Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
Elektronika elm, texnika və istehsalatın elektron cihaz və qurğularının
işlənməsi, hazırlanması və tətbiqi ilə məşğul olan sahəsidir. Elektronikanın elektron cihazlarının işlənməsi və hazırlanması ilə məşğul olan sahəsi fiziki elektronika, onların əsasında elektron qurğularının yaradılması ilə məşğul olan sahəsi isə sənaye (texniki) elektronikası adlanır. Müasir elektronikanın elektron vasitələrinin işlənməsi ilə məşğul olan sahəsi funksional elektronika adlanır və iki əsas hissəyə – analoq və rəqəm elektronikasına ayrılır. Analoq elektronikası fasiləsiz funksiya qanunu ilə dəyişən siqnalların çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs edən bölməyə deyilir. 10 Rəqəm elektronikası diskret funksiya qanunu ilə dəyişən siqnalların çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs edən bölməyə deyilir. Elektronika sənayesinin inkişafını iki istiqamətə – energetik (güc) və məlumat elektronikası istiqamətlərinə ayırmaq olar. Energetik elektronika elektroenergetika, metallurgiya və s. sənaye sahələrinin ehtiyacları üçün əsasən, sabit və dəyişən cərəyanın çevrilməsini təmin edən elektron vasitələrini əhatə edir. Məlumat elektronikası isə müxtəlif sənaye və elmi - tədqiqat sahələrinin avtomatlaşdırılmasını, müxtəlif proseslərin ölçülməsini, nəzarətini və idarə olunmasını təmin edən elektron vasitələrini əhatə edir. Elektron sənayesinin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. 1904-cü ildə ingilis alimi D. Fleminq ilk elektron lampasını – diodu, 1907-ci ildə amerikalı alim L.Forest dioda idarəedici tor əlavə edərək triod lampasını yaratmışdır. Triod lampası artıq elektrik rəqslərini generasiya etməyə və gücləndirməyə imkan verirdi. 1914-cü ildə Rusiyada N.D. Papaleksi ilk elektron lampasını yaratmağa nail olmuşdur. XX əsrin 30-cu illərində akademik A.F. İoffe tərəfindən yarımkeçirici materialların elektronikada istifadə oluna bilməsi imkanları tədqiq olunur. 1948- ci ildə Amerika alimləri tərəfindən ilk tranzistor yaradılır. Belə cihaz bir qədər sonra sovet alimi A.V. Krasilov tərəfindən yaradılır. Tranzistorun yaradılması elektronikanın sürətli inkişafına təkan vermişdir. Elektronikanın sonrakı inkişafı inteqral sxemlərin (İS) yaradılması ilə əlaqədardır. İS-lərin sənayedə istehsalı 60-cı illərin əvvəllərinə təsadüf edir. İS- lər, əsasən, məlumat elektronikasının sürətli inkişafına təkan vermiş, böyük və ifrat böyık İS-lər bu prosesi daha da sürətləndirmiş və artıq mikro-EHM-lərin əsas elementlərinə çevrilmişlər. Elektron qurğularının mikrominuatürləşdirilməsi, İS-lərin işlənib hazırlanması ilə məşğul olan elektronika sahəsi mikroelektronika adlanır. Hazırda İS-lər, o cümlədən, böyük və ifrat böyük İS-lər, həmçinin, diskret yarımkeçirici cihazların ayrı-ayrı növləri müasir elektron vasitələrinin element bazasının əsasını təşkil edirlər. Elektronikanın ən müasir sahəsi olan nanoelektronikanın yaranması və sürətli inkişafı yeni element bazasının və elektronika qurğularının işlənib hazırlanması sahəsində çox böyük perspektivlər açır. Nanoelektronika materiyanın çox kiçik ölçülərində (onlarla nanometr; 1nm = 10 -9 m) atom və molekulyar səviyyəsində dəyişdirilməsi ilə məşğul olan bir elmdir. Bu elm son zamanlar bərk cisimlər fizikasında, kvant elektronikasında, fiziki kimyada və 11 yarımkeçiricilər elektronikası texnologiyasında baş verən nailiyyətlərə əsaslanaraq formalaşmışdır. Elektronika inkişaf etdikcə yaradılan elektron qurğularının tətbiq sahələri daha da genişlənir. Praktiki olaraq hər bir mürəkkəb texniki sistem müxtəlif növ elektron qurğularından təşkil olunur. Elə bir texnoloji proses göstərmək olmaz kı, orada idarəetmə elektronika qurğularından istifadə etmədən həyata keçirilsin. Bu qurğuların effektiv və etibarlı fəaliyyəti onların sxemotexnikasından çox asılıdır. Hər hansı bir obyektin idarə olunması üçün nəzərdə tutulan sistemin misalında elektron qurğularının və onların sxemotexnikasının əhəmiyyətini nəzərdən keçirək. Müasir obyekti idarəetmə sistemində nəzarət olunan kəmiyyətlər haqqında informasiyaya malik olan analoq (kəsilməz) elektrik siqnalları uyğun vericilərlə hasil edilir. Bu siqnallar filtrasiya olunaraq, gücləndirilir və analoq-rəqəm çeviriciləri (ARÇ) vasitəsilə rəqəm formasına çevrilirlər. Sonra bu informasiya kompüter ilə qarşılıqlı əlaqədə olan mikroprosessorlu blok vasitəsilə emal edilir. Mikroprosessorlu blok vasitəsilə formalaşmış rəqəmli idarəetmə siqnalları rəqəm-analoq çeviriciləri (RAÇ) vasitəsilə analoq formaya çevrilirlər, gücləndirilirlər və birbaşa idarə olunan obyektə təsir edən icraedici qurğuları idarəedən güc elementlərinə verilirlər. Göründüyü kimi belə sistemin tərkibində analoq siqnalları ilə işləyən elektron qurğuları (süzgəclər, gücləndiricilər, güc elektron qurğuları), rəqəm siqnallarını emal edən qurğular (mikroprosessor bloku, kompüter), həmçinin, analoq siqnalını rəqəm siqnalına və əksinə çevirən qurğular var. Ona görə də bu sistemin xarakteristikası onun tərkibindəki elektron qurğularının növü, sxemotexniki yerinə yetirilmə variantı və bu qurğuların təşkil olunduqları elementlərin xarakteristikaları ilə müəyyən olunur. Sxemotexnikanın əsas sahəsi, elektron qurğularının sxemotexniki həlləri ilə məşğul olan elektron sxemotexnikasıdır. Ona görə də dərslikdə elektron qurğularının element bazasına, geniş tətbiq olunan analoq, impuls və rəqəm qurğularının, ARÇ və RAÇ-ların, onların qida mənbələrinin sxemotexnikasına geniş yer verilmişdir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling