dərəcəsi yetkinlik əmsalı ilə göstərilir. Bu əmsal cinsiyyət vəzləri kütləsinin balığın kütləsinə olan faizlə nisbətidir. Yazda və yayda kürü tökən balıqların (çəki, sıf, külmə) yetkinlik əmsalı kürüləmə ərəfəsində daha yüksək olur, yazda azalaraq ən aşağı səviyyəyə çatır, payızda yenidən artır. Payızda və qışda kürüləyənlərin (qızılbalıqlar) belə əmsalı payızda maksimuma çatır.

Cinsiyyət vəzilərinin yetkinlik əmsalı ilə yanaşı yetkinlik indeksi də hesablanır. Yetkinlik indeksi yetkinlik əmsalının faizlə ifadəsidir. Bu, əmsal göstəricilərinin ən yüksəyinə - çoxuna görə hesablanır.

Kürünün boyu və quruluşu. Kürü adətən yumru, az hallarda başqa formada olur. Onun quruluşu təkcə cins, fəsilə üçün deyil, daha yüksək təsnifat kateqoriyaları üçün səciyyəvidir. Məs. sarqanabənzər balıqların əksəriyyəti üçün sapvarı çıxıntdan olan yumru kürü, xulkimilər üçün aşağı tərəfindən substrata yapışmaq üçün oturacağı və sapvan çıxıntıları olan armudvarı kürü, ançauskimilər üçün ellipsvarı kürü xarakterikdir (şəkil 41).

Balıqların kürüsü təkcə formasına görə deyil, həm də ölçüsünə, rənginə, kürüdə piy damlasının olub-olmamasına və kürü pərdəsinin quruluşuna görə fərqlənir. Digər xarici əlamətlər kimi kürünün diametri növün dəyişməz əlaməti hesab edilir. Adətən iri balıqların kürüsü də iri olur. Eyni növün kürüsünün diametrinin dəyişilmə hədləri hətta müxtəlif su hövzələrində sabit qalır. Kürünün ölçüsü onda olan sarılıq kisəsinin böyüklüyündən asılıdır. Qığırdaqlı balıqların kürüsü daha iri olur. Belələrində rüşeymin inkişafı demək olar ki, 2 ilə qədər davam edir. Sümüklü balıqlar arasında adi limandanın (kambalalanın bir növü) kürüsü ən kiçik, qızılbalıqların, xüsusilə ketanın kürüsü isə ən iri kürüdür. Qızılbalıqların kürüsünün həm də sarısı çoxdur. Bu, qızılbalıqların payızda-qışda çoxalması, buna görə də kürünün inkişafının uzun müddət davam etməsi ilə əlaqədardır.

Нər növün kürüsünün məxsusi rəngi var. Ryapuşkanın kürüsü sarımtıl təhərdir, qızılbalıqların kürüsünün rəngi narıncıya çalır, durnabalıqlarının kürüsü tutqun bozumtul, çəkininki yaşıltəhərdir. Terpuqların kürüsünün rəngi müxtəlifdir: parlaq yaşıl, mavi, çəhrayı, bənövşəyi. Kürünün rənginin sarıya və ya qırmızıya çalması onun tərkibində tənəffüsdə iştirak edən karatinoid piqmentinin olması ilə əlaqədardır. Nisbətən az oksigen şəraitində kürünün rəngi daha əlvan olur. Məs. nerkanın belə şəraitdə inkişaf edən kürüsü açıq-qırmızı rəngdədir. Oksigen bolluğunda inkişaf edən kürünün piqmentasiyası zəifdir.

Əksər balıqların kürüsündə bir və ya bir neçə piy damlası olur. Piy damlası və ya damlalan kürünün yüngüllüyünü və suda batmamasını təmin edir.

Kürü xaricdən 3 pərdə ilə örtülür. Bunlar daxili, orta və xarici pərdələr adlanır. Daxili pərdəyə sarılıq pərdəsi və ya şüalı pərdə də deyilir. Bu pərdə kürü tərəfindən yaradılır, özü də dəliklidir. Bu dəliklərdən yumurtaya qidalı maddələr daxil olur. Daxili pərdə möhkəm olub nərə balıqlarında iki qatlıdır. Bir çox balıqlarda daxili pərdə üzərində orta pərdə inkişaf edir, həlməşikli və yapışqanlı olan orta pərdədə müxtəlif törəmələr vardır. Kürü bu törəmələr vasitəsilə substrata yapışır (şəkil 42). Daxili və orta pərdələrin animal qütbündə mikropili kanalı -dəliyi vardır. Spermatozoid kürüyə bu dəlikdən daxil olur. Sümüklü balıqların kürüsündə bir dəlik olduğu halda, nərə balıqlarının kürüsündə bir neçə dəlik olur. Kürünün üzərində xarici pərdə də əmələ gəlir. Xarici pərdə zülal və qərni hissələrə ayrılır. Zülal pərdə yalnız qığırdaqlı balıqlarda, qərni pərdə isə həm qığırdaqlı balıqlarda, həm də dəyirmiağızlılardan an miskinlərdə inkişaf edir.

Miskinlərin kürüsü ellipsvaridir, diametri 2-3 sm-ir. Bunların kürüsünün qərni pərdənində qarmaqvarı çıxıntılar olur. Kürülər bu çıxıntılar vasitəsilə bir-birinə və sualtı əşyalara-substrata yapışır.

Qığırdaqlı balıqların kürüsünün qərni pərdəsi yumurtanm özündən böyükdür, həm də formaca yumurtaya uyğun deyil. Əksər hallarda qərni pərdədən eyni adlı çıxıntılar – iplər uzanır ki, onların vasitəsilə kürü su bitkilərinə yapışır. Qığırdaqlı balıqların yumurtadiridoğan və diridoğanlarının qərni pərdəsi çox nazikdir, yumurta inkişafa başlayan kimi belə pərdə yox olur.

Kürüləmənin başlaması bir çox amillərdən, ən əvvəl cinsiyyət vəzilərinin yetkinliyindən, suyun temperaturundan və duzluluğundan, subrastın olub-olmamasından, eləcə də fərdlərinin fəaliyyətindən asılıdır. Нər növün kürüləməsinin həm optimal, həm də yuxarı və aşağı sərhədləri vardır. Optimal temperatur şəraitində kürüləmə effektli gedir, çoxsaylı nəsil üçün zəmin yaranır. Suyun temperaturu kürüləmənin aşağı və yuxarı sərhədlərini keçdikdə kürüləmə ləngiyir və ya dayanır.

Əksər balıqlar müsbət temperatur şəraitində kürüləyirlər. Lakin bu qaydadan kənarlananlar da var. Məs.: sayqa, navaqa mənfi temperaturda, çəkikimilərin əksəriyyəti 18-20,0° və daha yüksək temperatur şəraitində kürüləyirlər. Ağ amurun kürüləməsi üçün optimal temperatur 26-30,0°-dir.

Balıqların kürüləmə şəraiti çox müxtəlifdir. Pinaqor su hövzəsinin ləpədöyən hissələrində, angvilla оkeanın min metr dərinliyində, dəniz balıqlarının əksəriyyəti dərinliyi 500 m-dən az olan və günəş təsirindən istinilən, buna görə də qida obyektləri yaxşı inkişaf edən sahil zonada, keçici balıqların əksəriyyəti çayların yuxarı qollarında, bəm balıqlar isə düzənlik sularının ot basmış, bəzən də bataqlığa oxşar hissələrində kürüləyir. Balığın kürüləməsi üçün optimal şərait olmadıqda kürütökmə effektli olmur və ya heç baş vermir.

Kürülər iki qrupa bölünür; pelegial və ya üzən kürü və dib və ya demersal kürü. Dibdə müxtəlif substrat üzərinə tökülən kürülər demersal, su qatma buraxılanlar isə pelegial kürülərdir. Kürü tökməsinə görə balıqlar aşağıdakı qruplara ayrılır:

-Pelaqofillər, kürünü su qatma buraxanlar: kilkələr, xəmsə, Atlantik treskası, qılınc balıq, ağ amur və qalınalın pelaqofil balıqlardır.

-Fitofillər, kürüsünü bitkilər üzərinə tökənlər: külmə, çapaq, çəki, karas, xanı, Sakit okean siyənəyi fitofil qrupa aiddir.

-Litofillər, kürüsünü daşlı, qumlu və çınqıllı yerlərdə tökənlər: nərələr, qızılbalıqlar, kütüm, şəmayı, enlibaş və o. kürülərini təmiz, həm də axar suların göstərilən yerlərində tökür.

-Psammofillər, kürülərini dayazlıqda - qumluqda tökürlər; qumlaçalar, çılpaqçaların bəzi növləri və s.

-Ostrakofillər qrupundan olan kərgə kürüsünü iki-taylı ilbizin çanağı içərisinə və ya xərçənglərin zirehi altına qoyur.



Nəsil qayğısına qalma. Kürünün substrat üzərinə tökülməsi bu və ya digər formada qayğı hesab olunmazsa balıqların əksəriyyətində nəsil qayğısına qalmaq yoxdur. Belə çoxluğun əksinə olaraq çox az qisim balıqlarda nəsl qayğısına qalmaq yüksək səviyyədədir. Belə ki, bir neçə növ kürü tökmək üçün sadə və ya mürəkkəb yuva tikir və tökülmüş kürünü qoruyur, hətta onun inkişafına da qayğı göstərir, kürülərdən çıxmış körpələri təhlükədən qoruyur, digərləri daha çətin cəfaya qatlaşır. Məs. Sakit və Atlantik okean qızılbalıqları, Xəzər qızılbalığının Kür sürüsü kürü tökmək üçün quyruqları vasitəsilə çayın qumlu-çınqıllı yerində yuva düzəldir, kürünü tökdükdən və kürü mayalandıqdan sonra onun üzərini nazik qum qatı ilə örtür. Girdə xulun erkəyi dişinin kürü tökməsi üçün daş altında yuva tikir, kürünü mayaladıqdan sonra onun keşiyini çəkir, bu müddət ərzində döş üzgəclərinin hərəkəti ilə suyun aerasiyasını yaxşılaşdırır, kürünün üzərinə lil və digər suda asılı gətirmələrin çökməsinin qarşısını alır. Kürüdən sürfələr çıxana qədər keşikçi balıq qidalanmır, həddən artıq arıqlayır, bəzən bu səbəbdən ölür. Üç tikanlı balıq da kürüsünü yuvaya tökür. Yuvanı erkək balıq bitki qalıqlarından tikir, kürünün keşiyini də о çəkir. Sıfın erkəyi suyun dibində kürü töküləcək yeri təmizləyir, sonra iy gəlməyən ot qalıqlarından yuva düzəldir. Yuva ərazisində lil örtüyü və digər nə varsa döş üzgəclərinin qüvvətli hərəkəti ilə su axımı əmələ gətirərək kürüləmə sahəsini təmizləyir. Kürü töküldükdən sonra onun keşiyini çəkir. Hər hansı səbəbdən keşikçi yox olursa kürülü balıq onu əvəz edir. Labirintli balıqların ağzında yapışqanlı maddə ifraz olur. Balıqlar bu maddənin vasitəsilə hava qovuqcuqları əmələ gətirir, sonra onlan bir-birinə yapışdıraraq qovuqlardan kürüləmə yuvası tikir. Pinaqor kürüsünü sahilə -litoral zonaya tökür; bu zonadan su çəkildikdə ağzı ilə su daşıyaraq kürünün üzərinə tökərək onu qurumaqdan qoruyur. Bəzi balıqlar kürünü öz bədəninin müxtəlif yerlərinə qoyur və sürfələr çıxana qədər gəzdirir. Məs.: tilyapinin dişisi kürünü ağzında saxlayır, iynə balığının dişisi kürüsünü erkəyin qarın tərəfində olan dəri qatlaq içərisinə qoyur, dəniz atı balığında belə dəri qatlaq cibciyə oxşayır, onun yalnız bir dəliyi olur, kürü cibciyə bu dəlikdən tökülür, sürfələr də həmin dəlikdən çıxır. Balıqların, xüsusilə qığırdaqlı balıqların diribala doğmasına da nəsl qayğısına qalma kimi baxmaq olar.

Məhsuldarlıq. Məhsuldarlıq balıqların kürülərinin miqdarına deyilir. Məhsuldarlıq mütləq, nisbi və işçi məhsuldarlığa, eləcə də populyasiyanın və növün məhsuldarlığına ayrılır.

Mütləq məhsuldarlıq bir kürüləmə mövsümündə tökülən kürülərin və ya ixtiologiya elmində qəbul olmuş qaydaya görə balığın cəmi kürülərinin miqdarına deyilir. Nisbi məhsuldarlıq balığın kütləsinin vahid hissəsinə (1 q, 1 kq və s.) düşən kürü dənələrinin sayıdır. İşçi məhsuldarlıq nisbətən az olub, mayalanmada iştirak edən, başqa sözlə mayalanan kürülərin sayından ibarətdir. Populyasiyanın da məhsuldarlığı hesablana bilər. Onun da mütləq, nisbi, işçi məhsuldarlığı təyin edilir. Mütləq məhsuldarlıq fərdlərin mütləq məhsuldarlığının cəmindən ibarətdir. Məs.: bir fərdin mütləq məhsuldarlığı 5000-kürüdürsə, populyasiyanın fərdlərinin sayı 4000-dirsə onda populyasiyanın mütləq məhsuldarlığı 5.000x4.000=20.000.000 kürü olacaq. Populyasiyanın nisbi məhsuldarlığı cəmi fərdlərin kürülərinin mütləq miqdarından populyasiya fərdlərinin kütləsinə olan nisbətidir. Məs.: populyasiya fərdlərinin hamısının kütləsi 2000 kq olarsa onda nisbi məhsuldarlıq

20.000.000:2000kq=10.000 kürü və ya 20.000.000:200000=100 kürü olacaq.

Bu о deməkdir ki, nisbi məhsuldarlıq birinci halda 10.000-ə, ikinci halda 100-ə bərabərdir, başqa sözlə populyasiya fərdlərinin kütləsinin hər bir kq-na 10000, hər 10 q-na isə 100 kürü düşür. Populyasiyanın işçi məhsuldarlığı kürülərin yalnız mayalanmada iştirak edənlərinin cəmidir. Növün də mütləq, nisbi və işçi məhsuldarlığının hesablanması mümkündür və bu iş populyasiyanın məhsuldarlığının hesablanması qaydasında aparılır. Növün göstərilən məhsuldarlığının hesablanmasında yalnız fərdlərin say çoxluğu fərqi ola bilər ona görə ki, növ populyasiyadan yüksək taksondur.

Qeyd etmək lazımdır ki, fərdlərin sayı dəqiq bilinməyən taksonlar, о cümlədən populyasiyanın və növün məhsuldarlığını hesablamaq mümkün olmur və ya hesablamanın nəticəsi həqiqətdən uzaq olur. Balıqların da populyasiya və ya fərdlərinin sayı hətta eyni su hövzəsində sabit olmur, ildən asılı olaraq azalır və çoxalır.

Balıqların məhsuldarlığı həm də nəsli saxlamağa uyğunlaşma əlaməti olub çox dəyişkəndir. Yumurtadiridoğan və ya diridoğan qığırdaqlı balıqların məhsuldarlığı azdır. Bunlar tam inkişaf etmiş iri yumurta qoyur və ya bala doğur. Elə buna görə də onların məhsuldarlığı aşağıdır. Məs.: Manta adlı skat cəmi bir bala doğur. Akulaların (uzunluğu 20-30 sm-dən 20 m-ə, kütləsi 14 tona qədər) yumurtalarının və ya körpələrinin miqdarı - 2-ən 100-ə qədərdir, təkcə qütlə akulasının yumurtalarının sayı 500-ə yaxın olur.

