Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya
Download 0.74 Mb.
|
umumi-psixologiya-tm-1
- Bu sahifa navigatsiya:
- 4).Kiçik qrupların növləri.
3) Qrupların təsnifatı. Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər. Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar. Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, yeni yaranmış ailəni ilkin qrup adlandırırlar. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur.. İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, bir-birinə bələd olurlar. 4).Kiçik qrupların növləri. Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər. Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. Məsələn, Universitetin tələbələrini oğlan və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına, yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup iştirakçıları eyni zaman və məkan daxilində yaşamaya və bir-biri ilə rabitədə, təmasda olmaya da bilirlər. Real qruplara gəldikdə bunlara müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə təmasda olurlar. Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal) və qeyri – rəsmi (qeyri formal). Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Bu cür rəsmi qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını, kafedraları, hərbi qrupları və s. misal göstərmək olar. Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət kompaniyalarını, yaxın iş və təhsil dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki, rəsmi qrupun üzvləri bir-birinə yaxınlıq, dostluq münasibətlərinə görə qruplaşa bilirlər. Referent qruplar. Psixoloji ədəbiyyatda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər (latınca referens sözündən götürülmüşdür). Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton, Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur. Tez- tez hər hansı bir qrupun dağılmasının, onun fəaliyyətinin səmərəsizliyinin qrup uyuşmasının olmaması ilə bağlı olması barədə söhbətlərin şahidi oluruq. Kiçik qrupların fəaliyyətinin səmərəliliyinə müsbət və ya mənfi təsir göstərən amillərdən biri məhz qrup uyuşması fenomeni ilə əlaqədardır. Mövcud ədəbiyyatda qrup uyuşmasını ilk növbədə fizioloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuşmanı çox vaxt təmiz fiziki imkanlar, xüsusiyyətlərlə bağlayırlar. Məsələn, hər hansı bir fiziki işi birgə yerinə yetirən adamlarda fiziki uyuşmanın olması zəruridir. Psixoloji uyuşmaya gəldikdə, bu, qrup üzvlərinin psixoloji cəhətdən uyuşması ilə bağlıdır. Bu heç də fizioloji uyuşmadan az əhəmiyyətə malik deyildir. Müasir psixologiyada psixoloji uyuşmanın üç istiqamətdə – struktur, funksional və adaptiv istiqamətlərdə öyrənildiyi göstərilir. Psixoloqlar struktur uyuşmanı «qrup üzvlərinin xarakteristikalarının optimal uyuşmasının» araşdırılması ilə baglayırlar. Buraya qrup üzvlərinin dünyagörüşü, tələbatları, motivləri, maraqları və s.- nin oxşarlığı və yaxınlığını aid edir və bu cür oxşarlıq və yaxınlığın qrup üzvlərinin bir-birinə psixoloji cəhətdən uyuşmasına kömək etdiyini göstərirlər. Funksional psixoloji uyuşmaya gəldikdə burada idraki, emosional-iradi cəhətdən yaxınlıq, xüsusilə temperament və xarakter səviyyəsində uyuşma əsas götürülür. Həyati faktlar göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə uyğunsuzluğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji hadisələrin baş verməsinə, xüsusilə qrupda psixoloji iqlimin pozulmasına gətirib çıxarır. Hətta qrup üzvlərinin tək birində xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulmasına əsaslı təsir göstərə bilir. Psixoloji ədəbiyyatda qeyd olundugu kimi, qrup uyuşmasının adaptiv planda təhlili pozitiv şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasını nəzərdə tutur. Psixoloqlar qrup uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin etmək üçün işgüzar oyunlar metodundan geniş istifadə olunmasını məsləhət görürlər. Konformizm(və ya konformluq) fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşmasından ibarətdir. Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması, insanların öz davranışlarını dəyişmək meyli başa düşülür. Bu zaman istər-istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qrupun təzyiqinə məruz qalması baş verir. Şəxsiyyətin qrup «təzyiqinə», fikrinə tabe olması daxili və ya xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. Başqa sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xarici təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq mümkündür. Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir, bir növ neqativ mövqe tutur. Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «neqativizm» anlayışına sinonim, «konformluq» anlayışına antonimdir. Sosial psixologiyada «rəhbərlik» və «liderlik» anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm «rəhbər», həm də «lider» qrupa başçılıq edən adam kimi nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli, səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün üzvlərinin davranışına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi bacaran üzvlərindən biri kimi qeyd olunur. Qeyd olunanlardan göründüyü kimi, «rəhbər» və «lider» anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli cəhətlərinə gəldikdə, «rəhbər» rəsmi şəkildə təyin olunduğu halda, lider çox vaxt rəsmi şəkildə deyil, qrup üzvlərinin yüksək nüfuzunu qazanmaq ilə yaranır. Bir çox hallarda qrupun rəsmi rəhbəri qrup üzvlərinin nüfuzunu qazandığına görə eyni zamanda onun liderinə çevrilir. Belə olduqda həmin rəhbər rəsmi lider rolunu oynamaqla qrupun fəaliyyətini daha səmərəli şəkildə idarə etmək imkanına malik olur. Download 0.74 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling