www.vivo-book.com
77
Baronla baronessa cəld döndülər, məndən qorxu içində
qaçıb aralandılar. Camaatın arasından bəziləri danışırdılar,
başqaları bir şey anlamadan mənə baxırdılar. Bununla belə,
yaxşı xatırlamıram.
Mən dönüb adi addımlarla
Polina Aleksandrovnaya
doğru getdim. Amma onun oturduğu yerin yüz addımlığına
çatmamışdım ki, gördüm, qalxdı və uşaqlarla otelə sarı
yollandı.
Onu otelin artırmasında haqladım.
– Yerinə yetirdim… axmaqlıqdı, – onunla yanaşı gedə-
gedə dedim.
– Hə, nolsun axı? İndi də hoqqabazlıq eləyin, – o hətta
üzümə də baxmadan cavab verib pilləkənlə yuxarı qalxdı.
Bütün axşamı parkda keçirdim. Parkdan sonrasa
meşədən ötüb hətta başqa knyazlığa da keçdim. Bir
daxmada qayğanaq yedim, pivə içdim, bu idilliyadan ötrü
məndən bir taler yarım qopartdılar.
Yalnız saat on birdə evə qayıtdım. O dəqiqə generalın
göndərdiyi adam dalımca gəldi.