Sümüklü balıqların məhsuldarlığı daha yüksəkdir. Bunların arasında kürüsünü su qatına tökən ay balığının kürülərinin sayı 300 milyona, moyvanınki 60 milyona, treskanınki 9-10 milyona çatır. Bu cəhətdən ikinci yeri kürüsünü otlar üzərinə tökən balıqlar tutur. Belə balıqlardan olan çəkinin məhsuldarlığı 1,5 milyon qədərdir. Mingəçevir su anbarından tutulmuş iri sıfların (16-18 və daha çox kq) məhsuldarlığı 2 milyondan artıqdır. Bir qayda olaraq nəsl qayğısına qalan balıqların məhsuldarlığı nisbətan az olur. Məs.: diribaladoğan beldyuqanın sürfələrinin sayı 10-dan 400-ə qədərdir, kürüsünü xüsusi yuvaya tökən tikan balığının 60-dan 550-yə qədər kürüsü olur. Nəsil qayğısına qalan xul balıqlarının kürülərinin sayı 1-2 mindir.

Məhsuldarlıq və kürünün keyfiyyəti balığın kütləsindən, uzunluğundan, yaşından, köklüyündən, eləcə də bir çox biotik və abiotik amillərdən asılı olub uyğunlaşma xarakteri daşıyır. Bir qayda olaraq balığın boyu artdıqca mütləq məhsuldarlığı da artır. Lakin bu qaydadan kənarlama da olur. Belə ki, qocalıq yaşında olan balıqların cinsiyyət vəziləri fəaliyyətdən qalır, onlar nəsil vermir.

Balıqlarda xarici mühitin dəyişilməsindən, xüsusilə qida bazasından asılı olaraq məhsuldarlığını tənzimləmə xüsusiyyəti vardır. Əlverişli və ya yaxşılaşmış qida şəraiti böyümənin sürətlənməsinə və məhsuldarlığın artmasına səbəb olur. Eyni növün müxtəlif su hövzələrində yaşayan və bərabər uzunluqda olan fərdlərinin məhsuldarlığı müxtəlif olub, yaşayış şəraitinə müvafiq olur. Azov dənizində sıfın məhsuldarlığı ilə yay zamoru (yaşayışın, xüsusilə qaz rejiminin pisləşməsi nəticəsində qidalanmanın zəifləməsi nəzərdə tutulur) arasında tam asılılığın olması müəyyən edilib. Bu balığın məhsuldarlığının və alınmış nəslin günəş enerjisindən asılılığı da ədəbiyyatda göstərilir. Balıq ehtiyatının bərpası işində növün bütövlükdə məhsuldarlığının öyrənilməsinin də əhəmiyyəti az deyil. Növün məhsuldarlığı balığın fərdi dolğunluq əmsalından, cinsiyyət yetkinliyinə çatma yaşından və neçə il kürü tökməsindən və s.-dən asılıdır. Adətən cinsiyyət yetkinliyinə tez çatan balıqların ümumi məhsuldarlığı cinsiyyətcə gec yetişən balıqlara nisbətən yüksək olur ki, bu, onların ehtiyatının bərpası işində böyük əhəmiyyətə malikdir.

Növün məhsuldarlığını daha düzgün müəyyən etmək ən əvvəl populyasiyaların məhsuldarlığını bilməyi tələb edir. Bu, onunla əlaqədardır ki, populyasiyaların fərdlərinin cinsiyyət yetkinliyinə çatma yaşı, məhsuldarlığı, kürüləmə vaxtı və digər bioloji göstəriciləri müxtəlifdir. Bu göstəricilər həm də populyasiyanın özünübərpa qabiliyyətini əks etdirir.



Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling